Yubadılmadan parlament seçkiləri keçirilməlidir
Azərbaycanda yaxın aylarda parlament seçkisinin keçiriləcəyi ilə bağlı iddialar yenidən gündəmdədir. Məsələ ondadır ki, parlament seçkiləri 2020-ci ilin fevralında keçirilib və növbəti seçki 2025-ci ilin fevralında olmalıdır. Ancaq Azərbaycan qanunvericiliyinə görə, parlament seçkiləri noyabr ayının ilk həftəsinin çərşənbə günü keçirilməlidir. Bu isə o deməkdir ki, Milli Məclisə seçkilər gecikəcək. Qanunvericiliyə görə, seçkilər irəli çəkilə bilər, ancaq vaxtından gec keçirilə bilməz. Lakin 2024-cü ilin sonunda parlament seçkilərinin keçirilməsi mümkünsüz görünür. Çünki bu il noyabrın 11-dən 24-nə qədər ölkəmizdə irimiqyaslı tədbir - COP29 baş tutacaq. Belə məqamda parlament seçkilərinin keçiriləcəyi inandırıcı deyil. Buna görə də parlament seçkilərinin yay aylarında keçiriləcəyi vurğulanır. Müxalifət təmsilçiləri də parlament seçkilərinin bu il keçirilməsinin zəruri və qanunun tələbi olduğunu bildirirlər.
AĞ Partiya sədri Tural Abbaslı da "Sherg.az"a açıqlamasında bildirib ki, parlament seçkiləri dərhal, yubadılmadan keçirilməlidir. Partiya rəhbərinin sözlərinə görə, yeni dönəmə yeni parlament lazımdır:
"Xatırladım ki, indiki Milli Məclis Qarabağ zəfərindən öncə keçirilmiş seçkilər nəticəsində formalaşıb. Heç kəsə sirr deyil ki, Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevin də hazırkı parlamentin tərkibinin formalaşmasına təsiri olub. Elə şəxslər var ki, onlar parlamentdə olmamalıdır. Həmçinin qanunvericiliyin tələbləri də ondan ibarətdir ki, yaxın aylarda parlament seçkiləri keçirilsin. Əslində mövcud konstitusiyaya görə, seçki noyabr ayının 1-ci bazar günü keçirilməlidir. COP29 tədbirini kənara qoysaq belə, noyabrda parlament seçkisi keçirilə bilməz. Çünki ilin sonunda həm də bələdiyyə seçkisi keçirilməlidir. İki seçki üst-üstə düşür. Bələdiyyə seçkilərinin vaxtının dəyişdirilməsi proseduru yoxdur. 5 ildən bir keçirilir və dekabr ayına düşür. Noyabr ayında da təbliğat-təşviqat başlamalıdır. Seçki Məcəlləsinə görə, eyni anda iki seçki keçirilə bilməz".
T.Abbaslıya görə, yeganə variant odur ki, parlament seçkisi noyabrdan öncə keçirilsin: "Nəzərə alsaq ki, parlament seçkisindən sonra Mərkəzi Seçki Komissiyası yenidən formalaşdırılır və buna da hardasa bir ay zaman lazım olur. Belə hesablayanda seçkilər yay aylarına gəlib çıxır. Bu da növbədənkənar seçki sayılır. Növbədənkənar seçki üçün parlament özünü buraxmalıdır. Hesab edirəm ki, mövcud siyasi mühitə, geopolitik vəziyyətə uyğun, ən əsası seçicilərlə daim işləyən və daha çox partiyanın təmsilçiliyi ilə formalaşmış parlamentin seçilməsi məqsədəuyğundur. Biz də gözləyirik və əlimizdəki imkanlarla AĞ Partiya olaraq seçkiyə hazırlaşırıq. Ümid edirəm, aprel-may aylarında növbədənkənar seçki elan oluna bilər".