Namizədlərin sayının çoxluğunda problem yoxdur
“Ola bilər aralarında cəmiyyətin onlara münasibətini yoxlamaq istəyənlər də var. Hətta özünün reklamı ilə məşğul olmaq istəyənlərin olması da mümkündür”
7 fevral 2024-cü ilə təyin edilən növbədənkənar prezident seçkisi üçün qeydə alınan namizədlərin təbliğat kampaniyası 15 yanvarda başlayacaq. Bu barədə məlumat MSK-nın dərc etdiyi Növbədənkənar prezident seçkiləri ilə bağlı Təqvim Planında əks olunub. Təbliğat kampaniyası seçki gününə 24 saat qalmış - 6 fevral saat 8:00-da dayandırılacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, növbədənkənar prezident seçkiləri ilə əlaqədar azad edilmiş ərazilərdə məntəqə seçki komissiyaları artıq formalaşdırılıb. MSK sədri bildirib ki, ilk olaraq həmin seçki məntəqələri lazımi avadanlıqlarla təchiz edilib: "Artıq orada işlər demək olar ki, tamamlanıb. Orada görülən işlər digər bölgələrdəki seçki məntəqələrinə də nümunə ola bilər. Proseslə bağlı da işləri siz oradan işıqlandıra bilərsiniz". MSK sədrinin müavini Rövzət Qasımov isə bildirib ki, Azərbaycanda 6 milyon 300 mindən artıq seçici bizim seçicilər siyahımızdadır. O qeyd edib ki, seçici məlumatlarının yoxlanması üçün təqdim olunan imkanlar seçici sayının daha da artmasına rəvac verəcək: "Beləliklə, arzuladığımız kimi mükəmməl olmasa da, mükəmmələ yaxın seçici siyahılarımız olacaq".
Qeyd edək ki, MSK qeydə alınan namizədlərin siyahısını ən geci 18 yanvara qədər dərc etməlidir. İndiyə qədər yalnız 3 namizəd – İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin namizədliyi qeydə alınıb. Ümumilikdə 17 nəfər namizədliyini irəli sürüb.
Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən namizədlərin çoxluğu şərti məsələdir. Analitikin fikrincə, namizədlərin sayının çoxluğunda problem yoxdur:
"Bu, demokratik mühitin olmasına dəlalət edir. Qeydə alınan, yaxud alınacaq namizədlər öz güclərinə inanır və bu yükün altına girmək istəyirlər. Ola bilər aralarında cəmiyyətin onlara münasibətini yoxlamaq istəyənlər də var. Hətta özünün reklamı ilə məşğul olmaq istəyənlərin olması da mümkündür. Amma namizədliyi qeydə alınanlar seçkinin mahiyyətini və ciddiliyini anlayırlar. Təbii ki, favorit namizədin olduğu bir şəraitdə digər namizədlərin qalib gəlməsi mümkünsüz olur. Amma bu fakt seçkidə iştirak etmək üçün mane deyil. Əksinə, daha güclü namizədlə yarışmağın özü çətinliklərdən çəkinməməyin əlamətidir. Seçkidə iştirak namizədlərin öz fikirlərini xalqa çatdırması, gələcək planları barədə məlumat verməsi üçün də yaxşı arenadır. Hər bir namizədin seçki platformasındakı fikir və təklifləri seçilən prezident üçün də prioritet ola bilər. Hesab edirəm ki, bu seçkidə qazanan Azərbaycan xalqı olacaq".