Fransanın xarici işlər naziri Stefan Sejurne diplomatik korpusa ünvanladığı müraciətdə qeyd edib ki, Fransa Ermənistana daim dəstək verəcək.
Bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini məlumat yayıb.
“Biz qanuna və ərazi bütövlüyünə hörmət əsasında ədalətli və davamlı sülh axtarmalıyıq, eyni zamanda əhalinin xatirəsinə, tarixinə və mədəniyyətinə hörmətlə yanaşan ləyaqətli yaşamaq hüququnu təmin etmək lazımdır”, - deyə fransız nazir bildirib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Azər Həsrət bildirib ki, Fransa həmişəki xislətinə uyğun olaraq davranır:
"Onlar, Azərbaycanı bir növ psixoloji gərginlik altında saxlamaq üçün bu cür açıqlamalar verirlər. Əslində Fransanın məqsədi Ermənistana kömək etmək deyil, yaxud da fransızlar ermənilər üçün ölmür ki, xalq olaraq onların arxasında dursunlar. Fransanın davası sadəcə olaraq Azərbaycan-Türkiyə, ümumilikdə türk millətilədir. Ona görə də Fransa Ermənistandan qurbanlıq keçi kimi istifadə edir. Yəni, bir növ özlərini ermənilərin himayəçisi kimi göstərirlər. Bundan istifadə edərək özlərinin siyasətini yürütməkdədirlər. Digər tərəfdən Fransada kifayət qədər təsir imkanlarına malik erməni icması mövcuddur. Həmin diaspor nümayəndələrinin siyasi proseslərə təsir etmək imkanları var. Buna görə də Fransada siyasi iddiası olan hər kəs bu diasporanın gücündən istifadə etməyə çalışır. Ermənilərin bu məsələdə ağıllanıb hər şeyi dərk etməsi onların xeyrinə olar. Çünki ermənilərə əsil fayda verəcək dövlətlər Azərbaycan və Türkiyədir. Bunu başa düşən zaman Ermənistan inkişaf edə biləcək. Əksinə olaraq Fransadan hansısa nicat unmaq onlara kömək etməyəcək. Çünki bizim bölgəmizdə Fransa söz sahibi deyil".