"Ermənistan rəsmiləri ilk dəfə deyil ki, sülh prosesində müəyyən irəliləyiş olmasından, hətta yaxın dönəmdə müqavilənin bağlana biləcəyi ehtimalından danışırlar. XİN başçısı Arorat Mirzoyan 2022-ci və 2023-cü illərin sonlarına kimi sülh sazişinin imzalanacağını iddia etmişdi".
Bu barədə "Sherg.az"a Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.
Partiya rəhbəri bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan da sülhlə bağlı mütəmadi anonslar verir:
"Amma sonrakı dönəmlərdə görürük ki, iş müzakirələrdən real müstəviyə, əməli fəaliyyətə gələndə İrəvan hökuməti qeyri-konstruktiv mövqe sərgiləyir. İrəvan müxtəlif bəhanələr gətirir, qarşılıqlı şərtlər irəli sürməyə cəhd edir. Nəticə etibarı ilə sülhün əldə olunması ertələnir. İstərdik ki, ən azından bu dəfə elə olmasın. Azərbaycan rəsmiləri də bir sıra məsələlərdə razılaşmanın olduğunu söyləyib. Hələlik danışıqlar, müzakirələr gedir. Kommunikasiyanın ikitərəfli olması və müzakirələrin vasitəçilərsiz aparılması müsbət haldır. Çünki vasitəçilər prosesi ləngidir. İstənilən halda Azərbaycanın qarşıya qoyduğu şərtlər mütləq qəbul olunmalıdır".
A.Əlizadə bəyan edib ki, əgər qarşı tərəf 5 baza prinsipinə əməl edərsə, sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də kommunikasiyaların açılması yönündə üzərinə düşən addımı atarsa, məsələlərin uzlaşmasından, mövqe yaxınlığından danışmaq olar:
"Qarşıdakı aylarda konkret nəticələri gərəcəyik. Erməni tərəfi həqiqətən səmimi olarsa, verdiyi sözlərə xilaf çıxmazsa, irəliləyiş mümkündür. Əks halda proses uzanacaq. Prosesin uzanması isə ermənilərin özlərinə ziyandır. Biz problemimizi həll etmişik. Sülh ilk növbədə İrəvan üçün lazımdır. Qarşı tərəf bunu nəzərə almalıdır".