Ermənistanın Qərblə təmasları... - RƏY

Bakının mövqeyi öyrənilib

  Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa Şurasının rəhbəri Şarl Mişel Brüsseldə görüşüblər. Tərəflər Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələsini, eyni zamanda Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə ediblər. Brüsseldə Fransa Prezidenti E.Makronla da görüşüb. Həmçinin aprelin 5-də Paşinyan, Avropa Komissiyasının rəhbəri U.Leyen və ABŞ dövlət katibi E.Blinken görüşəcək. Görünən odur ki, Fransa və Aİ Ermənistana qarant rolunda çıxış etməyə davam edir.
  Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov "Sherg.az"a deyib ki, o, Avropa İttifaqı, Avropa Şurası, Fransa və ABŞ rəhbərliyi ilə Ermənistanın baş nazirinin görüşlərinin bizim əleyhimizə yönələcəyini düşünmür. H.Rüstəmovun sözlərinə görə, bir qədər əvvəl NATO baş katibinin Bakı səfəri, ABŞ prezidentinin məktubu və dövlət katibinin telefon zəngi vasitəsilə Azərbaycanla olan əlaqələr göstərir ki, Paşinyanla görüşlərdən əvvəl rəsmi Bakının mövqeyi öyrənilib: 

"Ona görə də narahat olmağımıza bir səbəb görmürəm. Əksinə, Ermənistanın Qərblə sürətlə yaxınlaşması regionda imperiya ambisiyaları olan Rusiyanın maraqlarına ziddir. Bizim maraqlar isə tələb edir ki, Qafqazdan rus qoşunu çıxsın, sülh razılaşması əldə olunsun və regionda daim narahatlıq mənbəyi olmuş Ermənistan və onun xalqı sülhün müharibədən üstün olduğunu nəhayət ki, anlasın. Heç bir Qərb dövləti, hətta Fransa belə Ermənistanda Rusiyanın indiyədək oynadığı rolu oynaya bilməz. Nə Türkiyə, nə də regionun güclü ölkəsi olan Azərbaycan buna imkan verməz. Bir sözlə, Ermənistanın Qərblə təmaslarından narahat olmamalı, amma təbii olaraq daim nəzər-diqqətimizdə saxlamalıyıq".