Co Bayden və ABŞ dövlət katibi Antoni Blinken sanki BMT-nin varlığını unudublar
ABŞ prezidentləri və dövlət katibləri özlərini reallıq hissini itirmiş və zamanın axarından geridə qalmış şəxslər kimi aparır. Onlara elə gəlir ki, ABŞ-nin dünyada təkbaşına, şəriksiz ağalıq dövrü hələ də davam etməkdədir və Birləşmiş Ştatlar özünü dünya jandarmı kimi, hegemon kimi aparmaq ixtiyarına sahibdir. Məhz bu cür yanlış düşüncənin, məsuliyyətsiz xarici siyasətin nəticəsidir ki, ABŞ Dövlət Departamenti özünün köhnə “ənənə”sinə uyğun olaraq hələ də insan haqları, mətbuat azadlığı, din azadlığı və sair məsələlərlə bağlı illik hesabatlar dərc edir. Sırf ABŞ-nin geosiyasi maraqlarına uyğun olaraq bu və ya digər ölkənin adını hansısa “qara siyahı”lara salır, “şər oxu”na daxil edir.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Sherg.az"a bildirib ki, Ağ Evin xarici siyasətini müəyyənləşdirənlər bu və ya digər ölkələrə sanksiyalar tətbiq etməklə rəsmən dünyanın ağası rolunda çıxış etməyə can atırlar. Onun sözlərinə görə, Prezident Co Bayden və ABŞ dövlət katibi Antoni Blinken sanki BMT-nin varlığını unudublar:
"Onlar Birləşmiş Millətlər Təşkilatının səlahiyyətlərini mənimsəyərək, onun əvəzindən ayrı-ayrı ölkələrə qarşı ultimatum dili ilə danışırlar. Antoni Blinkenin Çin, Rusiya, Səudiyyə Ərəbistanı və digər ölkələrlə bərabər Azərbaycanın da adını din azadlığının və dindarlara qarşı dözümlülüyün pozulduğu ölkələrin siyahısına daxil etməsi ABŞ-nin hegemonluq siyasətinin tərkib hissəsidir. Maraqlıdır, görəsən, ABŞ-yə bu və ya digər ölkədə din azadlıqlarına dair vəziyyətin monitorinqini aparmaq səlahiyyətini, dünyada din azadlığının durumu ilə bağlı illik hesabatlar, “qara siyahı”lar hazırlamaq ixtiyarını kim verib? Bəlkə BMT bu ölkəni beynəlxalq arbitr təyin edib? Xeyr, dünya birliyi qeyd etdiyimiz məsələlərlə bağlı Birləşmiş Ştatlara heç bir səlahiyyət verməyib. ABŞ bu səlahiyyəti heç kimin razılığı olmadan mənimsəyib. 1998-ci ildə ABŞ Konqresi “Beynəlxalq din azadlığı haqqında” qanun qəbul etməklə Dövlət Departamentinə bu və digər ölkənin daxili işlərinə, dini durumuna burun soxmaq ixtiyarı verib. Antoni Blinken də məhz həmin qanuna istinad edərək əsl amerikansayağı riyakarlıqla iddia edir ki, dünyada din və əqidə azadlığının təbliğ və təşviq edilməsi ABŞ-nin xarici siyasətinin əsas prioritetlərindən, vəzifələrindən biri sayılır".
Ə.Hüseynov vurğulayıb ki, ABŞ ayrı-ayrı ölkələrə dini siyasətlə bağlı dərs keçməyə çalışır:
"Lakin əsl həqiqətdə isə Antoni Blinkenin təqdim etdiyi hesabatların, siyahıların əsas məqsədi hər hansı bir ölkədə dini etiqad azadlığı ilə bağlı durumun yaxşılaşdırılması, pozuntuların qarşısının alınması deyil. Ağ Ev sadəcə olaraq sözügedən hesabatlardan və siyahılardan müxtəlif ölkələrə qarşı siyasi təzyiq, şantaj vasitəsi kimi istifadə edir. ABŞ-nin özündə dini azadlıqlarla bağlı çoxlu problemlərin olduğu bir dövrdə bu ölkənin dövlət katibinin Azərbaycanı və bir çox başqa ölkələri bu azadlıqların pozulmasında ittiham etməsi absurddur. Bu baxımdan Blinkenin addımı həm təəssüf hissi, həm də acı gülüş doğurur. Müsəlman amerikalılara qarşı çoxlu məhdudiyyətlərin tətbiq olunduğu, diskriminasiyaların baş verdiyi bir ölkənin xarici siyasət idarəsinin rəhbərinin Azərbaycanda və digər müsəlman ölkələrində din azadlğının durumu ilə bağlı fikir səsləndirməyə mənəvi ixtiyarı yoxdur. Ümumiyyətlə, ABŞ özünü dünya jandarmı kimi aparmaq siyasətinə son qoymalıdır".