Rusiya-Ukrayna müharibəsində dağıdıcı mərhələ: Kimdir günahkar? - ŞƏRH

Rusiyanın paytaxtı Moskva şəhərindəki “Krokus Siti Holl” kompleksində dəhşətli terror hadisəsi, atışma və partlayış baş verib. Atışma nəticəsində 12 nəfər ölüb və 35 nəfər yaralanıb. Atışma “Piknik” qrupunun konsertindən əvvəl başlayıb. Kamufulyaj geyinmiş 3 şəxs ətrafdakılara atəş açıb. Atışmanın baş verdiyi kompleksdə partlayış səsləri eşidilib və yanğın başlayıb. Moskvadakı “Krokus Siti Holl”a hücum edən terrorçular müxtəlif modifikasiyalı 7,62 mm-lik “Vepr” və 10,25 mm kalibrli “Sayqa” tüfənglərindən istifadə ediblər. “Vepr” Ukrayna istehsalı hücum silahıdır, “Sayqa” isə Rusiyada, “Kalaşnikov”un bazasında hazırlanıb. Moskvadakı terror aktında həlak olanlardan biri azərbaycanlıdır. Siyahıda 17 yaşlı Sevinc Rüstəmova (19.10.2006) adlı şəxs də var. Avropa Birliyi Moskva vilayətində törədilən terror aktını pisləyib. AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano deyib ki, AB Moskvada “Krokus Siti Holl”da terror aktı ilə bağlı xəbərlərdən şoka düşüb və dəhşətə gəlib: "AB mülki şəxslərə qarşı hər hansı hücumu pisləyir. Düşüncələrimiz bu terror aktından zərər çəkmiş bütün Rusiya vətəndaşları ilədir”. Qeyd edək ki, İŞİD Moskvada baş verər terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Bəzi rusiyalı siyasətçilər isə hadisəyə cavab olaraq Ukraynaya taktiki nüvə silahı atılmasını tələb ediblər. Ukrayna kəşfiyyatı isə bir daha hadisədə iştirak etmədiklərini bildirib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib ki, terrorçular ancaq cavab terrorunu başa düşürlər: "Əgər gücə güclə, ölümlərə terrorçuların total edam edilməsi və onların ailələrinə qarşı repressiyalarla cavab verilməzsə, heç bir məhkəmə və ya istintaq kömək etməyəcək. Dünya təcrübəsidir".

Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a bildirib ki, Qərbin gedişlərindən biri Rusiyanın Ukraynaya hücumlarını “legitimləşdirmək” cəhdinə qarşı terror aktının günahkarının tapılması ola bilər. 
Ekspertin fikrincə, Rusiyadakı teraktı İŞİD-in, yaxud Rusiyanın Azadlığı Legionu, Rusiya Könüllüləri Korpusu, Sibir batalyonu kimi daxili qrupların öz “üzərinə” götürməsi bununla bağlıdır: "Moskvada törədilən terror aktının əsas müzakirə mövzusu “hücumun arxasında hansı qüvvə dayanır” məsələsi olacaq. Böyük ehtimalla tərəflər öz maraqlarına uyğun “günahkarlar” təqdim edəcək. ABŞ hücumda Ukraynanın iştirakına dair heç bir əlamətin olmadığını açıqlayıb. Rəsmi Kiyev də Rusiyanın özünü günahlandırır. Moskva isə “Ukraynanın iştirakına dair əlamətin olmadığı” fikri ilə razılaşmayıb. Bu o deməkdir ki, Rusiya terror aktına görə Ukraynanın günahlandırılmasına hazırlaşır və ikinci çeçen müharibəsində olduğu kimi, indi də belə bir hücumların Moskva üçün sərfəli tərəfləri də var. Bunun fonunda Peskovun günün birinci yarısında verdiyi Ukraynada “xüsusi əməliyyatın müharibəyə keçdiyi” haqda açıqlama xüsusilə diqqət çəkir. Belqorod hücumundan sonra Moskvada əyləncə mərkəzinə edilən hücum rus ictimai rəyində Ukraynanın üzərinə bütün gücü ilə getməyin zəruriliyi fikrinin hakim olacağı istisna deyil və Peskovun dediyi kimi, “Rusiya elə bir addım atacaq ki, Ukrayna hərbi potensialı onun vətəndaşlarını və ərazisini təhdid edə bilməsin”. Bu addım ilkin olaraq Ukrayna şəhərlərinin kütləvi bombardman edilməsi kimi görünür".
Politoloq Məhəmməd Əsədullazadə də "Sherg.az"a deyib ki, Moskvada ticarət mərkəzinə silahlı hücum Ukraynada aparılan işğalçı müharibənin nəticəsidir: "Vaxtilə Çeçenistan müharibəsinin gedişində Moskvada belə silahlı basqınlar olurdu. Rusiya Ukrayna müharibəsinin miqyası genişlənir. Müharibə dağıdıcı mərhələyə keçib. Rusiyada bu kimi silahlı hücumların baş verməsi istisna deyil".