Politoloq: Avropa da sülhdən başqa yol görmür

Nikol Paşinyan strateji qərarlar vermək məcburiyyəti ilə üzləşib


  Ermənistan Baş naziri Nikol Paşinyan Fransaya iki günlük işgüzar səfərə gedib. Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan deyib ki, Paşinyanın nümayəndə heyəti icra və qanunvericilik orqanlarının üzvlərindən ibarətdir. Bildirilib ki, erməni baş nazir Fransa Müqavimətinin erməni əsilli döyüşçüsü Misak Manuşyan və arvadı Melninenin Parisdə Panteonda yenidən dəfn mərasimində iştirak edəcək. Paşinyan həmçinin Fransanın rəhbər şəxsləri ilə bır sıra görüşlər keçirəcək. Xatırladaq ki, ötən gün Avropa Birliyi Şurasının prezidenti Şarl Mişellə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı da olub. Tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər. Ermənistan baş nazirinin Fransaya səfərini və Avropa rəsmiləri ilə təmaslarını şərh edən ekspertlərin fikrincə, Paşinyan beynəlxalq qarant axtarışındadır. Onların sözlərinə görə, Ermənistan baş naziri sülh sazişini beynəlxalq təminat olmadan imzalamaq istəmir. 
 
 Politoloq Natiq Miri "Sherg.az"a deyib ki, Nikol Paşinyan strateji qərarlar vermək məcburiyyəti ilə üzləşib.q Analitikin sözlərinə görə, Ermənistan hökuməti bir tərəfdən Rusiyadan uzaqlaşmaq tələbi ilə üz-üzədir. Digər yandan Azərbaycanla sülh danışıqlarının bərpası, sazişlə bağlı müzakirələrin davam etdirilməsi məsələsi gündəmdədir: 
"Ermənistanı narahat edən İran faktoru da var. İran açıq-aşkar Ermənistan rəhbərliyinə Qərb missiyasının onun sərhədləri boyunca yerləşməsindən narahatlığını ciddi şəkildə dilə gətirir. Hətta Zəngəzura İran ordusunun yerləşdirilməsi ilə bağlı fikirlər də dolaşır. Bütün bunlar Ermənistan üçün mürəkkəb situasiya yaradır. Çünki Rusiyaya qarşı çıxmaq üçün Ermənistana müəyyən siyasi-iqtisadi və hərbi təminatlara ehtiyac var. Ermənistanın kənd təsərrüfatı məhsullarını Avropaya çıxartmaq və satmaq imkanları yoxdur. Avropaya sadəcə Ukrayna məhsullarının çıxarılması fermerlərin kütləvi etirazına səbəb olub. İrəvan hökuməti də iqtisadi imkanlarını artırmaq üçün öz məhsullarını Avropa bazarına çıxartmaq niyyətindədir. Ancaq Ermənistan istədiyi beynəlxalq təminatlar ala bilmir. Nikol Paşinyan Fransa prezidenti və digər Avropa rəsmiləri ilə ilk növbədə bu məsələləri müzakirə etmək, atacağı addımları koordinasiya etmək istəyir".

  Ekspert Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşünə də diqqət çəkib: 
"Münhen Təhlükəsizlik Konfransında Almaniya kansleri O.Şoltsun təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü Fransanın iştirakı olmadan reallaşdı. Almaniyanın Fransaya rəğmən, tərəflərin görüşü və müzakirəsi ilə bağlı təşəbbüsü öz əlinə alması Paris və İrəvanı təşvişə salıb. Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel də tərəfləri yenidən Brüsseldə bir araya gətirməyə çalışır. Mişel Paşinyanla bunu müzakirə edib. İrəvan hökumətinin başçısı son günlər baş verənləri və atılacaq addımları koordinasiya etmək üçün Fransaya yollanıb. Bu məqamın özü göstərir ki, Ermənistanın siyasəti Parisdən idarə olunur".