İlin ikinci yarısından sonra... - ŞƏRH

Ermənistan hökuməti sülhdə maraqlı olduğunu göstərir

“Təbii ki, Rusiyasız bu, çətin məsələdir, amma ortaq nöqtələr yox deyil”

  Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh prosesindən danışıb. Nazir bildirib ki, Azərbaycan bölgədə sülh və quruculuq istiqamətində səylərinə Ermənistan tərəfindən qarşılıq göstərilməsi vacibdir. Ermənistanın Baş naziri Nikol Paşinyan isə deyib ki, İrəvan Azərbaycana təqdim etdiyi üç prinsip əsasında regionda sabitliyi və sülhü bərqərar etməyə hazırdır. Qeyd edək ki, təxminən bir aydır İrəvan-Bakı arasında Qazaxın anklav olmayan 4 kəndinin qaytarılması məsələsi müzakirə predmeti idi. Lakin aprelin 5-də Brüsseldə keçirilən ABŞ, Avropa Birliyi və Ermənistan rəhbərliyi arasında üçtərəli görüşdən və ardınca şərti sərhədlərdə baş verən təxribatlardan sonra sülh prosesi yenidən dalana dirənib. Paşinyan hökuməti sülh danışıqlarına hazır olduğunu söyləsə də, İrəvan irəliyə doğru heç bir addım atmır.  
  Politoloq Azər Qasımov "Sherg.az"a bildirib ki, İrəvanın ritorikasındakı sülhə yönəlik çağırışlar müqavilənin imzalanmasına ümid yaratsa da, sülh məsələsi hələ də açıq qalmaqdadır. Ekspertin fikrincə, Ermənistan hələ də vaxt uzatmaqla məşğuldur:

"Ermənistan regionda və dünyada beynəlxalq konyukturun dəyişməsini gözləyir. Eyni zamanda prosesdə region üçün arzuolunmaz partnyorları aktiv şəkildə prosesin içərisinə daxil etmək istəyir. Buna baxmayaraq, tərəflər arasında sülhün əldə olunması heç vaxt bu qədər yaxın olmayıb. Ermənistan hökuməti sülhdə maraqlı olduğunu göstərir. Azərbaycan üçün də prosesdə kimlərin olmasından asılı olmayaraq sülh prioritet məsələdir. Təbii ki, Rusiyasız bu, çətin məsələdir, amma ortaq nöqtələr yox deyil. Hesab edirəm, ilin ikinci yarısından sonra sülh bağlana bilər və ya sülhü yaxınlaşdırıcı ön müqavilə imzalanar. Azərbaycan və Ermənistan sülh bağlamaqla iri dövlətlərin regionda kəsişən maraqlarına son qoymalıdır. Bu, hamının xeyrinə olar".