“Xarici işlər nazirləri müzakirələri üçüncü ölkələrdə, yoxsa sərhəddə aparacaq? Bu, prosesin inkişafına yön verəcək amildir"
Xəbər verdiyimiz kimi, fevralın 17-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib. Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici işlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib. İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib. Xatırladaq ki, ikitərəfli görüş Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə reallaşıb.
Qeyd edək ki, bu görüşə qədər Azərbaycanın guya Qərbdən uzaqlaşdığı, özünü təcrid etdiyi, Avropadan çəkiliyi haqda iddialar səslənirdi. Ancaq Azərbaycanın Davos və Münhenə dəvəti bir daha göstərdi ki, bu yalançı təbliğatın heç bir əsası yoxdur.
Azərbaycan Prezidentinin siyasi iradəsi bir daha sübut etdi ki, Bakı bundan sonra da öz milli maraqlarından çıxış edərək balanslı siyasətini davam etdirəcək.
Seçkidən sonra Azərbaycanın nüfuzlu Münhen Təhlükəsizlik Konfransına dəvəti, dövlət və hökumət başçılarının, nüfuzlu təşkilat rəhbərlərinin Prezidentlə görüş üçün çoxsaylı müraciətləri bu seçkilərin nəticələrinə münasibətin təsbitidir.
Azərbaycan artıq “orta güc” ölkələri sırasındadır, o regional miqyasda yox, qlobal miqyasda pozitiv gündəliyin formalaşmasına töhfəsini verir.
Bu gün Azərbaycanın Ermənistandan başqa heç bir ölkə ilə problemi yoxdur. Azərbaycanın qlobal dünya ilə münasibətləri artıq Ermənistanla münasibətlər üzərində qurulmayıb, bu problem birdəfəlik həll olunub və bundan sonra Azərbaycan qlobal siyasətdə daha aktiv rol oynayacaq.
Nəticə olaraq qeyd olunmalıdır ki, Münhendə keçirilən ikitərəfli görüşün nəticəsi olaraq münasibətlər normallaşa bilər.
Sülh müqaviləsinin imzalanması realdır, bunun üçün Ermənistanın siyasi iradəsi tələb olunur.
Amma təəssüf ki, hələ də Ermənistanda sülh üçün maneələr qalır.
Ermənistan Azərbaycana qarşı qanunvericilik səviyyəsində iddialarından əl çəkməli və mövcud olmayan separatçı rejimin simvolikalarını birdəfəlik kənara atmalıdır.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a bildirib ki, Azərbaycanın iştirak etmədiyi Qranada görüşündən sonra Avropada ilk olan bu görüş Bakı üçün Fransanın olmaması baxımından əhəmiyyətlidir. Ekspert vurğulayıb ki, İrəvanın maraqlarını müdafiə edən Paris prosesdən bir qədər də uzaqlaşır:
"Bu görüş Avropaya uzun müddət sonra ilk təması qurmaqla vasitəçiliyini yenidən aktuallaşdırmaq imkanı verir, ən azından, irəliyə doğru addım hesab oluna bilər. Təmasın Münhendə - Şoltsun iştirakı ilə baş tutması Almaniyanın da önə çıxması şəraitini yaradır. Berlinin Parislə müqayisədə daha balanslı mövqeyini nəzərə alsaq, bu da müəyyən irəliləyişdir. Lakin Münhen görüşünün bütün razılaşmalara rəğmən, tərəflərin uzlaşmasında rol oynayacağı ehtimalı hələ də azdır. Sərhəd və kommunikasiya məsələsində mövcud olan ciddi fikir ayrılığı son dövrlər daha da dərinləşib. Üçüncü tərəflərin iştirakı prosesə müdaxiləsi fonunda uzlaşmanı çətinləşdirir. Bu kontekstdə Bakı və İrəvanın xarici işlər nazirliklərinə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə verdiyi təlimatın necə işləyəcəyi əsasdır. Xarici işlər nazirləri müzakirələri üçüncü ölkələrdə, yoxsa sərhəddə aparacaq? Bu, prosesin inkişafına yön verəcək amildir".