“Çünki ortamı yumşaltmağa ehtiyac var, müharibə heç kimin maraqlarına cavab vermir"
Avropa Birliyi Şurasının prezidenti Şarl Mişellə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Tərəflər AB-Ermənistan münasibətlərini və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər. Şarl Mişel vurğulayıb ki, Cənubi Qafqaz üçün sülh, sabitlik və rifah gündəliyi AB-nin gündəmində əsas yer tutur.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycanda prezident seçkisindən dərhal sonra dövlət başçısı İlham Əliyevə, Münhen konfransından sonra Ermənistanın Baş naziri Nikol Paşinyana zəng etməsi Brüsselin liderlərin növbəti görüşünün təşkilinə hazırlıq görməsi ilə bağlıdır. Ekspertin fikrincə, Şarl Mişel yaxın günlərdə Prezident İlham Əliyevlə Nikol Paşinyanı Brüsselə dəvət etmək istəyir:
"Almaniya kansleri Olaf Şolstun Münhen Təhlükəsizlik Konfransında İlham Əliyev və Nikol Paşinyanla görüş təşkil etməsi Şarl Mişelin işinə yarayıb. Münhendə liderlər Brüsseldə daha əvvəl əldə etdikləri razılaşmalara sadiq qaldıqlarını bildirdilər. Şarl Mişel Brüssel görüşünü təşkil etməyə çalışsa da, bunun hazırlıqlarını da sürətləndirməlidir. Yəni Brüssel müzakirəsi, sadəcə, görüş xatirinə olmamalıdır, hansısa nəticəyə köklənmək lazımdır. Aydındır ki, gələcək görüşdə liderlərin sülh sazişi imzalaması problematikdir. Ancaq Brüssel müzakirələrində müəyyən irəliləyiş əldə edilməsi vacibdir, ortaq bəyanatın qəbulu mümkündür. Çünki ortamı yumşaltmağa ehtiyac var, müharibə heç kimin maraqlarına cavab vermir".