"COP29 da sülh müqaviləsi ilə tarixə düşəcək"  - ŞƏRH

"Sülh müqaviləsi üçün heç bir maneə yoxdur"

  Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşməsi istiqamətində ilk addım atılıb. Tarixdə ilk dəfə olaraq iki ölkənin sərhədini müəyyənləşdirən sərhəd dirəyi basdırılıb. Ermənistanın nəzarətində olan 8 kənddən 4-nün, yəni anklav olmayan yaşayış məntəqələrinin təhvil verilməsi ilə bağlı razılıq əldə olunub. Bu, nəhayət uzun onilliklərdən sonra iki ölkə arasında atılmış müsbət xarakterli addımdır.
  Bu barədə danışan politoloq Zərdüşt Əlizadə deyib ki, bu proses  azad edilmiş ərazilərin inteqrasiyası deməkdir. Eyni zamanda Ermənistanın Azərbaycandan qaz alması ilə bağlı məsələlər gündəmdədir. İqtisadi cəhətdən bu, vacib amildir”.
  Politoloq hesab edir ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh müstəvisində proseslər yekunlaşmaq üzrədir. 
Zərdüşt Əlizadə ehtimal edir ki, Azərbaycanda keçiriləcək COP29-da Nikol Paşinyanın iştirakı mümkündür

“Güman var ki, Azərbaycan tərəfi Paşinyana dəvət göndərəcək. Paşinyanın da gəlib bu tədbirdə iştirakına heç bir şübhə yoxdur. Onun COP29-da iştirakı heç də Azərbaycanla Ermənistan arasında imzalanacaq çərçivə sülh sazişi ilə bağlı deyil. Çünki COP29 həm də sülh tədbiridir”.
Qeyd edək ki, hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək.
Doğrudan da,  Azərbaycan Ermənistanı bu tədbirə dəvət edəcəkmi? Edəcəyi təqdirdə Ermənistan bu dəvəti qəbul edəcəkmi?
  Siyasi şərhçi Əziz Əlibəylinin fikrincə, Azərbaycan Ermənistanı COP29-a dəvət   edəcək. Azərbaycanın beynəlxalq reputasiyası, sülh tərəfdaşlığı proqramı və Ermənistanla münasibətlər üçün bu tədbir  əla fürsətdir:
  “Cənab Prezidentin COP ilə bağlı mesajları sülhə yönəlikdir. O qeyd edib ki, COP reallaşana qədər sülh olmasa belə, noyabr ayında Ermənistanla niyyət protokolu imzalaya biləcəklərinə əmindir. Ona görə də Ermənistanın bu tədbirdə iştirakını arzulayıram. Yəni bu iştirak sayəsində Ermənistan Azərbaycanla münasibətlərinin intensivliyini və mübadilə səviyyəsini artıra bilər. Bilmirəm, Ermənistanın baş naziri bu görüşdə iştirak etmək üçün məsələlərə kifayət qədər geniş baxış keçirə biləcəkmi? Amma ola bilsin, ki, ekologiya naziri və ya digər müvafiq parlament komissiyası iştirak etsin. Onların da çərçivəsində təmsil olunması normaldır”.
  Siyasi şərhçi Asəf Quliyev isə “Sherg.az"a açıqlamasında deyib ki, baş verən proseslərin dinamikası və verilən bəyanatların məzmunu göstərir ki, tərəflər arasında sülh müqaviləsi bu il bağlanacaq: 

“Böyük ehtimalla  COP29 da sülh müqaviləsi ilə tarixə düşəcək. Azərbaycan tərəfi bu müqavilənin başqa yerdə yox, məhz Bakıda imzalanmasını istəyir və bunun üçün hər şeyi edir.  Azərbaycan və Ermənistan arasında diplomatik kanallarla aparılan sülh müqaviləsinin şərtləri ilə bağlı məhktublaşma və verilən son təkliflər deməyə əsas verir ki, artıq sülh müqaviləsi üçün heç bir maneə yoxdur”.