AK Partiyadan Atatürk xəbərdarlığı: Biz hər cür çirkin bəyanata və təcavüzə qarşıyıq

AK Partiya sözçüsü Ömər Çelik Adanada jurnalistlərin suallarını cavablandırıb. Son zamanlar Atatürkə və dini dəyərlərə qarşı təxribat xarakterli ifadələr işlədildiyini bildirən Çelik, “Sosial qırılma xətlərinin işə salınması nəzərdə tutulur” deyə xəbərdarlıq edib.
Sherg.az türk  mediasına istinadən xəbər verir ki, AK Partiya sözçüsü Ömər Çelik keçmiş Rize Bələdiyyə Başçısı Şevki Yılmazın Atatürkü hədəf alan sözlərinə toxunaraq "Cəmiyyətimizin təməl dəyərləri ilə bağlı bütün təxribatçı ifadələri rədd edirik" deyə bildirib.

Çelik daha sonra deyib: "Biz açıq şəkildə görürük ki, dini dəyərlərimizə və adət-ənənələrimizə qarşı edilən bəzi təxribatçı ifadələr, xüsusilə də seçilmiş cümlələr cəmiyyətdə bəzi gərginliklər yaradılmağa yönəlib. Biz bunların hamısına qarşıyıq. Buna qarşı mübarizə iradəmiz yüksəkdir".

 Çelik müxalifətə qarşı da tənqidlər səsləndirib.  "Altılı-yeddili masanın  millətə üzr borcu var. Millətlə niyə birlikdə hərəkət edirik deyənlər bu gün ən ağır sözlərlə bir-birinə hücum edirlər. O altılıq masasında olan sədrlərin hər biri, seçkilər üçün səs istəməzdən əvvəl xalqdan üzr istəməlidir".