İşğal altındakı kəndlərimizin geri verilməsi... - AÇIQLAMA

"Nikol Paşinyan Tavuşa səfər etdi və sözügedən kəndlərin sakinləri ilə görüşdü. Amma iddia edildiyinin əksinə olaraq Azərbaycana məxsus kəndlərin sakinləri baş nazirə etiraz etmədilər və onu sakitcə dinlədilər".

Bunu "Sherg.az"a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. 


Ekspert vurğulayıb ki, Ermənistanda 8 kəndin Azərbaycana qaytarılması ilə bağlı müzakirələrin getməsi Bakıya asan başa gəlməyib: 

"Avropa İttifaqında Azərbaycan-Ermənistan arasındakı münasibətlərlə bağlı dinləmələr keçirilir. Avropa Parlamentinin bir həftə ərzində Azərbaycanla bağlı iki bəyanat verib. Azərbaycana qarşı ciddi təzyiqlərin olmasına baxmayaraq, Ermənistanla danışıqlarda qəti və konkret mövqeyimizdə dayandıq. Bir zamanlar xarici gücdə yumşaq gücdən istifadə edirdiksə, sonra onu ağıllı və sərt güclə əvəzlədik və nəticələrini gördük. Hazırda Ermənistan hökumətinin qarşısında duran əsas məsələlərdən biri 4 kəndin qaytarılmasıdır. Buna rəğmən, Paşinyan söylədi ki, 4 kəndin qaytarılması müqabilində Azərbaycan İrəvana heç bir zəmanət vermir. Yəni Bakı kəndlərin geri verilməsinə görə Ermənistana heç nə vəd etmir. Bu, çox vacib idi. Amma bu hələ geosiyasi məsələdir. 44 günlük müharibədən sonra Qazax və Tovuz istiqamətində rus hərbçilərinin də iştirakı ilə müəyyən yerdəyişmələr olmuşdu. Hətta o zaman oradakı erməni kəndləri ilə bağlı məsələlər qaldırılmışdı. Bugün həmin istiqamətdə aparılan müzakirələr və işğal altındakı kəndlərimizin geri verilməsi həm də Ermənistanın xarici siyasi məsələlərlə bağlı çağırışlarını həll etməsi anlamına gələcək. Bu, Rusiya sərhədçiləri ilə bağlı olan məsələdir".