İrəvanın təhlükəli oyunu: Rusiyanın "siyasi qırğıları" hücuma keçib -ŞƏRH

"Ermənistan baş naziri Nikol Paşinyanın hazırda həyata keçirdiyi siyasət yanlışdır. Bu gedişlə Ermənistan Ukrayna və Gürcüstanın taleyini yaşaya bilər".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib. 
Ekspert bildirib ki, Rusiya Ermənistanın özbaşına hərəkətlərini qəbul etmir və etməyəcək: 
"Ermənistan çox sürətlə Qərbə meyillənir və Rusiyanın yanındakı mövqeyini itirir. Rusiyanın "siyasi qırğıları" artıq İrəvana qarşı hücuma keçiblər. Onlar Ermənistanı xəyanətdə ittiham edirlər. Paşinyana hakimiyyətdə qalmaq çox şirin gəlib. May ayında Paşinyanın hakimiyyətdə olmasının 6-cı ili tamam olacaq. ABŞ və Avropanın öz maraqları var. Sırf Cənubi Qafqaz regionuna görə, ermənilərə dəstək verirlər. Ermənistanın gələcəyi, aqibəti onları maraqlandırmır. Öz məqsədləri üçün siyasətdən xeyli uzaq Paşinyandan istifadə edərək, siyasi-iqtisadi maraqlarını güdürlər".

Analitik vurğulayıb ki, ısas məsələ odur ki, Brüsseldə Ermənistan rəhbərliyinin Fransa və digər ölkələrin başçıları ilə görüşləri sülh prosesinə mənfi təsir göstərir: 
"Pozuculuqda Fransa prezidenti E.Makron daha çox canfəşanlıq edir. İrəvanın yürütdüyü siyasət sülhə xidmət etməməklə yanaşı, Ermənistanın özü üçün də risklidir. Amma Ermənistan rəhbərliyi unutmasın ki, Moskva bir gecədə İrəvanda çevriliş edə bilər. Rus ayısının yuxudan oyanmasına az qalıb. Paşinyanın əsas fikri-zikri hakimiyyətinin ömrünü uzatmaqdır. Lakin atdığı addımlar, Qərbi Qafqaza gətirmə cəhdləri onun hakimiyyət ömrünü sonlandıra da bilər. Paşinyan gec olmadan ağlını başına yığmalıdır. Qərb heç zaman öz partnyorlarını sonadək müdafiə etməyib".