Rusiya Ermənistan hökuməti ilə bağlı addım atmaq üçün Ukrayna müharibəsinin bitməsini gözləyir
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Ukraynaya qarşı müharibədə Rusiyanın müttəfiqi olmadığını bildirib. Paşinyan bunun reallıq olduğunu söyləyib. Baş nazir əlavə edib ki, Ermənistanın ABŞ, Fransa və ya digər tərəfdaşlarla təhlükəsizlik sahəsində əməkdaşlığı digər tərəfdaşlara qarşı yönəlməyib. Rusiyalı politoloq Sergey Markov Paşinyanın açıqlamasına çox sərt reaksiya verib. O bildirib ki, Moskva bunun fərqindədir: "Onu da bilirik ki, Paşinyan satqındır. Bilirik ki, Paşinyan bütün Ermənistanı Rusiyaya xəyanət yolu ilə aparır. Ermənistan əhalisi indi də anlayır ki, ermənilərin xilaskarı dəfələrlə Rusiya olub. Ermənistanın rəhbəri məhz sadə insanların rusiyapərəst hisslərini qırmağa çalışır". Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov deyib ki, Rusiya hələlik İrəvan hökumətini sıxışdırmağa çalışmır. Ekspertin qənaətincə, Moskva fərqindədir ki, indiki məqamda Nikol Paşinyana təzyiqləri artırmaq onun Qərbə daha çox meyillənməsinə gətirib çıxaracaq:
"Kreml təzyiq göstərərsə, İrəvan Rusiyanın təsir orbitindən sürətli uzaqlaşmağa çalışacaq. Rusiyanın Ermənistanı təhdid etməsi Qərbin İrəvanı dəstəkləməsi prosesini sürətləndirər. Ukrayna ilə müharibə aparan Rusiya Cənubi Qafqazda əlavə problemin yaranmasında maraqlı deyil. Ona görə də müəyyən mərhələdə İrəvan hökumətinin addımlarına ciddi reaksiya vermir. Moskva Ermənistan hökuməti ilə bağlı addım atmaq üçün Ukrayna müharibəsinin bitməsini gözləyir".
Analitik vurğulayıb ki, Paşinyanın belə bəyanatlar səsləndirməkdə məqsədi Qərblə əlaqələri dərinləşdirməkdir: "Əgər desə ki, "İrəvan Ukrayna məsələsində Rusiya ilə müttəfiqdir", o zaman Qərbin bütün dəstəyini itirəcək. Baş nazirin ikili oynadığı da məlumdur. Mütəmadi belə fikirləri dilə gətirməklə həm Qərbin başının altına yastıq qoyur, həm də Rusiya ilə oynayır. İstənilən halda proseslərin hansı məcraya yönələcəyini zaman göstərəcək".