Paşinyan şoka düşüb - RƏY

Ermənistan mətbuatı təxribatın terrorçu təşkilat olan "Yerkpara" üzvləri tərəfindən həyata keçirildiyini yazır

  Ermənistan tərəfi bir neçə aylıq fasilədən sonra şərti sərhədlərdə yenidən təxribatlara əl atdı. 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra Qarabağdakı separatçı rejim ləğv olundu. Bu, Bakı ilə İrəvan arasında gərginliyin azaldılmasına müəyyən töhfə verdi və sülh gündəliyini aktuallaşdırdı. Dörd aydan çox müddət ərzində Ermənistanla Azərbaycan arasında heç bir hərbi gərginlik yaşanmadı. Amma bu sakitlik uzun çəkmədi. Fevralın 12-də bu ölkənin Silahlı Qüvvələrinin hərbi təxribatı nəticəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralandı. Maraqlıdır ki, hadisədən bir gün əvvəl bu ölkənin Baş naziri Nikol Paşinyan "The Telegraph" qəzetinə müsahibəsində sülh təşəbbüsündən çox Azərbaycana qarşı təxribat və böhtan xarakterli əsassız iddialar səsləndirdi. Müsahibədən sonra Ermənistan ordusunun təxribatı nəticəsində Azərbaycan əsgəri xain hücuma məruz qaldı. İrəvan hökumətinin son günlər aqressiv tonu Ermənistanın növbəti təxribat hazırladığına dəlalət edən faktor sayıla bilər. Təxribatdan dərhal sonra erməni tərəfinin hərəkətləri də təəccüb doğurub. Erməni tərəfi öz yaydığı məlumatı dərhal təkzib etməyə çalışdı. Lakin Azərbaycan tərəfi videogörüntülər təqdim etdikdən sonra Ermənistan hərbi polisi təxribatla bağlı araşdırmalar aparılacağını, hətta insidenti törədənlərin cəzalandırılacağını açıqladı. Sərhədçimizin snayperlə vurulması ondan xəbər verir ki, qarşı tərəf təxribatlar törətmək siyasətindən əl çəkmək niyyətində deyil. Ermənistan 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror əməliyyatlarından dərs çıxarmaq istəmir. Digər mühüm məqamlardan biri də insidentin arxasında xarici dairələrin, kənar güclərin dayanması ilə bağlıdır. Son aylarda Ermənistanın silahlanma prosesini sürətləndirməsi sirr deyil. İrəvan Fransa, Hindistan və başqa ölkələrdən hərbi texnikalar almaqdadır. Ermənistanı silahlandıran, onu revanşizmə sürükləyən qüvvələr hər vəchlə bu ölkəni yeni hərbi əməliyyatlara təhrik edə bilərlər. Sülh sazişinin imzalanmasına qarşı çıxan dövlətlər sırasında ilk yerdə Fransa dayanır. Təsadüfi deyil ki, bu yaxınlarda Parisi təmsil edən fransız general bu ölkəyə səfər etdi, ölkənin hərbi komandanlığı ilə görüş keçirdi. Hətta onun sərhəd xəttinə gəldiyi də bildirildi. Baş verənlərə Avropa İttifaqının Ermənistandakı missiyasının susqunluğu onların da təxribatda maraqlı olduğunu deməyə əsas yaradır. Bəlkə də Aİ missiyasının genişləndirilməsinin arxasında məhz bu təxribatlar gizlənirmiş. Həmin vaxtlarda xarici KİV-də, o cümlədən İrəvan mediasında Ermənistanın sərhəddə əməliyyat həyata keçirərək uğur qazanmağa çalışacağı iddia edilirdi. Görünən odur ki, Paşinyan kənar güclərin, o cümlədən ABŞ-nin, Fransanın, Avropa İttifaqının (Aİ) təsiri altındadır. Xarici oyunçuların hər biri İrəvana təzyiq göstərərək öz maraqlarını təmin etməyə çalışırlar. Onların bir çoxu, xüsusilə Qərb oyunçuları regiondakı təsir güclərini artırmağa səy göstərirlər. Ermənistan isə lazımi siyasəti ortaya qoya bilməyərək kənar güclərin təhrikinə məruz qalır. Bütün bunlar onu deməyə əsas verir ki, provakasiya qəsdən və məqsədyönlü şəkildə törədilib. Qarşı tərəf bilərəkdən vəziyyəti gərginləşdirməyə çalışır. Bu cür sabotaj cəhdləri sülh quruculuğu prosesinə töhfə vermir. Əksinə, vəziyyəti gərginləşdirir və Ermənistana etimadı azaldır. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət yerli televiziya kanallarına müsahibəsində regiondakı vəziyyət, o cümlədən mövcud sabitlik barədə danışmışdı. Dövlət başçısı son 4-5 ayın ən sabit dövr olduğunu bildirmişdi. Sabitliyin hökm sürdüyü bir mühitdə bu kimi təhrikedici əməllər Ermənistan tərəfindən bəyan olunan sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil edir. Ancaq İrəvan unutmasın ki, Azərbaycan heç bir təxribat cəhdini cavabsız qoymayıb və gələcəkdə də qoymayacaq. Son nəticədə bundan ziyan görən Ermənistan özü olacaq. İndi onu himayə edənlər, arxa çıxanlar da İrəvanı tək-tənha buraxacaq.
  Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərli "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan Müdafiə Nazirliyi insidentin hərbi polis tərəfindən araşdırıldığını deyib. Ekspertin sözlərinə görə, erməni tərəfi nadir hallarda təxribat olduğunu etiraf edir və hadisəni araşdırmağa başlayır:

"Ehtimal ki, Paşinyanın özü də baş verənlərdən şoka düşüb və çaşqın vəziyyətdədir. Ermənistan mətbuatı təxribatın terrorçu təşkilat olan "Yerkpara" üzvləri tərəfindən həyata keçirildiyini yazır. İstənilən halda neçə aylıq aradan sonra şərti sərhədlərdə baş vermiş təxribata görə bütün məsuliyyət Ermənistan hökumətinin üzərinə düşür. Ermənistan özünü dövlət adlandırırsa, necə olur ki, onun sərhədlərinə "Yerkpara" terrorçuları yaxınlaşır və hərbçimizi snayperlə yaralayır? "Yerkpara"nın müəyyən dairələrin təsiri altında olması bəllidir. Təxribatın məqsədi Azərbaycan-Ermənistan arasında sülh danışıqlarını pozmaq, müsbətə doğru cərəyan edən prosesləri tormozlamaqdır. Əlbəttə, baş verən təxribata görə, İrəvan hökumətinin rəhbərliyinə əsla bəraət qazandırmıram. Ancaq erməni ordusundakı vəziyyət hər kəsə bəllidir. Silahlı qüvvələrin daxilində müəyyən qruplaşmalar var və bunu hökumət rəhbərliyi özü də etiraf edir. Paşinyan çox gözəl bilir ki, erməni silahlıları Azərbaycan Ordusu qarşısında tab gətirə bilməz. Dövlət Sərhəd Xidmətinin uğurlu qisas əməliyyatı bunu bir daha göstərdi".
  Polkovnik vurğulayıb ki, Ermənistan birmənalı anlamalıdır ki, Azərbaycanla hərbi güc müstəvisində danışmaq mənasız və təhlükəlidir: "Ermənistan hökuməti baş verən təxribatlarla əlaqəsinin olmadığını sübut etmək istəyirsə, sözdən əmələ keçməlidir. Tez zamanda Bakı ilə hüquqi sənədləri imzalamalıdır. Baş nazir sülh sazişini imzalayarsa, hansısa "Yerkpara", yaxud Vardan Oskanyan tipli revanşistlər təxribatlara əl atmazlar. Baş verənlər Ermənistan üçün dərs olmalıdır".
Ü.Cəfərov onu da əlavə edib ki, Azərbaycan-Ermənistan arasında hərbi gərginliyin yaşanması bəzi yaxın və uzaq dövlətlərə sərf edir: "Aydın görünür ki, bu, kənardan gətirilən və başqa qüvvələrin təsiri ilə reallaşdırılan təxribatdır. Ermənistan tərəfindən itkilərə görə də Paşinyan cavab verməli olacaq".