Azər Süleymanov: Avropa institutları güclü Azərbaycanı qəbul etmək istəmirlər

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan ilə bağlı qərarı qərəzli, ədalətsiz, anti-Azərbaycan və anti-Türkiyə məqsədi daşıyan, heç bir hüquqi əsası olmayan qərardır".

Sherg.az "24News.ge"-yə istinadən xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sabiq deputatı, siyasətçi Azər Süleymanov müsahibəsində söyləyib.

AŞPA-nın bu qərarının Azərbaycana təzyiq göstərmək məqsədilə qəbul edildiyini vurğulayan A.Süleymanov deyib: “Azərbaycan torpaqları 30 ildən çox işğal altında idi. Bu illər ərzində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün ağır, dözülməz şəraitdə yaşayıb. AŞPA bütün bu ağrı-acılara göz yumaraq, yalnız kağız üzərində bir-iki qərar qəbul etməklə kifayətləndi. Azərbaycan isə heç bir kənar kömək, yardım olmadan öz torpaqlarını işğaldan azad etdi və hazırda həmin ərazilərdə geniş quruculuq işləri həyata keçirir. Artıq keçmiş məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdırlar. Təbii ki, Fransa və digər imperialist dövlətlərin əlində vasitə olan AŞPA və bu kimi təşkilatlar bunu həzm edə bilmirlər. Ona görə də Azərbaycana qarşı qərəzli mövqedə dayanır, ədalətsiz, anti-Azərbaycan qərarlar qəbul edirlər”.

Siyasətçi diqqətə çatdırıb ki, AŞPA və Avropanın digər institutları güclü Azərbaycanı qəbul etmək istəmirlər:

"Onlar, eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığını da qəbul edə bilmirlər. Yaxşı başa düşürlər ki, güclü Azərbaycan ilə güclü Türkiyənin birliyi regionda yeni dövrün, reallığın əsasını qoyub. Bu da onları ciddi narahat edir. Ona görə də tərəflərdən birinə - Azərbaycana təzyiq göstərməklə bu dostluğa zərbə vurmağa çalışırlar. Amma onlar heç nəyə nail ola bilməyəcəklər. Dünyada və regionda sabitliyin pozulmasına xidmət edən bu qüvvələr istəklərinə çata bilməyəcəklər. Çünki güclü Azərbaycan torpaqlarını işğaldan azad etdiyi kimi, dünyada da mövqelərini möhkəmlədəcək və əsl söz sahibinə çevriləcək”, – deyə A.Süleymanov vurğulayıb.