Türk Dövlətləri Təşkilatı beynəlxalq münasibətlər sistemində mühüm aktora çevrilməlidir
“Hər bir türk cümhuriyyəti özünü digər türk dövlətləri ilə bir ailədə hiss etməlidir. Bunun üçün hüquqi, siyasi, hərbi, iqtisadi imkanlar səfərbər olunmalıdır"
Türk Dövlətləri Təşkilatının növbədənkənar Zirvə toplantısı iyul ayında Şuşada keçiriləcək. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan dövlət başçısı İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib. Türkiyə lideri deyib ki, Türk Dövlətləri Təşkilatındakı birliyin daha da güclənməsi üçün fəaliyyətlərini davam etdirirlər. Prezident İlham Əliyev də vurğulayıb ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Dövlət başçısı Şuşada keçiriləcək Zirvə görüşündə müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin prezidentinin də iştirak edəcəyini söyləyib: "Bu, bizim ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək". Xatırladaq ki, Prezident İlham Əliyev andiçmə mərasimində də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın prioritet olduğunu bildirmişdi. "Türk Dövlətləri Təşkilatı bizim ailəmizdir" deyən dövlət başçısı qeyd etmişdi ki, Azərbaycanla Türkiyə TDT çərçivəsində, bu təşkilatın formalaşmasında və inkişafında birgə çox mühüm işlər görürlər. Bundan sonrakı əməkdaşlıq məsələsinin bu təşkilatı daha da gücləndirəcəyi, regional miqyasdan qlobal miqyaslı bir aktora çevirəcəyi şübhəsizdir. Liderlərin birgə bəyanatından da aydın oldu ki, əsas hədəflərdən biri Türk Dövlətləri Təşkilatındakı birliyin daha da güclənməsinə nail olmaqdır. Bu mənada böyük coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərini gücləndirmək əsas prioritetdir. Məqsəd Türk Dövlətləri Təşkilatını qlobal arenada önəmli aktora və güc mərkəzinə çevirməkdir. Azərbaycan və Türkiyə bu prosesə xüsusi töhfə verir.
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a deyib ki, Azərbaycan Prezidenti inauqurasiya mərasimindəki çıxışında tarixi bir fikir işlətdi. O qeyd etdi ki, bizim ailəmiz türk dünyasıdır. Deputatın sözlərinə görə, bu, əslində böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarının "bir millət, yeddi dövlət " şüarına çevrilməsidir:
"Necə ki, "bir millət, iki dövlət" şüarı bu gün Türkiyə ilə Azərbaycanı Şuşa Bəyannaməsinə gətirib çıxardı, hərbi, siyasi, strateji müttəfiqə çevirdi, eləcə də Prezidentin sözləri önümüzdəki mərhələdə Türk Dövlətləri Təşkilatını ortaq Şuşa Bəyannaməsinə gətirib çıxara bilər. Bu fikirlər "Bir millət, yeddi dövlət" fəlsəfəsinin əsas ideoloji bazasını təşkil edir. Prezident həm də qeyd etdi ki, Türk dünyası böyük coğrafi və iqtisadi potensialından, ehtiyatlarından, ən əsası isə gənc əhalisi və ortaq etnik, mədəni kökü ilə mühüm tarixi və təbii birlikdir. Şübhəsiz, bu əlamətlər üzərində elə bir müttəfiqlik qurmaq olar ki, bu, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin gələcək perspektivini təyin etsin. Eyni zamanda Prezident qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı beynəlxalq münasibətlər sistemində mühüm aktora çevrilməlidir. Bu da əslində, Türk Dövlətləri Təşkilatının gələcəyinin necə görünməsi ilə bağlı Azərbaycan Prezidentinin məqsədlərini ifadə edir. Ona görə də düşünürəm ki, bu tarixi ifadə bütün türk dövlətlərinin şüarına çevrilməlidir. Türk Dövlətləri Təşkilatının birliyinin, tərəfdaşlığın və əməkdaşlığın ideoloji əsaslarını təşkil etməlidir. Hər bir türk cümhuriyyəti özünü digər türk dövlətləri ilə bir ailədə hiss etməlidir. Bunun üçün hüquqi, siyasi, hərbi, iqtisadi imkanlar səfərbər olunmalıdır".