Rusiya lideri Vladimir Putin artıq bir neçə gündür dünyaya mesaj verir, “Zelenski heç bir səlahiyyətə malik deyil” deyir.
Onun fikrincə, Zelenskinin səlahiyyəti bitib, yeganə legitim hakimiyyət Ali Rada və Rada sədri Ruslan Stefançukdur. Hətta Putin özünə heç bir aidiyyəti olmasa da, hüquq professoru kimi danışaraq, Ukrayna Konstitusiyasından 111-ci maddəni sitat gətirdi, Zelenskinin səlahiyyətlərinin Ali Rada sədrinə verilməli olduğunu vurğuladı.
Rusiya dəfələrlə sülh danışıqlarına hazır olduğunu, Ukrayna Prezidenti Zelenskinin danışıqları qadağan edən rəsmi sənəd imzaladığını xatırdır.
Rusiya TŞ-nin yeni katibi Sergey Şoyqu da Ukrayna Sülh Forumunu qiymətləndirərkən, Zelenskinin səlahiyyət müddətinin bitdiyini xatırladıb və bu forumu Ukrayna liderinə “legitimlik donu geyindirmək” cəhdi adlandırıb.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən tanınmış jurnalisit, politoloq Fuad Abbasov söyləyib ki, Putinin bu açıqlamasından bir neçə ay öncə Ukrayna Prezidenti Zelenskinin rəsmi qaydada qəbul etdiyi qanun var:
“Həmin qanuna görə Ukraynanın hansısa Prezidentinin Rusiya tərəfi ilə danışıqlara getməsi qadağan olundu. Zelenskinin bu qanunu onun özünün də Rusiyanın məmurları, nazirləri ilə görüş keçirməyi qadağan edir. Təbii ki, belə olan halda Putinin Zelenski haqqında müsbət fikir söyləməsi qeyri-mümkündür. Putinə görə Zelenskinin Prezidentlik vaxtı bitib və yeni Prezident seçkiləri müharibə şəraitində keçirilməyib. Nəticə etibarilə də Putin Zelenskini Ukrayna lideri saymır. Amma başda Amerika Birləşmiş Ştatları, Fransa, Almaniya kimi dünya liderləri Zelenskini Ukrayna Prezidenti hesab edirlər və onunla müqavilələr imzalayaraq silah göndərirlər. Yəni Putinin Ukrayna Konstitusiyasından 111-ci maddəni sitat gətirməsi Zelenskinin Prezident kimi səlahiyyətlərini azaltmır. Ona görə də Rusiya Prezidentinin bu açıqlamasının heç bir legitim hüquqi yoxdur. Sadəcə olaraq Putin Zelenskinin səlahiyyətlərini sıfırlayaraq Rusiyanın atdığı addımın Ukrayna Prezidentinə qarşı deyil, Prezidentliyi üstlənmiş vətəndaşına qarşı olduğunu xatırladır”.