Paşinyanın Avrointeqrasiya siyasəti: İrəvanın "day-day"ları - RƏY

Ermənistan baş nazir Nikol Paşinyan Gümrüyə səfəri zamanı deyib ki, fiziki olaraq tarixi Ermənistandan real Ermənistana çox ağrılı keçid baş verir. Baş nazirin sözlərinə görə, bu proses yeni deyil və ermənilər bununla üzləşməlidir. Paşinyan qeyd edib ki, iki yanaşma var – birincilər tarixi Ermənistandan real Ermənistana keçidə müqavimət göstərir və bunu məqbul hesab etmirlər. İkincilər isə bunu zərurət hesab edir və təhlükəsizliyin, rifahın, iqtisadi inkişafın, Ermənistanın xoşbəxtliyi təmini sayırlar: “Mənim yanaşmam ondan ibarətdir ki, biz bu yolla getməliyik. Bizim partiyanın missiyası xalqımızın və dövlətimizin tarixi Ermənistandan real Ermənistana keçidinə və uzunmüddətli institusional inkişafına rəhbərlik etməkdir. Qorxuram ki, böyük Ermənistan real Ermənistanı da tarixi Ermənistana çevirsin”. Paşinyan yenidən müharibə ehtimalından danışıb və buna imkan verilməməsini söyləyib. 

Politoloq Zaur Məmmədov "Sherg.az"a deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan ciddi gedişlər etməkdədir. Görünən odur ki, o, seçimini artıq edib - Avrointeqrasiya!
Ekspertin sözlərinə görə, erməni rəhbərin son zamanlar daha kritik bəyanatlar verməsinin səbəbi Qərbin xüsusi xidmət orqanlarının Kreml tərəfindən Paşinyanın gec - tez çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılılacağı ilə bağlı ona ötürülən bəyanatlar fonunda baş verir: 

" Bir müddət əvvəl baş nazir buna eyham vurmuşdu. Hərçənd, bu mövzuyla bağlı fikrim ondan ibarətdir ki, Azərbaycan bir sıra məsələlərdə tələblərinin yerinə yetirilməsinə nail olacaq. Belə olan təqdirdə qaçılmaz məsuliyyətin məhz Paşinyanla bağlı olmasını istəyirlər. Əlqərəz, müxalifətin indiki halda hakimiyyətə gələrək Azərbaycan qarşısında zəif görünməmək üçün Nikola dözməkdən başqa çıxış yolu yoxdur. Bunu onların xaricdəki havadarları da anlayırlar. Ötən gün daha bir maraqlı hadisə baş verib. Tavuşdan sonra bu dəfə Paşinyan Gümrüyə səfər edib. 5 saat qapalı şəraitdə öz partiya üzvləri və özünə yaxın siyasi qruplarla danışıqlar aparıb. Danışıqlar zamanı Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması və Ermənistanın Aİ perspektivi, bu fonda daxildə müxalif qrupların davranışları müzakirə edilib. Xatırladım ki, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı ölkə daxilində müəyyən siyasi və hərbi qruplaşmaların hakimiyyətə pressinqi olsa da, ümumilikdə böyük şəhərlərin əhalisi bu mövzuda hökuməti dəstəkləyirlər. Ölkə rəhbərliyini hazırda bu məsələ ilə yanaşı 5 aprel Brüssel görüşü və orada veriləcək bəyanatlardan sonra İrəvanda və digər şəhərlərdə mümkün iğtişaşların olub - olmayacağı maraqlandırır. Ukrayna və Gürcüstan hakimiyyətlərinin Avropa İttifaqının üzvlüyünə perspektivi alaraq üzləşdiyi çağırışlar hər kəsin yadındadır. İndiyə qədər həmin ölkələrin xalqları bu qərarın nəticələrini hiss etməkdədirlər. Sözsüz, 5 aprel görüşü və onun nəticələri də Ermənistanda hiss ediləcək, ancaq hələlik Kiyev və Tiflisdə maydanlarda baş verəcəklər kimi yox".

Analitik vurğulayıb ki, Gürcüstan və Ermənistanın Avropa perspektivliyi fonunda bölgədə geosiyasi vəziyyətin daha da qəlizləşməsi və Azərbaycanın tamamilə müstəqil və suveren balanslı siyasəti güdərək bloksuz dövlət kimi statusunu davam etdirməsi yaxın qonşularımız tərəfindən mütləq şəkildə nəzərə alınmalıdır: 

"Onlardan biri ilə artıq 4 - cü ildir nəzərə alınan bu münasibətlərdə əməkdaşlığın yeni xətt üzrə perspektivliyindən danışa bilirik. Lakin cənub qonşumuz 1994 - 1996, 2005 - 2006 -cı illərdə olduğu kimi bugünkü Qərbdən gələn təkliflər fonunda da, rəsmi Bakının mehriban qonşuluq siyasətinə sadiqlik siyasətini tam olaraq təhlil edərək müsbət nəticəyə gəlməkdə çətinlik çəkir. Hərçənd, Ermənistana bu illər ərzində əsl dayı olmağı bacaran regional subyektlərə qarşı Azərbaycan emosional tərzdə tamamilə başqa addımlar da ata bilərdi. Ancaq, Azərbaycan xarici siyasət diplomatiyası daim səbrli, soyuqqanlı siyasi davranışı ilə seçilib və bundan sonra da bu gedişat davamlı olacaq".

Z.Məmmədov aprelin 5 -i Blinken, Fon der Layen və Paşinyan arasında görüş planına da münasibət bildirib: 

"Gəlin Azərbaycanla Ermənistanın hansının daha çox əslində Qərbin tərəfdaşı olmasını müqayisə edək. Müqayisəni edərkən maraqlı şəkil qarşımıza çıxır. KTMT və Avrasiya İttifaqının üzvü olan, Avropa İttifaqı ilə ümumi ticarət dövriyyəsi 2023 - cü ildə cəmi 7 milyard dollardan bir qədər çox olan Ermənistan, NATO - nun ən güclü üzvlərindən sayılan Türkiyənin hərbi - siyasi müttəfiqi, Aİ - nin 9 dövləti ilə strateji tərəfdaş olan, qoca qitənin ənənəvi və yaşıl enerji siyasətində xüsusi rol oynayan və oynayacaq , Aİ ilə ticarət dövriyyəsi 2023 cü ildə 24 milyard dollar olan Azərbaycan. Əlbəttə ki, Ermənistanla bağlı Qərbin çətir funksiyasını yerinə yetirmək istəməsinin əsl səbəbi geosiyasi faktor, Rusiya ilə olan konfrantasiyadır. Bununla da, Qərb Ermənistanı tərəzinin bir tərəfində, Azərbaycan və Türkiyəni isə o biri tərəfində qoyaraq açıq şəkildə ayrı - seçkilik etmiş olduğunu göstərmiş olur. Ermənistanda və Qərbdə başa düşməlidirlər ki, Yerevanın Qərbə inteqrasiyalarının imkanları ilk növbədə Azərbaycandan və Türkiyədən asılı olacaq. Azərbaycan və Türkiyə hansı cinahı seçərlərsə Ermənistan orada olacaq. Çünki Anadolu - Qafqaz birgə siyasi orqanizmdir və 44 günlük müharibədən sonra region öz bucağı altına qayıtdı- daim burada ağalığı edən azərbaycanlılara qayıtdı. Əlqərəz, yaxın vaxtlarda növbəti şad xəbərləri eşidəcəyik. Azərbaycan böyük şahmat lövhəsində böyük fiqurları bir - bir şah və mat etməyi bacarır. 44 günlük müharibə, son 4 ildə ordumuzun uğurları, Xankəndidə bayrağımızın asılması və bizi gözləyən sonrakı hadisələr..".