AŞPA-nın yeni oyunu: Assambleyanın status-kvonu saxlamaq istəyi 

AŞPA nın Azərbaycanın səsini dondurmaq təşəbbüsü ilə bağlı verdiyi qərar barəsində "Sherg.az"a danışan siyasi şərhçi Elmir Səftərov bildirib ki, Azərbaycan ilə Avropa Şurasının (AŞ) əlaqələrinin tarixi 1990-cı illərin əvvəllərinə gedib çıxır.
 O qeyd edib ki, 2001-ci ildən  Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Həmin vaxtdan indiyədək Azərbaycan AŞ-ın bir çox konvensiyalarına qoşuldu, bu istiqamətdə qanunvericiliyini təkmilləşdirdi. Həyata keçirilən islahatlar isə cəmiyyətimizdə çox müsbət mühit yaratdı:
"Amma son zamanlar avropalı korrupsionerlərin, erməni lobbisinin maliyyəsi ilə danışan siyasətçilərin yarıtmaz addımları səbəbindən münasibətlər tamamilə korlanıb. Bu cür qərəzli, heç bir hüquqa uyğun gəlməyən davranışlardan biri də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təklifinin verilməsidir. Buna səbəb kimi isə bir neçə mövzunun, o cümlədən “siyasi məhbus” məsələsinin göstərilməsinə baxmayaraq, əsas məqsədin fərqli olduğu gün kimi aydındır. AŞPA-nın bu qərarının da insan hüquqları ilə heç bir əlaqəsi yoxdur". 

E.Səftərov AŞPA-nın bu qərarının əsas səbəblərindən birinin öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın siyasi iradəsinə təsir edərək, uğurlarının qarşısını kəsmək olduğunu vurğulayıb:
"Xatırlayırıq ki, Avropa Şurası Parlament Assambleyası Qarabağdakı vəziyyətlə bağlı 12 oktyabr 2023-cü il tarixli qərəzli qətnamə və tövsiyə irəli sürmüşdü. Halbuki, AŞPA Qarabağdakı erməni separatçıların və Ermənistana məxsus qanunsuz silahlı qüvvələrin təmizlənməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi təbirləri təhlükəsizlik və ərazi bütövlüyü kontekstindən dəstəkləməli idi. Amma AŞPA Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərə uyğun şəkildə atdığı addımlara hələ də qərəzli yanaşmaqda davam edir. Bu da onu deməyə əsas verir ki, ölkəmizə qarşı bu cür münasibətin tarixi daha əvvəllərə gedib çıxır. Belə ki, 30 ilə yaxın müddətdə beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və verdiyi qərarlardan əlavə ciddi iş görmədiyinin şahidiyik. Çünki Ermənistan ilə Azərbaycan arasında keçmiş münaqişəyə dair BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in qəbul etdiyi bir sıra mühüm qərar və qətnamələrdən heç biri icra olunmadı. Bu da nüfuzlu beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş qətnamələrin önəmsiz olduğunu aşkar şəkildə göstərdi". 

Siyasi şərhçi Ermənistan Azərbaycan torpaqlarını işğal edən zaman heç bir müdaxilə etməyən Avropa ölkələrinin, keçmiş münaqişəni donduraraq status-kvonu saxlamaq istədiklərini qeyd edib:
"Amma Azərbaycan dövləti onların bu istəklərini və uzun illər üçün düşündüyü planlarını 2020-ci il Vətən müharibəsi və ötən ilki sentyabr əməliyyatları ilə puça çıxardı. Ona görə də Avropa dövlətləri və təşkilatları tərəfindən ölkəmizə qarşı bu cür təzyiqlər baş verir. 
Həmçinin onu da qeyd edə bilərik ki, Azərbaycan AŞPA-ya üzv olandan bəri ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. Buna görə də, qurum keçmiş münaqişə zamanı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalı faktını ölkəmizə qəbullandırmağa çalışırdı. Bir milyon azərbaycanlı öz ölkəsindən qaçqın və məcburi köçkün vəziyyətinə düşsə də, qurun bu barədə heç bir ciddi adım atmadı və İrəvana təzyiq göstərmədi. Həmçinin tarixi abidələrimizin, Qarabağdakı irsimizin, məscidlərimizin yerlə yeksan edilməsinə, qəbiristanlıqlarımızın erməni işğalçı ordusu tərəfindən dağıdılmasına susqunluq nümayiş etdirdi. Beynəlxalq faktaraşdırıcı və vəziyyəti qiymətləndirən missiyaların işğal edilmiş ərazilərdəki hesabatlarında da aydın şəkildə göstərilir ki, hər şey dağıdılıb. Lakin indiyədək bu məsələ gündəmə gətirilmir və görməzdən gəlinir. 
Amma həmin dairələr düşünməlidir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin tam əksəriyyəti ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurub. Avropa ölkələri, həmçinin təşkilatları ilə ikitərəfli və çoxtərəfli əlaqələrini də inkişaf etdirmək əzmindədir. Eyni zamanda, Avropa əsas ticari tərəfdaşlarımızdan biri olmaqla bərabər, ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oyanır. Bu baxımdan da Azərbaycana qarşı əsassız təzyiqlər özlərinə də mənfi təsir edə bilər".