Keçmiş erməni nazirin separatçı görüşləri - ŞƏRH

Oskanyan Baş nazir Nikol Paşinyana Azərbaycanla razılaşma əldə etməyə mane olmağa çalışır

  Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bu günlərdə ABŞ və Avropa ölkələrində müxtəlif yüksəkvəzifəli rəsmilərlə intensiv separatçı görüşlər keçirir. Bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb. Nəşr Oskanyanın “Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi komitəsi” adlı separatçı quruma rəhbərlik etdiyini yazıb. Oskanyanın qərbli rəsmilərlə “ermənilərin Qarabağa qayıdışı” mövzusunu müzakirə etdiyi bildirilir. “Joqovurd” Oskanyanın xarici ölkələrə göndərildiyini yazsa da, bu təşəbbüsün kim və ya hansı ölkədan gəldiyini qeyd etməyib. Oskanyanın yaxın vaxtlarda İrəvana qayıdacağı, danışıqlarının nəticələrini təqdim etmək üçün keçmiş separatçı rejimin üzvləri ilə görüşəcəyi vurğulanır. Həmçinin nəşr qeyd edib ki, Qarabağla bağlı müzakirələr Ermənistan hakimiyyətinin narazılığına səbəb olub. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Oskanyanın separatçı fəaliyyətini “ikiüzlülük” adlandırıb.
  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın ABŞ və Avropa ölkələrində yüksəkvəzifəli rəsmilərlə intensiv görüşlərinə dair xəbərlər yayılıb. Ekspertin sözlərinə görə, Oskanyan Baş nazir Nikol Paşinyana Azərbaycanla razılaşma əldə etməyə mane olmağa çalışır:

"Oskanyan Paşinyanın bütün addımlarını tənqid edir. Bu baxımdan ABŞ və Avropa ölkələrində Vardan Oskanyanla görüşən rəsmilər kimlərdir? Axı həm Vaşinqton, həm də Brüssel Nikol Paşinyana dəstək verir. Belə çıxır ki, həmin dairələr Paşinyana dəstəklə yanaşı onun mövqelərini zəiflətməyə çalışan Oskanyanla da fikir mübadiləsi aparırlar. Ancaq bu, Rusiyanın təsirindən qurtulmağa çalışan Nikol Paşinyana əlavə problem yaradır. Bu isə Qərbin maraqlarına ziddir. Ya da ki, Vardan Oskanyan ABŞ və Avropada aşağı səviyyədə qəbul olunur, onun fikirləri diqqətə alınmır. Vardan Oskanyan müxalifət partiyalarında təsmil olunmayıb, deputat deyil, sadəcə özünün təsis etdiyi fond sədridir. Böyük ehtimalla fondu üçün müxtəlif təşkilatlardan ianə toplayır, içində erməni lobbisinin təmsilçiləri də var, yol və hotellərdə qalma pulunu onlar verir".
  Analitikə görə, Nikol Paşinyanın daxili və xarici siyasətindən narazı qalan erməni diasporunun imkanlı nümayəndələrinin Oskanyana maliyyə ayırdığı istisna deyil: "Vardan Oskanyan eyni zamanda təsis etdiyi “Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi komitəsi”nə diqqəti cəlb etməyə çalışır. Paşinyan və onun komandası Qarabağ mövzusunu unutmağa çalışarkən, Oskanyan tam tərsiylə məşğuldur. Əgər Nikol Paşinyan Azərbaycanla razılaşma əldə etmək istəyirsə, Oskanyan kimilər ona mane ola bilməyəcək. Buna baxmayaraq, suyu bulandırmağa çalışan Oskanyanın fəaliyyəti müxtəlif qüvvələrin maraqlarına xidmət edir. Bunlar arasında Ermənistanın radikal müxalifətindən tutmuş Paşinyana nifrət edən Rusiyadakı dairələrə qədər mərkəzlər var".