Seçki qutusundan ikinci kim çıxacaq? – Mübarizə başlayır

7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyi qeydə alınan şəxslər açıqlandı. Bununla belə ictimaiyyətdə belə bir fikir var ki, İlham Əliyevin yüksək olan reytinqi qarşısında ona qalib gələ bilmək mümkünsüzdür. Bəzi namizədlər də bunu etiraf edir. Bu baxımdan seçkidə ikinci yer uğrunda ciddi mübarizənin gedəcəyi güman edilir. Siyasi ənənəyə görə seçkidə ikinci yeri tutan partiya və onun lideri avtomatik ana müxalifət lideri statusu qazanmış olur. 

Maraqlıdır, seçkidə ikinci yer olacaq partiya lideri bu statusunu qəbul edəcək? İkinci yer hansı namizəddə ola bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa deyib ki, seçkilər nəticəsində ana müxalifətin müəyyənləşməsi yanlış təsəvvürdür:

“Bu yalnız parlament seçkiləri ilə müəyyən oluna bilər. Sonuncu parlament seçkilərindən sonra bu status Vətəndaş Həmrəyliyi Partiyasına məxsusdur. Hazırda bu partiya parlamentdə üç yer ilə təmsil olunur. Yəni bu məsələdə söhbət şəxsdən deyil, partiyadan gedir.

Seçkilərdə hansı yer uğrunda mübarizəyə gəldikdə isə şəxsən mənim üçün bu aktual deyil. Öz düşüncələrimizin Azərbaycan cəmiyyətində qəbul olunması üçün iştirak etməyi düşünürük. Nəticəni seçicilər müəyyən edəcək.

Seçki prosesində müəyyən favoritlik, resurs fərqi kimi məsələlərin müzakirəsinin tərəfdarı deyiləm. Təşviqat kampaniyası başalayandan sonra bu kimi məsələlər özünü büruzə verir. Ümumiyyətlə isə mübarizə hansısa yer uğurda deyil, düşüncələrin Azərbaycan cəmiyyətində yer alması uğrunda olmalıdır”.

BAXCP-nin prezidentliyə namizədi Qüdrət Həsənquliyevin müavini Niyaməddin Orduxanlı isə deyib ki, biz bütün gücümüzlə çalışacağıq ki, BAXCP-nin namizədi hörmətli Qüdrət Həsənquliyev birinci olsun:

“BAXCP ikinci olmaq üçün seçkiyə qatılmayıb. Düzdür, BAXCP olaraq əvvəlki seçkiləri uduzmuşuq, amma siyasi partiya olaraq ölkənin ictimai-siyasi həyatında yerimizi qoruyub saxlamışıq. Digər sağlam siyasi qüvvələrlə birlikdə şərbaz, tərbiyəsiz, qisas almaq üçün hakimiyyətə can atan mənsəbpərəst, ikiüzlü, hazırlıqsız, xarici ermənipərəst dairələrin əlində alət olan şəxslərin hakimiyyətə gəlişinin qarşısını almışıq, bu işə töhfə vermişik. Təsəllimiz budur. Bunun özü belə siyasi baxımdan çox da hazırlıqlı olmayan cəmiyyətdə böyük uğurdur. Əvvəlki seçkilərin nəticələrini təhlil etsəniz görərsiniz ki, insanlar əsasən ya iqtidarın namizədinə, ya da onu ağır ittiham edənlərə səs verir. Kim hansı platforma ilə çıxış edir, hansı müddətə nələri edəcək, vəziyyəti yaxşıya doğru necə dəyişəcək – bu məsələlərə əhəmiyyət verən çox azdır.

Niyaməddin Orduxanlı: “Milli Şuranın boykot qərarının heç bir əhəmiyyəti  yoxdur”

Bir də ki, kimin seçilməsindən asılı olmayaraq, ölkəmizdə islahatlar qaçılmazdır. Əks halda, ciddi problemlərlə üz-üzə qalacağıq. Devalvasiya və inflyasiyadan yayınmaq mümkün olmayacaq. Ölkəmizdə sosial və ardınca siyasi gərginlik yaşanacaq. Sanki bizim alnımıza enerji satmaqla yaşamaq yazılıb. Əvvəl neft-qaz satırdıq, indi yaşıl enerji satmağı, yollar çəkib yük daşımaqla pul qazanmağı düşünürük. Bunları təqdir edirik, amma yetərli deyil. Ölkədə müasir texnologiya əsasında yüngül və ağır sənaye, maşınqayırma, kimya və emal sənayesi, kənd təsərrüfatı inkişaf etdirilməli, əlverişli biznes mühiti yaradılmalı, investisiya cəlb olunmalı, iqtisadi azadlıqlar, mülkiyyət toxunulmazlığı birmənalı həllini tapmalıdır. İndi əsas məsələ bu islahatları kimin, hansı uğurla və hansı müddətə həyata keçirməsidir. Xalqı bizim platformanı müdafiə etməyə çağıracağıq. Xalqı inandırmağa çalışacağıq ki, biz islahatları daha yaxşı, böyük sarsıntılarsız və qısa müddətə həyat keçirə bilərik. Həmçinin də biz bilirik ki, çox güclü namizəd İlham Əliyevlə mübarizə aparacağıq”.

Siyasi Texnologiyalar Mərkəzinin prezidenti, seçki üzrə mütəxəssis Vəli Əlibəyovun sözlərinə görə, “Ana müxalifət” termini Azərbaycan siyasətinə naşılar tərəfindən vaxtilə gətirilib və məqsədləri özlərini başqalarından fərqləndirmək idi:

“Politologiyada belə bir termin yoxdur. O baxımdan, mən də məsələni fərqli prizmadan şərh etməyin tərəfdarıyam. Bəli, 7 fevralda keçiriləcək seçkilərə qatılan namizədlər İlham Əliyevə qalib gələ bilməyəcəklərinin fərqindədirlər. Əsas mübarizə də ikincilik uğrunda olacaq. İkinci yeri hakimiyyətə müxalifətdə olmayan şəxs də tuta bilər. Məsələn, Zahid Oruc.

İkinci yeri tutmağı bacaran şəxs yaxşı komandaya, maliyyə və digər resurslara malik olduğunu nümayiş etdirəcək. Bu şəxs siyasi səhnədə öz yerini daha da möhkəmləndirəcək, özü ilə hesablaşmağa məcbur edəcək. Və növbəti seçkilər üçün daha uğurlu təcrübə qazanacaq”.