Parlamentari: Azərbaycan diasporası ayıq-sayıq olmalıdır

Ermənilər Ruben Vardanyanın fəaliyyətinə müəyyən dərəcədə bəraət qazandırmaq üçün ciddi fəaliyyətə keçiblər
 
"Lemken İnstitutu" faktiki olaraq Azərbaycana qarşı qarayaxma kampaniyasını həyata keçirən təşkilatlardan biridir
 
 
 Qərbi Azərbaycan İcması beynəlxalq təşkilatları və vətəndaş cəmiyyətini radikal erməni millətçi dairələrinin dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmağa çağırıb. Bildirilib ki, son dövrlər “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu” adlı qurum davamlı olaraq Azərbaycanı hədəfə almaqdadır. Vurğulanıb ki, Ermənistanda bir nəfər də azərbaycanlının qalmamasını, bu dövlətin Azərbaycan ərazisini işğal edib orada törətdiyi çoxsaylı soyqırımı aktlarını görməzdən gələn bu kontorun fəaliyyəti demək olar ki, ancaq və ancaq Azərbaycana qara yaxmaqdan ibarətdir: "Terroçuluğun maliyyələşdirilməsi ittihamı ilə Azərbaycanda istintaq altında olan fırıldaqçı Ruben Vardanyan və digər dələduz Nubar Afyan tərəfindən maliyyələşdirilən bu “institut” əslində muzdlu mirzələrdən ibarət yığıntıdır". Qurumun fəaliyyəti haqqında açıq mənbələrdə yayılmış məlumatları diqqətlə gözdən keçirdikdə bu uydurma qurumun canfəşanlığının əsl səbəbləri məlum olur. Qurumun heyətində E.Poqosyan, L.Mirzoyan kimi erməni diasporasının radikal ünsürlərinin geniş təmsil olunması da təəccüb doğurmur. Qərbi Azərbaycan İcması sözügedən dairələrin Azərbaycana böhtan atmalarını və bu iyrənc əməlləri üçün soyqırımına qarşı beynəlxalq mübarizənin formalaşmasında böyük rol oynamış professor Rafael Lemkinin (1900-1959) adından sui-istifadə edilməsini sərt şəkildə qınayır. İcma dövlətləri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyətini radikal erməni millətçi dairələrinin bu cür dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmağa çağırır.
 
Millət vəkili Naqif Həmzəyev "Sherg.az"a deyib ki, Azərbaycanda terrorçuluğun himayə edilməsi ittihamı ilə istintaq altında olan fırıldaqçı Ruben Vardanyan və Nubar Afyan tərəfindən maliyyələşdirilən "Lemken İnstitutu" faktiki olaraq Azərbaycana qarşı qarayaxma kampaniyasını həyata keçirən təşkilatlardan biridir. Deputatın sözlərinə görə, beynəlxalq təşkilatlar azərbaycanlıların soyqırıma məruz qaldıqlarını, Qərbi Azərbaycandan didərgin salındıqlarını dilə gətirmirlər: 
"Əksinə, Azərbaycanın ermənilərə qarşı "soyqırımı" törətdiyini iddia edirlər, çünki erməni lobbisi beynəlxalq təşkilatları dezinformasiyalarla yemləyir. "Lemken İnstitutu" da Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. Erməni lobbisinin tirajladığı yanlış dezinformasiya əsasında Azərbaycanı ittiham edir, əsassız və qərəzli bəyanatlar, sənədlər qəbul edir. Heç də uzaq olmayan tarixə baxsaq, görərik ki, 1980-ci illərin sonunda Qərbi azərbaycanlılar Ermənistan SSR-in ərazisindən didərgin salınıblar. Amma onların hüquqları ilə bağlı 30 ildə heç bir beynəlxalq təşkilat hansısa bəyanat verməyib. 2022-ci ildə Qərbi Azərbaycan İcması yenidən təşkil olunduqdan sonra aktiv müraciətlər və fəaliyyət nəticəsində BMT tərəfindən müəyyən sənədlərin gündəmə gəlməsini görməyə başladıq. Təəssüflər olsun ki, ötən müddət ərzində yaratdığımız boşluqdan məharətlə istifadə edən ermənipərəst institutlar, tədqiqat mərkəzləri, beynəlxalq təşkilatlar Azərbaycan həqiqətlərinin yada salınmasının qarşısını alıblar. Uydurma "Sumqayıt məsələlərini" ortaya atıblar. Hərçənd Sumqayıt hadisələri də məhz erməni daşnakları tərəfindən törədilmişdi. Xocalı soyqırımı, Ağdaban, Başlıbel faciəsi və digər qətliamlar beynəlxalq təşkilatların araşdırma mövzusu olmayıb. Azərbaycan son dönəmlərdə baş vermiş hadisələri aidiyyəti qurumlara çatdıra bilir. Düzdür, biz bu məsələdə hələ də ermənilərə uduzuruq. Çünki uzun illərdir ermənilər bu sahədə çalışırlar. Ermənilərin yaydıqları dezinformasiyaları silmək üçün daha çox çalışmalıyıq".

 Parlament üzvü vurğulayıb ki, bu proseslərdə Azərbaycan diasporunun üzərinə çox böyük yük düşür:
 "Xatırlayırsınızsa, Şuşada keçirilən diaspora nümayəndələri ilə zəfər qurultayında cənab Prezident onlar qarşısında çox mühüm vəzifələr qoydu. Xaricdə yaşayan diaspora nümayəndələri həmin ölkənin vətəndaşlarına həqiqətləri anlatmalıdır, xalqımızın başına gətirilən bəlalar, müsibətlər, soyqırımlar onların diqqətinə çatdırılmalıdır. Ən əsası odur ki, bacardığımız qədər çalışmalıyıq ki, həmin ölkələrdə Azərbaycanı sevən ekspertlər, mütəxəssislər, jurnalistlər, politoloqlar yetişdirə bilək və onlar həmin ölkədə söz sahibi olsunlar. Ermənilər bu günə qədər bu işi məharətlə həyata keçiriblər və insan resurslarından öz maraqları naminə istifadə edirlər. Görürsüz, ermənilər Ruben Vardanyanın fəaliyyətinə müəyyən dərəcədə bəraət qazandırmaq üçün ciddi fəaliyyətə keçiblər, beynəlxalq qurumları hərəkətə gətiriblər. Biz də ya öz institutlarımızı yaratmalıyıq, yaxud diasporumuz ciddi araşdırmalar, tədqiqatlar aparan institutlarla əməkdaşlıq etməlidir. Qətiyyən rahatlaşmamalıyıq. Düşünməməliyik ki, 44 günlük Vətən müharibəsində qələbə çaldıq, suverenliyimizi bərpa etdik və işimiz bitdi. Yeni yetişən gənclərimizi milli ruhda tərbiyə etməliyik, onlara Azərbaycan həqiqətlərini öyrətməliyik. Eyni zamanda xaricdə yaşayan Azərbaycan diaspor nümayəndələri daha aktiv olmalıdırlar. Hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq Qərbi azərbaycanlı olmalıdır. Qərbi azərbaycanlıların hüquqlarının bərpası ilə əlaqədar səfərbərlik təşkil etməliyik. İcmanın çağırışlarına qoşulmalıyıq".