Gümrüdən qoşunların çıxarılması həm Moskva, həm də İrəvan üçün sərfəli deyil -ANALİZ

Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasından söhbət gedə bilməz.
 Bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib.
“Belə siqnallardan xəbərim yoxdur. Ermənistanın verdiyi rəsmi bəyanatları rəhbər tuturam, xüsusən də bazanın çıxarılmasından söhbət gedə bilməz. Rusiya tərəfdən də belə siqnallar olmayıb”, - o bildirib.

Siyasi şərhçi Elmir Səftərov Sergey Kopırkinin sözlərini "Sherg.az"a şəhr edərkən bildirib ki, İkinci Qarabağ müharibəsindən və ondan sonrakı silahlı qarşıdurmaların ardınca Moskvanın müttəfiqlik öhdəliklərini yerinə yetirməməsi ilə bağlı məsələlər Ermənistanın ən yüksək siyasi dairələri səviyyəsində müzakirə mövzusu olsa da, Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsi rəsmi olaraq ortaya atılmadı:
 "Amma bu məsələ Ermənistan hökuməti və ictimaiyyəti arasında Rusiya ilə bağlı çox ciddi suallar yaratdı. Ötən illərdə Qərb tərəfindən Ermənistanın Azərbaycanla şərti sərhəddəki təxribatlara cəlb edilməsinə paralel olaraq isə Avropa ölkələri Ermənistanı öz ərazisindəki Rusiya hərbi bazasından xilas olmağa inandırmağa çalışırdı. Çünki Qərb bir tərəfdə İrəvanı hərbi təxribatlara həvəsləndirdi, bir tərəfdən də Rusiyanın Ermənistanla müttəfiq olmasına baxmayaraq, ona yardım etməməsini İrəvana xatırlatdı. Beləliklə, hazırda Ermənistanı fəal şəkildə “müdafiə edən” Qərb dövlətləri Rusiyanı effektsiz və faydasız göstərmək üçün bu cür fəndlərdən istifadə etməkdədir". 

Politoloq Ermənistanın təxribatları səbəbindən başlayan heç bir qarşıdurmanın İrəvanın xeyrinə bitmədiyini söyləyib:
"Bu da aşkar şəkildə Nikol Paşinyanın Rusiyaya alternativ müttəfiqlər axtarmağa çalışmasına bir bəhanə oldu. Ermənistan, həmçinin açıq şəkildə bildirir ki, Rusiya hərbi bazasının olmasından heç bir fayda görmür. Amma bu təbliğat Rusiya hərbçilərinin Ermənistandan tezliklə çıxarılacağını göstərməsə də, gələcək proseslər üçün zəmin hazırlandığını deməyə əsas verir. Rəsmi İrəvan onu da nəzərə alır ki, Rusiya ilə hərbi əməkdaşlığı pozarsa, bu, Ermənistan üçün təhlükəsizliyə təhdid yarada bilər. Rusiya və Ermənistan anlayır ki, Gümrüdən qoşunların çıxarılması həm Moskva, həm də İrəvan üçün sərfəli deyil. 
Hazırkı məqamda isə Ermənistanın Cənubi Qafqazda Qərbin forpostuna çevrilə biləcəyi ehtimalı aşağıdır. Bunun üçün Rusiyanın tamamilə Ermənistandan çıxması və İrəvanın iqtisadi, hərbi və siyasi müstəqilliyə yiyələnməsi lazımdır. Buna baxmayaraq, Nikol Paşinyanın çoxvektorlu siyasəti və tez-tez əks bəyanatlar verməsi Ermənistanın neytrallığı qorumaqla birlikdə, ardıcıl olaraq Qərbə meyillənməsi fonunda diqqətləri çəkir. Ona görə də Ermənistan baş nazirinin sözləri əksər vaxt Rusiya dairələrində ciddi qəbul olunmur".