Baş nazirin son bir ayda sülh istiqamətində atdığı addımlar, əslində, Azərbaycan tərəfinin yetərli təzyiqlərinin nəticəsidir
Azərbaycan və Ermənistan arasında, demarkasiya prosesi və geodeziya ölçmələri çərçivəsində artıq 35 dirək quraşdırılıb. Sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu yerinə yetirilib. Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç də Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi haqqında əldə edilmiş razılaşmanı alqışlayıb. Xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Azərbaycanın tərəfdarı olduğu ikitərəfli və birbaşa sülh danışıqları Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyə hesablanıb. Xarici işlər naziri bildirib ki, delimitasiya komissiyaları arasında əldə olunmuş son razılıqlar qarşılıqlı şəkildə qəbul oluna bilən nəticələrin əldə edilməsi baxımından ən effektiv və uğurlu xətdir.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a deyib ki, indiki şəraitdə prosesin ləngidilməsində səbəb Ermənistan cəmiyyətinin sağalmaz xəstəliyidir. Ekspertin sözlərinə görə, mifik dövlət xəyalları ilə yaşayan erməni toplumu sonunda dövlətsiz qalacaqlarının fərqində deyil:
"Ermənistan Baş naziri Nikol Paşinyanın son bir ayda sülh istiqamətində atdığı addımlar, əslində, Azərbaycan tərəfinin yetərli təzyiqlərinin nəticəsidir. Rusiya sülhməramlılarının vaxtından əvvəl Azərbaycanı tərk etməsi N.Paşinyanı fakt qarşısında qoydu. Ardınca Qazaxın anklav olmayan kəndlərinin qaytarılması barədə qərar verildi. Hesab edirəm ki, Prezident İlham Əliyevin sərt bəyanatları və qətiyyətli mövqeyi öz bəhrəsini verməkdədir. Sərhədlərin demarkasiya və delimitasiyası artıq başlayıb. Kənar əngəllərə baxmayaraq, son nəticədə çərçivə sənədinin imzalanması ilə proses davam etdiriləcək".