Borrell son zamanlar anti-azərbaycan mövqeyi tutur -ŞƏRH

"Brüssel bütün ölçülərdə əlaqələri gücləndirmək və inkişaf etdirmək üçün Ermənistanla səyləri birləşdirməyi planlaşdırır".
Bunu Brüsseldə AB-ABŞ-Ermənistan formatında keçirilən görüşdə Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Biz səylərimizi birləşdirmək istəyirik, məhz bu barədə xarici işlər naziri Ararat Mirzoyanla AB-Ermənistan tərəfdaşlığının səviyyəsini tərəfdaşlığımız çərçivəsində mümkün olan ən yüksək səviyyəyə qaldırmaq barədə razılığa gəldik. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bu tərəfdaşlıq proqramını dəstəkləməyə dair Ermənistan üçün əhəmiyyətli bir tədbirlər paketi elan edib”, - o vurğulayıb.
J.Borrell həmçinin qeyd edib ki, AB Ermənistanın suverenliyinə, demokratiya və möhkəmliyinə güclü sadiqliyini nümayiş etdirmək üçün amerikalı dostları ilə səyləri birləşdirməyə çalışır:
“Ermənistan dayanıqlılığını yüksəldəcək islahatlar üzərində işləməyə davam etməlidir. Bu səylər hərtərəfli və genişləndirilmiş tərəfdaşlıqla bağlı sazişin bir hissəsi olacaq”.
O bildirib ki, Ermənistanın daha güclü və daha sabit olması Cənubi Qafqaz üçün də əhəmiyyətlidir.

Mövzu ilə bağlı danışan politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlaması zamanı deyib ki, Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması istəyinə cavab olaraq rəsmi Moskva Ermənistanda siyasi-iqtisadi böhranı dərinləşdirəcək:

"AB-ABŞ-Ermənistan 3 tərəfli formatı başa çatıb. Avropa Birliyi və ABŞ-nin Ermənistana verəcəyi maliyyə yardımı isə o qədərdə böyük deyil. Ümumiyyətlə Jozep Borrell son zamanlar anti-azərbaycan mövqəyi tutur. Ermənistanın Avropa Birliyi və ABŞ-yə yaxınlaşması isə Rusiya ilə siyasi böhranın artmasına səbəb olur. Rəsmi İrəvanın Qərblə yaxınlaşmasına cavab olaraq Moskva Ermənistana təzyiqləri artıracaq. Görünən odur ki, Ermənistanın Rusiyadan ayrılması çox ağrılı olacaq. Bunun nəticələrini hər bir erməni vətəndaşı öz sosial həyatında görəcək. Paşinyan hökuməti son zamanlar regionu Rusiyanın təsir dairəsindən çıxarmağa çalışır. Təbii ki, Rusiyanın regiondan çıxması Azərbaycanın milli və təhlükəsizlik maraqlarına uyğundur. Qərb isə Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq istəyir. Lakin Fransanın buradakı mövqeyi birmənalı deyil. Rəsmi Paris Cənubi Qafqazda güclənməyə və Azərbaycana təzyiq etməyə çalışır. Amma təbii ki, bu mümkün olmayacaq".

Yusif Mamedov