Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz (Misirlə - red.) üst-üstə düşür.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında səsləndirib.
Azərbaycan ilə Misirin beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışdıqlarını, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etdiklərini söyləyən dövlətimizin başçısı deyib ki, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk.
İki ölkə arasındakı münasibətləri “Sherg.az”a dəyərləndirən hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, Azərbaycan dünya siyasətinə aktiv şəkildə qatıldıqca dünya dövlətləri ilə əlaqələrində müəyyən canlanmalar müşahidə edilir:
“Misir isə bunun son örnəyidir. Azərbaycanın dinindən və irqindən asılı olmayaraq bütün dünya ölkələrilə qarşılıqlı maraqlar çərçivəsində iş birliyini artırmağa meyilli xarici siyasət xətti yürüdür. Bu isə inkişafı təmin edən əsas uğurlu addımlardır. Misir dövlətilə də bu siyasətin önəmi fonunda əməkdaşlıqlar aparılır. Yəni Misir ilə münasibətlər təkcə iki ölkə arasında əlaqələr kimi başa düşülməməli, eyni zamanda, regional müstəvidə Azərbaycanın dünya siyasətinə qatılması kimi dəyərləndirilməlidir. Misir öz regional əhəmiyyəti, hərbi-siyasi gücü ilə dünyanın əsas dövlətlərindən biri sayılır. Süveyş kanalının tranzit iqtisadi əhəmiyyəti Misirin nə qədər vacib ölkələrdən biri olduğunu sübut edir. Eyni zamanda, Fələstin-İsrail münaqişəsi fonunda da Misirin aktiv rol alan dövlətlərdən biri olduğunu gördük. Azərbaycan həm Afrikanın, həm də Ərəb dünyasının təmsilçisi olan Misirlə münasibətlərini inkişaf etdirməklə öz regional, iqtisadi, siyasi tərəfdaşlıqlarının sayını artırmağa çalışır”.
Analitik qeyd edib ki, Azərbaycan və Misir Qoşulmama Hərəkatında aktiv fəailyyətləri ilə seçilən ölkələrdəndir:
“Azərbaycan son vaxtlar Yaxın Şərq siyasətində də müəyyən canlanmalar aparır. Ona görə də Cənubi Qafqazdan Yaxın Şərqin Misirə qədər uzanan hissəsində tərafdaşlıqların əsasının qoyulması Azərbaycanın iqtisadi, siyasi manafeylərinə uyğundur. İndi planlanan hədəflər sırasında Yaxın Şərqlə münasibətlər də öz yerini alır. Bu isə gələcəkdə də Azərbaycana müəyyən üstünlüklər vəd edir. Coğrafi mövqe baxımından Azərbaycan-Misir biri-birilərindən uzaq sərhədlərdə yerləşirlər. Belə olan halda iki dövlətin nə naxtsa, üz-üzə gəlmə ehtimalından danışmaq olmaz. Yəni Azərbaycan və Misir hansısa məsələdə hərbi-siyasi gərginlik yaşamazlar. Bu gün imzalanan sənədlər, qarşıya qoyulan məqsədlər Azərbaycan və Misirin üçüncü tərəfin nəyi tələb etməsindən asılı olmayaraq tamamilə birlikdə əməkdaşlığa yönəliblər. Hər iki dövlət biri-birilərinin maraqlarına cavab verir”.