Ermənistandan on milyardlarla dollar məbləğində təzminat tələb ediləcək
Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr başlayır. Bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə “X” platformasında bildirib. Azərbaycan tərəfini prosesdə xarici işlər nazirinin müavini Elnur Məmmədov təmsil edir. BƏM aprelin 15-dən 19-dək Haaqadakı Sülh Sarayında "İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında" Beynəlxalq Konvensiyanın tətbiqi ilə əlaqədar Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirəcək. Qeyd edək ki, 16 sentyabr 2021-ci ildə Ermənistan sözügedən konvensiyanın pozulması iddiaları ilə Azərbaycana qarşı proses başladıb. 21 aprel 2023-cü ildə Azərbaycan məhkəmənin yurisdiksiyasına ilkin etirazlarını təqdim edib. BƏM-in digər press-relizində isə İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (“Azərbaycan Ermənistana qarşı”) tətbiqi işi üzrə Ermənistanın ilkin etirazlarına dair dinləmələrin keçiriləcəyi qeyd olunub. Bildirilib ki, dinləmələr aprelin 22-dən 26-dək keçiriləcək.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Sherg.az"a deyib ki, 30 il erməni işğalının ardından Azərbaycan dövlətinin qarşısında duran əsas məqsədlərdən biri ölkəmizə, xalqımıza dəymiş maddi və mənəvi zərərin ödənilməsi istiqamətində beynəlxalq məhkəmələrlə iş aparmaqdır. Ekspertin fikrincə, Azərbaycan dövləti Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edərək bizə dəymiş ziyanın ödənilməsi ilə bağlı beynəlxalq məhkəmə davası açıb:
"Bir neçə dəfə bu istiqamətdə məhkəmə prosesləri keçirilib, Azərbaycanın xeyrinə qərarlar qəbul edilib. Amma bu, uzun sürən proses olduğu üçün məhkəmə çəkişmələri hələ davam edir. Əlbəttə, bu məqam Azərbaycan-Ermənistan arasında gedən sülh danışıqlarına təsir etməməlidir və etməyəcək. Çünki Azərbaycan qələbə qazanmış tərəfdir və istənilən halda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq. Amma sülh müqaviləsinin imzalanması o demək deyil ki, Azərbaycan keçmişdə yaşananları unudacaq, təzminatdan vaz keçəcək. Dünya praktikasında belə hallar çox olub. İllərdir müharibə aparan ölkələr sülh müqaviləsi imzalandıqdan sonra dəymiş ziyanın ödənilməsi üçün məhkəmələrə müraciət ediblər. Azərbaycan da öz suveren hüququndan istifadə edir. İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış maddi-mənəvi, dini abidələrimizin, yaşayış məntəqələrimizin, flora və faunamızın bərpa olunması üçün beynəlxalq məhkəmələrə müraciət ünvanlayır".
Ə.Şahidov vurğulayıb ki, Ermənistandan on milyardlarla dollar məbləğində təzminat tələb ediləcək və mərhələli şəkildə Azərbaycana ödəniləcək: "Beynəlxalq məhkəmələrdə Azərbaycanın haqqının ödənilməsi istiqamətində yüksək səviyyədə iş aparılır. Əldə edilən uğurlar onu deməyə əsas verir ki, bir neçə il ərzində məhkəmələr yekun qərar çıxaracaq və Azərbaycana dəymiş ziyan tam ödəniləcək. Həmin vəsait işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldiləcək. Digər tərəfdən məhkəmə qərarları Ermənistanın işlətdiyi müharibə cinayətlərinin ifşa edilməsi və dünyaya tanıdılması istiqamətində çox önəmli hüquqi və siyasi bir addımdır".