Tofiq Zülfüqarov: Nikol Paşinyan reallığı başa düşür

Tərəflər müəyyən redaktələrlə sülh sazişinə imza atmağa hazırlaşırlar

“Baş nazir anlayır ki, Azərbaycanla sərhəd məsələsini ancaq danışıqlar yolu ilə həll etmək lazımdır”



  Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərində müəyyən irəliləyiş var. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. O bununla yanaşı, bəzi təkliflər üzrə geriləmə olduğunu da söyləyib. Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə bildirib ki, yanvarın 4-də İrəvan Bakıya Ermənistanla Azərbaycan arasındakı sülh müqaviləsi ilə bağlı əlavə təkliflər təqdim edib. Onun sözlərinə görə, hələlik rəsmi Bakı bununla bağlı mövqe bildirməyib. A.Qriqoryan həmçinin əlavə edib ki, yanvarın sonunda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası olacaq. Məlumat üçün bildirək ki, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin iştirakı ilə görüş 2023-cü ilin noyabrın 30-da baş tutub. Analitiklərin qənaətincə, təmaslar və müzakirələr intensiv hal alarsa, yaxın dönəmdə İrəvan-Bakı arasında sülh sazişinin imzalanması reallaşar. 

  Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına qiymət vermək üçün bir məsələni dəqiqləşdirməliyik. Keçmiş XİN başçısı bildirib ki, tərəflər arasında müzakirə mövzusu sülhün çərçivə sazişidir. Onun sözlərinə görə, imzalanacaq sülh sənədində, onun hansısa bəndində hər hansı mübahisəli məsələnin tamamilə əks olunmasını və həllini gözləmək əsassızdır: 
"Müzakirə predmeti olan sülh müqaviləsi sənədi postkonflikt dövrünə aid tərəflərin bu və ya digər prinsiplər əsasında danışıqlar aparmasını nəzərdə tutan bir bəyanatdır. Çərçivə sənədində Azərbaycan və Ermənistan sərhədlərinə aid əsas prinsip kimi bir bənd yer alacaq. Yəni tərəflər qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq, ona hörmətlə yanaşmaq öhdəliklərini üzərlərinə götürürlər. Amma ərazi bütövlüyü hansı sərhədlər çərçivəsində tanınacaq? Söhbət ondan gedir ki, hələlik tərəflər arasında müəyyənləşmiş sərhədlər yoxdur. Ona görə də nəzərdə tutulub ki, çərçivə sənədində ayrıca yer alacaq sərhədlərlə bağlı bəndin müzakirələri sonrakı dövrlərdə davam etdirilsin. Sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyalar işi ardıcıl davam etdirəcəklər. O cümlədən kommunikasiyaların bərpası, yaxud digər humanitar məsələlər də təməl prinsip kimi sülh mətnində əks olunacaq. Tərəflər ikisi də vurğulayır ki, kommunikasiyalar açılmalı, ikitərəfli və regional əməkdaşlıq qurulmalıdır. Bunun hansı formada, necə bir ardıcıllıqla gedəcəyi ilə bağlı danışıq və müzakirələr davam etdiriləcək. Əslində danışıqlar gedir. Baş nazirlərin müavinləri səviyyəsində mütəmadi görüşlər olur. Tərəflər arasında müzakirə olunacaq başqa məqamlar da var. Məsələn, işğal dövründə vurulmuş ziyana görə təzminatın ödənilməsi, hərbi cinayətkarların məsuliyyətə cəlb olunması kimi məsələlər də gündəmdədir. Başa düşməliyik ki, sülh prosesinin əsasını qoyan və 5 əsas prinsipi irəli sürən tərəf Azərbaycandır. Sazişdə bu və ya digər dəyişikliklərlə həmin prinsiplər öz əksini tapacaq. Amma praktiki danışıqlar ondan sonra başlayacaq. Hazırda proses o mərhələdədir ki, tərəflər müəyyən redaktələrlə sülh sazişinə imza atmağa hazırlaşırlar".

  T.Zülfüqarov vurğulayıb ki, Ermənistanın taktikası ondan ibarət idi ki, sülh danışıqlarında hansısa yeni kənar vasitəçi olsun. Azərbaycan isə birbaşa müzakirələrin tərəfdarı kimi çıxış edir. Təklif edir ki, tərəflər arasında danışıqlar hansısa ölkənin paytaxtında yox, elə sərhədlərdə getsin: 
"Ötən ilin sonunda ilk dəfə olaraq ikitərəfli təmaslar baş tutdu və müəyyən nəticələr verdi. Rəsmi Bakının mövqeyi öz maraqları naminə vasitəçilik arzusunda olan qüvvələri kənarda saxlayır. Ermənistan isə ona görə vasitəçilərin prosesə girməsini istəyir ki, beynəlxalq hüquqa uyğun olmayan əsassız və ədalətsiz tələbləri dəstək qazansın. Fransa və digər dövlətləri məhz bu məqsədlə danışıqlara gətirməyə çalışırlar. Şərti sərhədlərdən qoşunların qarşılıqlı olaraq, yəni "güzgü" prinsipi ilə geri çəkilməsi məsələsinin gündəmə gətirilməsi də bundan xəbər verir. Göstərməyə çalışırlar ki, guya, ermənilər "təhlükə" altındadır. Azərbaycan Ordusunun Göyçəyə, Zod yatağına girməsi barədə yalan xəbəri tirajlamaqla, bizim ərazi iddiasında olduğumuzu göstərmək istəyirlər. Birincisi, ərazi iddialarından o zaman danışmaq olar ki, tərəflər arasında sərhədlər konkret müəyyənləşsin. Delimitasiya və demarkasiya olunmuş sərhəd yoxdursa, hansı ərazi iddiasından söhbət gedir? Sərhədlərin dəqiqləşməsi ilə bağlı sonrakı müzakirələrdə təhlükəsizlik məsələsi də diqqətdə olacaq. Paşinyanın özündən "bizim ərazimiz 29-30 min kv.km.dir" deməsi ilə sərhəd müəyyənləşmir ki?! Bu, Paşinyanın şəxsi baxışıdır. Ermənistan rəhbərliyi 3 ildə 4-5 variantı gündəmə gətirib. İrəvan hökumətinin başçısı 1975-ci ilin xəritələrindən danışır, ardınca Fransa rəhbəri E.Makron da bunu dəstəkləyir. Halbuki sərhəd mövzusu iki ölkə arasında müzakirə olunmalıdır. Makronun sərhədlərimizlə bağlı rəyi, Rusiyanın Baş Qərargahında mövcud olan xəritələrə istinad edilməsinə çağırışı qəbuledilməzdir. Ermənistan öz mövqeyini təbliğ edir, ona uyğun olaraq da zaman-zaman həqiqəti əks etdirməyən informasiyaları məqsədli şəkildə tirajlayır". 

  Həmsöhbətimiz diqqətə çatdırıb ki, Ermənistan Baş naziri Nikol Paşinyan reallığı daha yaxşı başa düşür. Anlayır ki, Azərbaycanla sərhəd məsələsini ancaq danışıqlar yolu ilə həll etmək lazımdır: 
"Artıq bu proses gedir. Paşinyan özü sərhədlərin 1975-ci ilin xəritəsinə əsasən müəyyənləşməsi məsələsini gündəmə gətirib. Erməni mediasının "Azərbaycan Ordusu Zod yatağına girdi" iddiaları isə cəfəngiyyatdır. Azərbaycan və Ermənistan arasında müəyyənləşmiş sərhəd yoxdur. Müharibə rəsmən başa çatmayıb, sülh sazişi imzalanmayıb. Hələ də bu və ya digər şəkildə gərginlik hökm sürür. Azərbaycan Ordusunu Göyçəyə, Zod yatağına "girməkdə" ittiham edən erməni tərəfi Xankəndidə ötən ilin sentyabrına kimi 8 min hərbçini torpaqlarımızda niyə saxlayırdı?! Adını uydurma "Artsax ordusu" qoymuşdular, amma bəlli idi ki, onlar Ermənistan büdcəsindən maliyyələşən erməni silahlı qüvvələri idi. Həmin bölgədə hələ də nə qədər silah-sursat aşkarlanır. Onlar Xankəndidə istehsal olunmurdu, hamısı Ermənistandan gətirilmişdi. Yəni münaqişənin hərbi fazası bitsə də, qarşıdurma bitməyib. Sərhədlərin müəyyən olunmasınadək erməni tərəfi öz təbliğat üsullarını işə salacaq, uydurma məlumatları tirajlayacaq".