İrəvandakı  yeni siyasi şou birbaşa Rusiyadan idarə olunur - Rəy

Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan “Ümumerməni Cəbhəsi” adlı yeni partiya yaradıb. Ötən gün keçirilən qurultayda o, bu siyasi təşkilatın sədri seçilib. Karapetyan bildirib ki, hazırkı hökumət ölkəni idarə etmək iqtidarında deyil. Partiya sədri baş nazir Nikol Paşinyanı istefaya çağırıb: 
“Biz daha güclü Ermənistan yaradacağıq. Bütün dəyişikliklərə partiyamız yox, xalq qərar verəcək”, o deyib. Qeyd edək ki, bu vaxtadək sözü gedən təşkilat hərəkat kimi fəaliyyət göstərib. Əksər ekspertlər bu partiyanın, daha doğrusu general Karapetyanın birbaşa Rusiyaya, Kremlə bağlı olduğunu deyirlər. Partiyanın yaradılmasının da Moskvanın planı olması qeyd olunur və iddia edilir ki, Kreml Paşinyanı bu yolla devirməyi planlaşdırır. 

Azərbaycan Demokratik Partiyasının sədr müavini Həsrət Rüstəmov "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın Moskvadan uzaqlaşmaq cəhdləri artdıqca, Rusiyanın Paşinyan hökumətinə təzyiqlərinin artması heç də təəccüblü deyil. 

Siyasi şərhçi bildirib ki, İrəvandakı bu yeni siyasi şou birbaşa Rusiyadan idarə olunur: 

"Rəhbərinin sabiq hərbçi və general olması da təsadüfi deyil. Bunun çox güman ki, ermənilərin itirilmiş hərbi mövqelərini bərpasına edilən mesaj kimi qəbul olunması nəzərdə tutulub. Amma Moskva da, İrəvandakı rusiyapərəstlər də bir şeyi anlamalıdırlar ki, sadə ermənilər Rusiyanın da, onun yerli nökərlərindən də beziblər. Hərbi məğlubiyyətdən sonra Paşinyanın partiyasımın yenidən qələbə qazanması bunu təsdiq edir. Azsaylı revanşist xəyallı ermənilərin Moskvanın işinə yenə də yaramayacağını düşünürəm".