Tural Abbaslı: “AKP İstanbulu, Ankaranı, hətta Konyanı götürəcək”

Tural Abbaslı: “CHP-ni təmsil edən bələdiyyə sədrləri gözləntiləri doğrulda bilmədi”

“Seçicilər CHP-nin namizədlərinə səs verdiklərinə peşman oldular. Bu da hakim AKP-nin böyük şəhərlərdə bələdiyyəni qazanmaq şansını artırır”


  Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər bu il martın 31-də keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkiləri ilə bağlı hakim Ədalət və İnkişaf Partiyasının İstanbul başda olmaqla 26 ildəki namizədlərini açıqlayıb. AKP-nin İstanbul bələdiyyə sədrliyinə namizədi millət vəkili Murat Kurumdur. Murat Kurum Ankaranın Çankaya rayonunda məmur ailəsində anadan olub. Murat Kurum əvvəlcə Səlcuq Universitetinin Qida sənayesi fakültəsinə daxil olsa da, 1995-ci ildə yenidən imtahan verərək İnşaat mühəndisliyi fakültəsinə daxil olub. 2018-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən ətraf mühit və şəhərsalma naziri təyin edilir. Nazirlik fəaliyyəti dövründə “yeni bir şəhərçilik” anlayışı ilə fəaliyyətə başlayan Murat Kurum aztəminatlı ailələrin də ev sahibi olmalarını asanlaşdırmaq məqsədilə sosial mənzil kampaniyaları başladıb. 14 may 2023-cü il seçkilərinə AKP siyahısından qatılan Murat Kurum İstanbuldan millət vəkili seçilib. AKP-nin namizədinin seçkilərdəki əsas rəqibinin müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP), İstanbulun hazırkı bələdiyyə sədri Əkrəm İmamoğlu olacağı gözlənilir. Hakim partiyanın Ankara namizədi yanvarın 15-də açıqlanacaq. Mərkəzi Seçki Komissiyasının sədri Əhməd Yenər bildirib ki, 36 siyasi partiya seçkilərdə iştirak etmək hüququ əldə edib. Türkiyədə İYİ Partiyanın yerli seçkilərdə ittifaqsız və təkbaşına iştirak hazırlıqları da davam edir. Bu günə kimi 4 böyük şəhər bələdiyyəsinin namizədləri ictimaiyyətə təqdim olunub. İstanbul və Ankarada hələ də namizədlər məlum deyil. Məlumata görə, partiya funksionerləri 31 martda keçirilməsi nəzərdə tutulan seçkilər üçün namizədlərin müəyyənləşdirilməsi məqsədilə sahə araşdırmaları və yerli təşkilatlarla müzakirələr kimi fəaliyyət istiqamətləri seçiblər.
 
 AĞ Partiyanın sədri Tural Abbaslı "Sherg.az"a deyib ki, Türkiyədəki seçkilər daha maraqlı, ajiotajlı cərəyan edir. Partiya rəhbəri bildirib ki, Türkiyə seçki sistemi və dəyişikliyin seçki ilə mümkünlüyü artıq sübut olunub: 
"İstər bələdiyyə, yaxud parlament, istərsə də prezident seçkisinə Türkiyə ictimaiyyətində çox ciddi yanaşılır. Seçkilər yarış əhval-ruhiyyəsində keçir. Bu amil iqtidardakı partiyanı daim aktiv vəziyyətdə saxlayır. Eyni zamanda müxalifətin də öz üzərində mütəmadi işləməsinə şərait yaradır. Azərbaycanda isə mühit fərqlidir. Hesab edirəm ki, Türkiyədə martın 31-də keçiriləcək bələdiyyə seçkilərində AKP-MHP ittifaqı CHP və müttəfiqlərinə qalib gələcək. Ümumi anlamda AKP bələdiyyə seçkilərində digər partiyaları üstələyir. Sadəcə, böyük şəhərlərdə bələdiyyələri qazana bilmirlər. Buna baxmayaraq, böyük şəhərlərdə bələdiyyə məclislərində çoxluq AKP-də olur. Məsələn, İstanbul bələdiyyə başçısı Əkrəm İmamoğlu olsa da, məclisdə üstünlük AKP-dədir". 

  T.Abbaslı vurğulayıb ki, sonuncu prezident seçkisindən sonra "altılı masa" adlanan müxalifət düşərgəsində ciddi qarşıdurma və siyasi çəkişmələr yaşandı: 
""Altılı masa"da təmsil olunan partiyaların PKK-nın siyasi qanadı sayılan təşkilatlarla sıx əməkdaşlığı, Vətənə xəyanətə görə həbs olunanlara azadlıq tələb edilməsi və s. amillər müxalif cəbhənin səs itirməsinə, etimadın zəifləməsinə səbəb oldu. Həmçinin CHP-nin daxilində gərginlik baş verdi, qurultayla yeni sədr seçildi, ancaq yeni sədrlə bağlı da neqativ xəbərlər yayılmağa başladı. Türkiyə ictimaiyyəti baş verənləri diqqətlə izləyir, xüsusən, terrorçularla əməkdaşlıq edənləri heç vaxt bağışlamır. Müxalifət tərəfdə yaşananlar böyük şəhərlərdə hakim partiya ilə aradakı səs fərqini aradan qaldıra bilər. Onu da nəzərə alaq ki, həm İstanbulda, həm də Ankarada CHP-ni təmsil edən bələdiyyə sədrləri gözləntiləri doğrulda bilmədi. Seçicilər CHP-nin namizədlərinə səs verdiklərinə peşman oldular. Bu da hakim AKP-nin böyük şəhərlərdə bələdiyyəni qazanmaq şansını artırır. Eyni zamanda Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra iqtidarın özünü aparması və sonrasında atdığı addımlar da AKP-yə kifayət qədər dividend qazandırdı. İnanıram ki, İstanbulu, Ankaranı, hətta Konyanı, Hatayı belə AKP götürsün. İzmir barədə isə bunu söyləmək bir az çətindir, çünki İzmirdə CHP-nin sümükləşmiş elektoratı var. İzmirlilər namizədlərə səsi rasional analizlə deyil, təəssübkeşliklə verirlər".