Paşinyanın işi çətindir

Erməni ordusunun bütün elitası Rusiyada təhsil alıb

“Məsələn, hansısa generalı çıxarıb, onun yerinə polkovnik qoyacaqlar. Amma həmin polkovnik də Rusiyanın yetirməsidir”

  Xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan ordudakı Rusiya şəbəkəsini zərərsizləşdirmək üçün hərəkətə keçib. “Hraparak” qəzetinin yazdığına görə, bununla bağlı Brüsseldə onun qarşısına ABŞ və Avropa Birliyi tərəfindən şərt qoyulub. Qərbdən hökumət və ilk növbədə ordunu Rusiya fiqurlarından təmizləmək şərti var, Paşinyan yaxın həftələrdə bunu həyata keçirməyə başlaya bilər. Müdafiə Nazirliyində artıq qərbyönlü islahatlar başlayıb.
  Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan ordusu Rusiyaya meyilli qüvvələrdən asanlıqla qurtulacağını düşünmür. Ekspertin sözlərinə görə, erməni ordusunun bütün elitası Rusiyada təhsil alıb:

"Rusiyada yetişən bu şəxslərin hamısı cinayətkar "Qarabağ klanı"nın üzvləridir və Moskvaya sadiqdir. Son 30 ildə Ermənistan ordusundakı bütün kadrları "Qarabağ klanı" təyin edib. Ona görə də erməni silahlı qüvvələri arasında qısa zamanda "təmizlik" mümkün deyil. Məsələn, hansısa generalı çıxarıb, onun yerinə polkovnik qoyacaqlar. Amma həmin polkovnik də Rusiyanın yetirməsidir. Bir zabiti başqası ilə əvəzləyəcəklər, o da Kremlə bağlı adam çıxacaq. Problem odur ki, erməni ordusu tamamilə rusmeyilli şəxslərdən formalaşıb. Bu problem təkcə orduda, Müdafiə Nazirliyində deyil, Ermənistanın Daxili İşlər Nazirliyində, təhlükəsizlik orqanlarında da vəziyyət eynidir. Az qala 3-5 aydan biri naziri, güc strukturunun rəhbərini dəyişirlər, ya da həbs edirlər. Bu da onu göstərir ki, Paşinyanın yeni təyin etdiyi kadrlar da Baş nazirə yox, Moskvaya sadiqdir. Bu məsələdə Paşinyana ciddi dəstək lazımdır".
  T.Rzayevin qənaətincə, İrəvan hökuməti planlaşdırdığı addımları atarsa, Rusiya-Ermənistan münasibətlərində ciddi böhran yaşanacaq: "Rusiya bölgələrdə ona sadiq kadrların dəyişdirilməsini heç cür qəbul etmir. Bunu özünə təhdid kimi görür. Bunu Gürcüstanın sabiq rəhbəri M.Saakaşvilinin timsalında görmüşük. Putin Saakaşvili qarşısında iki əsas şərt qoymuşdu. Kreml rəhbəri ordu və təhlükəsizlik qurumuna təyin etdiyi rəhbərlərin ona sadiq kadrlar olmasını istəyirdi. Böyük ehtimal, Putin Ermənistandakı dəyişiklikləri də rahat və sakit qəbul etməyəcək. Baş verənlər Paşinyana ağır başa gələ bilər".