Deputat: Ermənistanda kilsə siyasətin bir parçasıdır

Qareginin müraciətində yenidən erməniləri revanşizmə çağırması təəccüblü deyil


  Bütün ermənilərin katolikosu II Qaregin İrəvanın əsas kilsəsində keçirilən mərasimdə növbəti dəfə qondarma “Artsax”dan danışıb. Katolikos bəyan edib ki, “Artsax” ermənilər üçün heç vaxt keçmişə çevrilməyəcək. Qarabağın itirilməsini həzm edə bilməyən katalikos “Artsax” separatçılarına qarşı keçirilən antiterror tədbirləri zamanı onların tək qaldığını xatırladıb. O, “Artsax erməniləri”nin hazırda sərgərdan durumda qaldıqlarını vurğulayıb və erməni diasporunu Azərbaycana qarşı birləşməyə çağırıb: “Artsax” bizim üçün heç vaxt keçmişə çevrilməyəcək, biz onu bundan sonra da qəlbimizdə və ruhumuzda yaşadacağıq, “Artsax xalqı”nın hüquqlarını qorumaq üçün hər cür səy göstərəcəyik”. II Qaregin bu çıxışla bir daha erməni terroru və separatizminin mənbəyinin kilsə olduğunu sübut edib. Lakin maraqlı məqam odur ki, erməni Qriqoryan kilsəsinin rəhbərinin müraciəti Ermənistanın İctimai Televiziyasında yayımlanmayıb. Paşinyan hökumətinin qərarı ilə buna qadağa qoyulduğu deyilib. Çünki belə bir müraciətin İctimai Televiziyada yayımlanması rəsmi İrəvanın Bakı ilə sülh danışıqlarına ziddir. Qareginə qadağanın qoyulmasından sonra Ermənistan İctimai TV-nin qarşısında “xəcalət” və “TRT1” sözləri yazılıb. Etiraz məqsədilə yazılan bu sözlər Paşinyan hakimiyyətinə qarşı 44 günlük müharibədən sonra daim səslənən “türk” ittihamına bənzəyir. Məsələ ondadır ki, bu, Ermənistanın müstəqilliyindən bəri baş verən ilk hadisədir. Paşinyan hakimiyyəti ilə erməni kilsəsi arasında qarşıdurma var idi. Buna rəğmən, 44 günlük müharibədən sonra belə Qareginin müraciətləri İctimai TV-də yayımlanırdı. Ancaq indi buna qadağa qoyulması Bakı ilə sülh prosesinə problem yarada biləcəyindən qaynaqlanır. 

  Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, erməni kilsəsi bütövlükdə Ermənistan cəmiyyətində özünün radikal mövqeyi ilə seçilib. Deputatın sözlərinə görə, Ermənistanda kilsə də siyasətin bir parçasıdır: 

"Erməni kilsəsi milli identifikasiyanın əsas platformasıdır. Yəni ermənilərdə milli ortaq identifikasiyanı yaradan əsas faktor kilsədir. Biz 30 illik işğal dövründən, 44 günlük müharibə təcrübəmizdən də bilirik ki, özlərini "din xadimi" adlandıran "erməni möminləri" əllərində silah Azərbaycana qarşı torpaqlarımızın işğal edilməsində iştirak ediblər. Bununla nəinki möminliyə, bütövlükdə insanlığa yaraşmayan hərəkətlərə, cinayətlərə yol veriblər. Ona görə də Qareginin müraciətində yenidən erməniləri revanşizmə çağırması təəccüblü deyil. Ən azından Azərbaycanda buna heç kəs təəccüblənmir. Ermənistanın hökumət televiziyasının mövqeyinə gəldikdə isə düşünürəm ki, bu, təqdir olunmalı hadisədir. Nəticə etibarilə sülhü regionda bərqərar edəcək subyekt, iradə, şübhəsiz ki, siyasətdir, siyasi iradədir. Sülhün Ermənistan üçün nə qədər vacib olduğunu siyasətçilərdən daha aydın görən, dərk edən yoxdur. Hərçənd, burada da bir təzad var. Çünki sülhün öndərləri ilk növbədə inanc, mənəviyyat adamları, din xadimləri olmalıdır. Amma Ermənistanda bunun əksini görürük. O baxımdan belə radikal müraciətin yayılmasına mane olunması Paşinyan hökumətinin sülhlə bağlı mövqeyində iradə nümayiş etdirməsi kimi qiymətləndirilməlidir. Görünür, Paşinyan prosesdə Ermənistan əhalisinin sülh istəyini də nəzərə alaraq bu cür yanaşma nümayiş etdirir. Ermənistanda 3 il əvvəlki radikal, revanşist meyillər yavaş-yavaş geriləmə mərhələsinə qədəm qoyub. Kilsənin narahatlığı da məhz bundan qaynaqlanır. Kilsə tarix boyu özünü Ermənistan dövlətinin və erməni ortaq identikliyinin əsas təminatçısı qismində görüb. Bu isə şübhəsiz ki, sülhə mane olur".