Analitik: Qarabağ məsələsi tamamilə bitib

Azərbaycanla danışıqlar zamanı Ermənistan Qarabağ və Naxçıvandan 200 minə yaxın erməninin köçməsi məsələsini qaldırmalıdır”.
Bunu tanınmış erməni jurnalist Nairi Ohikyan deyib.
O iddia edib ki, guya rəsmi İrəvan danışıqlar masasında bu formada üstünlük əldə edə bilər.
“Bunlar Ermənistanın həm indi, həm də gələcək strateji planlarında Azərbaycanı diplomatiyada məğlub edə biləcəyi silahlardır”, – N.Ohikyan bildirib.
Qeyd edək ki, rəsmi Bakının yanaşmasına görə, qayıdış prosesi qarşılıqlı olmalı və bu çərçivədə Qərbi Azərbaycandan zorla çıxarılmış azərbaycanlılar öz tarixi yurdlarına qayıtmalıdır. Lakin bir çox erməni ekspertlər bunun Ermənistanın demoqrafik tərkibini dəyişəcəyi üçün təhlükəli olduğunu bildirirlər.

 Siyasi şərhçi Mübariz Göyüşlü "Sherg.az"a açıqlamasında Ermənistanda bir qrup şəxslərin köhnə hadisələrdən, fikirlərdən hələ də əl çəkə bilmədiyini bildirib:
"Qarabağın işğalı, burada ermənilərin məskunlaşması və s. kimi məsələlər artıq arxiv olub. Ermənilər bu reallıqla barışmalıdılar ki, Qarabağda olan məsələlər tamamilə bitib. Qarabağ Azərbaycan torpağıdır və burada 100-200 min erməni yaşamayıb. Bundan sonrada yaşaması mümkün deyil. Çünki bu qədər erməni tarixin boyu sözügedən torpaqlarda məskunlaşmayıb. Bundan sonra hansı erməni yaşamaq istəyəcəksə, Azərbaycan bayrağı və qanunları altında həyat sürməyə razı olmalıdır. Belə bir həvəsdə olan erməni sayı isə çox azdır".

M.Göyüşlü  erməni politoloqun bu açıqlamalarının revanşizm fikrində olan bir qrup şəxslərin düşüncəsinin məhsulu olduğunu qeyd edib:
"Onlar Qarabağı yenidən işğal etmək arzusundadırlar. Ancaq onların istəklərinin reallaşması mümkün deyil. Bu məsələ birdəfəlik bağlanıb. Əgər Qarabağda hansısa bir erməninin köçüb yaşaması istənilirsə, o zaman qərbi azərbaycanlılarında təbii hüququ olan Ermənistana qayıtmaq, yaşamaq haqqı təmin olunmalıdır. Onlar qərbi azərbaycanlıların qayıdış məsələsini Ermənistanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirirlər. Belə vəziyyətdə isə Qarabağa ermənilərin qayıtması məsələsi mümkün deyil və gerçəkləşməyəcək".