İran İsrail istiqamətində ballistik raket və kamikadze PUA-lar buraxıb. Bununla İsrailin dərinliklərindəki hədəflərin vurulması planlaşdırılıb. Lakin raket və PUA-ların əksəriyyəti İsrailin havadan hücum müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. İranın BMT-dəki nümayəndəliyi məlumat yayıb ki, İanın BMT-nin özünümüdafiə nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirdiyi hərbi əməliyyat sionist rejimin Dəməşqdəki diplomatik binalarımıza hücumuna cavab olub: “Məsələnin yekunlaşdığını güman etmək olar. Lakin İsrail rejimi növbəti səhvə yol verərsə, İranın reaksiyası daha sərt olacaq”.
İsrail uzun illərdir ki, İrandan birbaşa hücum ehtimalına hazırlaşır və həm müdafiə, həm də hücumda hadisələrin istənilən inkişafına hazırdır. İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, son illərdə və hətta son həftələrdə İsrail İrandan birbaşa hücum ehtimalına hazırlaşır: "Müdafiə Nazirliyindən bildirilib ki, bütün təxribatlara adekvat cavab tədbirləri görülüb və görüləcək. hazır vəziyyətdədir”.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari da deyib ki, İsrail Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri hazır vəziyyətdədir: "Onlarla təyyarə səmadadır və ABŞ ilə sıx koordinasiyadayıq". O bildirib ki, İsrail ordusu bu həftə vəziyyəti qiymətləndirib və İrandan hücuma hazırlaşmaq planlarını təsdiqləyib. ABŞ Prezidenti Co Bayden istirahət gününü yarımçıq kəsərək Ağ Evə qayıdıb. Bayden aprelin 12-də axşam saatlarında Delaver ştatındakı iqamətgahına gedib və orada bütün həftə sonunu keçirməli idi. Lakin Ağ Ev rəhbəri Yaxın Şərqdəki hadisələrlə bağlı milli təhlükəsizlik üzrə komandası ilə məsləhətləşmək üçün Vaşinqtona qayıdıb.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, İran nəhayət İsraildən “qisas” almaq üçün hərəkətə keçdi.
Analitik vurğulayıb ki, hücumun qarşısı böyük ölçüdə alınıb:
"İsrail Hərbi Hava Qüvvələri və ABŞ təyyarələri səmada İran PUA-larını “ovlamaq” üçün hazır vəziyyətə gətirilib. Hücumda müəmmalı görünən məqam saatlar sonra hədəflərinə çatan PUA-ların hərəkət istiqaməti ilə bağlı medianın belə məlumatlar yaya bilməsidir. Misal üçün, “Al Arabiya” İran PUA-larının İraqın cənubundan İsrailə keçdiyini yazır. Bu, Trampın dövründə İranın Yaxın Şərqdəki ABŞ hədəflərini “vurması”nı yada salır: Tehranın “qisas” görüntüsü yaratmaq məqsədilə raket zərbələri haqda öncədən Vaşinqtonu məlumatlandırdığı, hücumdan öncə amerikalı hərbçilərinin bazaları tərk etdiyi haqda informasiyalar vardı. Bunu hətta Tramp da sonralar dilə gətirmişdi. Atılan raketlərin ABŞ bazalarının daha çox ətrafına düşməsi də bu kontekstdə diqqət çəkirdi. İndi İran “qisas” məqsədilə İsrailə dron sürüsü göndərir. Amma hədəfdə olan ölkə də daxil olmaqla hər kəs “karqo sifarişi”ni gözləyən kimi PUA-ların yolunu gözləyir. İranın hücumunun hərbi müstəvidə təsirinin nə qədər effektli olacağı mübahisəlidir. Lakin bunun bütün bölgədə siyasi təzyiqi yüksəldəcəyi qaçılmaz olacaq. Xüsusilə Tehranın digər ölkələrə qarşı “İsraillə münasibətlərin kəsilməsi” kimi siyasi narsizmə əsaslanan tələbləri aktuallaşa bilər. Bu konteksdə Azərbaycanın da üzərinə gələcəkləri gözləntisi var".