Navalnının ölümü müxtəlif suallar ortaya çıxarır  - Sülhəddin Əkbər 


“Əgər onun ölümündə cavabdeh rejimdirsə, rejimə total rəhbərlik və nəzarət edən də Kreml rəhbəridir”


Rusiyalı müxalifət lideri Aleksey Navalnının cəzaçəkmə müəssisəsində ölümü müxtəlif iddiaların ortaya çıxmasına səbəb olub. Rusiya İstintaq Komitəsindəki mənbələr və Navalnının ətrafı iddia edib ki, 2023-cü ilin avqustundan həbsxanada Navalnını yavaş-yavaş zəhərləyiblər, ona qanını qatılaşdıran maddə veriblər.

 Bununla paralel olaraq həbsxana əməkdaşları işgəncə siyasəti apararaq onu sudan məhrum ediblər. İddialara görə, dəhşətli planın təşəbbüskarı adıçəkilən komitənin rəhbəri Aleksandr Bastrıkindir: "2012-ci ildə Navalnının təhqiqatından sonra Bastrıkinin müxalifətçiyə qarşı şəxsi nifrəti yaranıb. Navalnının həbsindən sonra Bastrıkin Rusiya Federal Penitensiar Xidmətinin rəhbəri Arkadi Qostevin dəstəyi ilə Putinə siyasətçinin həbsxanada öldürülməsini təklif edib". Vurğulanıb ki, plana görə, siyasətçi ürək-damar sistemindəki problemlərdən yavaş-yavaş ölməliymiş. Lakin o, fevralın 16-da dünyasını dəyişib. Mərhum siyasətçinin çevrəsindən olan həmsöhbət həbsxanadan mümkün zəhərlənmə ilə bağlı mesajlar çatdırıb. Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Navalnının ölüm şəraiti ilə bağlı araşdırma aparılır. Onun sözlərinə görə, qanunda qanunda nəzərdə tutulmuş bütün zəruri tədbirlər görülür. Peskov onu da vurğulayıb ki, meyitin Navalnının qohumlarına təhvil verilməsi məsələsinin Kremlə aidiyyatı yoxdur: “Biz bu işə qarışmırıq”. Kremlin sözçüsü onu da əlavə edib ki, Moskva Navalnının ölümü ilə bağlı aparılan istintaqın nəticələri açıqlanana qədər açıq-aşkar təhqiramiz bəyanatların verilməsini yolverilməz hesab edir. Onun fikrincə, baş verənlərlə bağlı Qərb siyasətçilərinin açıqlamaları Putinə zərər verə bilməz. "BİLD" nəşri məlumat yayıb ki, Vladimir Putin Almaniyada həbsdə olan rusiyalı agent Vadim Krasikovu almaq istəyib. Onun müqabilində Navalnı azadlığa buraxılmalı idi: "Belə danışıqlar həqiqətən də olub və müzakirədə Moskva, Vaşinqton və Berlin iştirak edib". Gürcüstan prezidenti Salome Zurabişvili deyib ki, həbsdə olan müxalifət lideri Aleksey Navalnının ölümünün elan edilməsi vaxtı təsadüf deyildi, Rusiyanın mesajı idi: "Hesab edirəm ki, Navalnının ölümünün Münhen konfransının başlamasına bir neçə saat və ya dəqiqə qalmış elan edilməsi təsadüfi deyil". Gürcüstan prezidenti hesab edir ki, bu, Münhen konfransının iştirakçıları üçün bir mesaj olub. Böyük Britaniya xarici işlər naziri Devid Kemeron Aleksey Navalnının ölümü ilə bağlı fərdi sanksiyaların tətbiqini nəzərdən keçirəcəklərini söyləyib. Müxalif siyasətçi Aleksey Navalnı külli miqdarda dələduzluq və məhkəməyə hörmətsizlik işi üzrə cəza çəkirdi. O, 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun rəhbərlik etdiyi Korrupsiyaya qarşı Mübarizə Fondu xarici agent və ekstremist təşkilat kimi tanınmış və Rusiyada fəaliyyəti qadağan edilmişdi. Xatırladaq ki, Rusiyada prezident seçkiləri 15-17 mart 2024-cü ildə keçiriləcək. İndiyə qədər 3 nəfərin (Vladimir Putin daxil olmaqla) namizədliyi qeydə alınıb. Rusiya Mərkəzi Seçki Komissiyası Boris Nadejdinin prezidentliyə namizədliyinin qeydə alınmasından imtina edib. Rusiya Kommunistləri Partiyasından namizədliyi irəli sürülmüş Sergey Malinkoviç də qeydə alınmayıb. Seçki öncəsi Rusiyada etirazların da ola biləcəyi bildirilir. 

Təhlükəsizlik xidmətinin sabiq əməkdaşı Sülhəddin Əkbər "Sherg.az"a deyib ki, müxalif siyasətçi Aleksey Navalnı rejim tərəfindən əvvəllər zəhərlənmişdi və onu dəfələrlə öldürmək istəmişdilər. Analitik xatırladıb ki, zəhərlənmiş Navalnının xaricdə müalicəsinə belə imkan verilməmişdi, amma təzyiqlərdən sonra Moskva Navalnının müalicəsinə şərait yaratmağa məcbur oldu:

 "Navalını rejimin ən sərt müxaliflərindən idi və həm Putinin, həm də onun ətrafında haqqında korrupsiya faktlarını açıqlamışdı. Onun həbsi siyasi represiya elementi idi. Həbsxanada da təzyiqlərə məruz qalırdı Ona görə də Navalnının ölümü müxtəlif suallar ortaya çıxarır. Əgər onun ölümündə cavabdeh rejimdirsə, rejimə total rəhbərlik və nəzarət edən də Kreml rəhbəridir. Bəs indiki məqamda belə bir qətl niyə baş verdi? Ukrayna ilə müharibə davam etməkdədir və savaş artıq Rusiyanın ərazisinə də keçib. 50-dən çox ölkə Rusiya ərazisində aktiv kəşfiyyat fəaliyyəti aparır. Məxməri inqilab texnologiyasına əsasən bütün dəyişikliklər əsasən seçki dövründə baş verir. Moskvanın da əsas tezisi ondan ibarətdir ki, "demokratiyanı beşiyində boğmaq lazımdır". Yəni bütün potensial təhdidləri ortadan qaldırmaq lazımdır ki, etiraz dalğası baş qaldırmasın. Çünki istənilən halda etirazçılar aktivləşə və rejimə ən sərt mövqe sərgiləmiş, repessiyaya məruz qalaraq həbsxanaya düşmüş, simvolik fiqur sayılan Navalnı ətrafında birləşə bilərdilər". 
S.Əkbər vurğulayıb ki, bəzilərinin fikrincə, seçki ərəfəsində belə bir hadisə Kreml rəhbərinin xeyrinə yox, ziyanına olar. Amma Kremldə qorxu var və ən "optimal yol" potensial təhdidləri aradan qaldırmaqdır: "Ümumiyyətlə, Rusiyada martın 17-də keçiriləcək prezident seçkisini İrandakı seçkilərlə müqayisə edərdim. İranda da seçkiyə kimin, hansı namizədlərin buraxılması üçün əvvəldən rejim özü seçim edir. Kreml də namizədlər arasında seçim apardı və rejimə tam təsirsiz fiqurları sadəcə alternativlik olsun, seçki görüntüsü yaransın deyə seçkiyə namizəd kimi buraxdılar. Belə görünür ki, Putin Rusiyası təkcə hərbi-texniki və təhlükəsizlik sahəsində deyil, artıq siyasi sahədə də İrandan bəzi təcrübələri qəbul edib".