Paşinyan anlayır ki, Qazaxın kəndləri qaytarılmadan sülh sazişinin imzalanması mümkün görünmür
Son günlərdə Ermənistanda əsas müzakirə predmetindən biri Qazaxın anklav olmayan 4 kəndinin - Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimlinin qaytarılması ilə bağlıdır. Baş nazir Nikol Paşinyanın çıxışlarından görünən odur ki, İrəvan bu məsələdə mövqeyini qətiləşdirib. Baş nazir erməni ictimaiyyətini də atılacaq addımlara hazırlayır. Erməni mətbuatı Paşinyanın komanda üzvləri ilə qapalı görüşlərdə kəndlərin yaxın günlərdə qaytarılmasından bəhs etdiyini yazırlar. Hakim Mülki Müqavilə Partiyasından olan deputat Akop Aslanyan yerli mediaya açıqlamasında deyib ki, Paşinyan son çıxışları zamanı Tavuşun dörd kəndinin yer almadığı Ermənistan xəritəsinin maketini göstərib. Onun sözlərinə görə, bu, Almatı Bəyannaməsi əsasında qəbul edilmiş xəritədir: "Bu, Ermənistanın BMT-yə üzv olduğu xəritədir. Xəritədə göstərilənlər birbaşa yerdə əsas götürülür. Məhz bunun əsasında delimitasiya və demarkasiya danışıqları aparılır. Bizə məxsus olan bizim olmalıdır, düşmənə məxsus olan isə qaytarılmalıdır". Aslanyan sərhədlərin dəqiqləşməsinə şimaldan başlamağı düzgün hesab edib. Onun fikrincə, Tavuş bölgəsində tərəflər kompromisləri daha tez və asan tapa bilər, sonra isə bu razılaşma digər ərazilərdə dərinləşməlidir. Prosesin uzunmüddətli olmayacağı gözləntisi çoxdur. İrəvan anlayır ki, Bakı onun bu məsələdə imitasiya etdiyini anlayarsa, hərbi varianta əl ata bilər. Ekspertlərin fikrincə, Ermənistan 4 kəndin qaytarılmasından sonra Tavuş istiqamətində delimitasiya prosesini başlatmaq və istədiyi “güzgü prinsipi” məsələsində praktiki irəliləyişə nail olmaq istəyir. Paşinyanın Tavuşda ermənilərlə görüşdə dediklərindən belə anlaşılırdı ki, tərəflərin təmaslarında kəndlərin qaytarılmasından sonra bu məsələnin müzakirə mərhələsinə keçə biləcəyi istisna edilməyib. Sülh sazişində müəyyən irəliləyişlərin edilməsi istəkləri var və əsas problemlərdən biri də sərhədin delimitasiyasına dair fikir ayrılığıdır. İstisna deyil ki, tərəflər kəndlərin qaytarılmasından sonra delimitasiya ilə bağlı irəliləyişə nail olmaq haqda ortaq mövqeyə gəliblər. Bu amillər 4 kəndin təhvil verilməsinin yaxın dövrdə reallaşmasının mümkün olduğu fikrini ön plana çıxarır. Qazaxın anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılacağı gözləntiləri fonunda ermənilərin müzakirə etdiyi məsələlərdən biri də Rusiyadan Ermənistana gələn qaz kəmərinin taleyinin necə olacağıdır. Qaz kəmərinin bir hissəsi Əskipara kəndi ərazisindən keçir. Kəndlərin qaytarılmasından sonra bu qaz kəməri də Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Ermənistan hakimiyyəti bir neçə həftə öncə qaz kəmərinin alternativ istiqamətdən çəkiləcəyini açıqlamışdı. Lakin "Qazprom" Ermənistan QSC bunu təkzib edib. Erməni mediası yazır ki, yeni qaz xətti çəkilməyəcəyi təqdirdə 4 kəndin qaytarılmasından sonra İrəvana gedən qaz kəməri Azərbaycanın nəzarətinə keçəcək. Ermənistan parlamentinin müxalif deputatı, hərbi ekspert Tiqran Abramyan da 8 kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş bölgəsində yaranacaq vəziyyətlə bağlı xəritə yayıb. T.Abramyan kəndlərin 4+4 sxemi üzrə qaytarılacağını bildirib. O, Azərbaycan Ordusunun irəliləyərək, yerləşəcəyi yeni mövqelərin də xəritədə əks olunduğunu qeyd edib: “Bu xəritədə 8 kəndin təhvil verilməsindən sonra yaranacaq problemlər aydın şəkildə əks olunub. Qısa olaraq qeyd edim ki, Noyemberyan şəhəri və qonşu kəndlər yarımmühasirə vəziyyətinə düşəcək, eyni zamanda azərbaycanlılar Lori rayonunun müxtəlif yaşayış məntəqələrindən təhlükə yarada biləcək məsafədə yerləşəcəklər. Tavuşun, ümumilikdə Ermənistanın əsas rabitələri ya pozulcaq, yaxud yeni yollar çəkilsə də, onlar azərbaycanlıların nəzarət zonasına düşəcək”.
Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında vurğulayıb ki, işğal altında olan kəndlərimizin geri qaytarılması tələbi dəfələrlə gündəmə gətirilib. Ekspert xatırladıb ki, bu tələb 10 noyabr bəyanatının ilkin variantına da salınmışdı. Lakin sonradan erməni-rus danışıqları həmin bəndin üçtərəfli bəyanatından çıxarılması ilə nəticələndi:
"Nikol Paşinyan hesab edir ki, ilk növbədə 4, yəni Qazaxın anklav olmayan kəndləri geri qaytarılmalıdır. Baş nazir bunu delimitasiya prosesinin başlanğıcı kimi qiymətləndirir. Ancaq erməni cəmiyyətində buna etiraz edənlər var. Çünki həmin kəndlər mühüm nəqliyyat xətləri üzərində yerləşir. Söhbət qaz boru kəmərindən və Gürcüstana gedən avtomobil yolundan gedir. Buna görə Ermənistanda "kəndlər verilməməlidir" düşüncəsində olanlar da var. Ancaq sözügedən kəndlər bizimdir və gec-tez qaytarılması ermənilərin istəyindən asılı deyil. Anklav kəndlər də qaytarılmalıdır, onlar da mühüm əhəmiyyətə malikdir. Xüsusilə İrana gedən avtomobil yolu həmin kəndlərdən birindən keçir".
Analitik vurğulayıb ki, Paşinyan anlayır ki, Qazaxın kəndləri qaytarılmadan sülh sazişinin imzalanması mümkün görünmür:
"Söhbət 4 yox, 8 kənddən getməlidir. Hələlik İrəvan ilk addım olaraq 4 kəndi qaytarmağı planlaşdırır və hesab edirəm, yaxın vaxtlarda bu məsələ həllini tapacaq. Anklav kəndlərlə bağlı məsələ isə bir az problem yarada bilər. Lakin bir neçə kəndin geri verilməsi sülh prosesini sürətləndirər. Azərbaycan Prezidenti ilə NATO baş katibinin görüşündə açıq şəkildə bəyan edildi ki, sülhə hələ heç vaxt indiki qədər yaxın olmamışıq. Erməni tərəfi prosesi pozmasa, qeyri-konstruktiv mövqedən imtina etsə, yaxın vaxtlarda sülh sazişini imzalamaq mümkün olacaq. Bundan sonra regionun iqtisadi əməkdaşlıq bölgəsinə çevrilməsi mümkünləşəcək".