Çox gülüncdür
"Ermənistan hökuməti başa düşməlidir ki, burada hər hansı fobiya yoxdur”
"Ermənistan Konstitusiyasına dəyişiklik etməlidir"
Deputat yollarla bağlı elektron xəritələr və parklanmaya dair təkliflərlə çıxış edib
Deputat Gürcüstandan olan azərbaycanlı miqrantlara güzəşt olunmasını təklif edib
"Ermənistan hökuməti başa düşməlidir ki, burada hər hansı fobiya yoxdur”
Dünən Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib. Gündəlikdən öncə Mili Məclis adından Prezident İlham Əliyevə və Mehriban Əliyevaya təbrik məktubu ünvanlanıb. APA-nın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, iclas Azərbaycan tarixində taleyüklü əhəmiyyət daşıyan bir hadisənin ildönümü ərəfəsində keçirilir. Sahibə Qafarova deyib ki, sabah xalqımız Milli Qurtuluş bayramını dərin ehtiramla qeyd edəcək: “İllər keçdikcə biz o zaman Ulu Öndər Heydər Əliyevin o dövrdə göstərdiyi fədakarlığı və qəhrəmanlığı daha da yaxşı anlayırıq. Ölkədə faktiki olaraq qardaş qırğını başlamışdı, erməni işğalı, separatçılıq meyilləri dövlətin varlığını təhlükə altına almışdı. Yalnız xalqın təkidli tələbi ilə Heydər Əliyevin iyasi və dövlət rəhbərliyinə qayıtması Azərbaycanın parçalanması və məhv olması fəlakətinin qarşısını aldı. Ulu Öndər siyasi iradəsi, qətiyyəti, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti sayəsində Azərbaycan dövlətini qoruyub saxladı, möhkəmləndirdi və davamlı inkişaf yoluna çıxardı, onun geosiyasi əhəmiyyətini artırdı, ölkəmizi qlobal əhəmiyyətli iqtisadi layihələrin mərkəzinə çevirdi. Ulu Öndərin 30 ildən artıq bir dövrdə Azərbaycanın rəhbəri kimi fəaliyyətinin təhlili göstərir ki, müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olduğu kimi, bugünkü Azərbaycan parlamentinin də banisidir. Biz bunu dəfələrlə demişik ki, bizim üçün qürurverici bir haldır ki, Ümummilli Liderin böyük siyasətə qayıdışı məhz bu binadan başlamışdır. Ulu Öndərin qurtuluş və quruculuq missiyası bu gün eyni əzm və iradə ilə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət Azərbaycanı geniş bir bölgədə söz sahibi olan, dünyada səsi eşidilən qüdrətli bir dövlətə çevirib. Yaradılmış böyük siyasi, iqtisadi, hərbi potensial Ümummilli Liderimizin ən mühüm vəsiyyətini şərəflə yerinə yetirməyə imkan verib – Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və 1 günlük antiterror tədbirlərində əldə edilən möhtəşəm qələbələr sayəsində dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub, tarixi ədalət öz yerini tutub. Bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Əminliklə söyləmək olar ki, dövlət başçısı cənab İlham Əliyevin müstəsna liderlik keyfiyyətləri, siyasi məharəti və səriştəsi qarşıya qoyulan vəzifələri bundan sonra da uğurla yerinə yetirməyə imkan yaradacaq. Azərbaycan dövləti daim var olacaq, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “əbədiyyətə qədər yaşayacaq”. Spiker qeyd edib ki, bir neçə gündən sonra xalqımız insanları mərhəmətə və həmrəyliyə dəvət edən müqəddəs Qurban bayramını da qeyd edəcək: “Təklif edirəm ki, Milli Qurtuluş Günü və Qurban bayramı münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq”.
"Ermənistan Konstitusiyasına dəyişiklik etməlidir"
Deputat Tural Gəncəliyev deyib ki, bu gün Ermənistan Konstitusiyasının dəyişilməsi və oradan qonşu ölkələrə qarşı ərazi iddialarından imtina etməsinin önəmindən danışırıq: "Ermənistan hökuməti başa düşməlidir ki, burada hər hansı fobiya yoxdur. Müharibədən sonra ölkələr öz konstitusiyalarına dəyişiklik edib. Məsələn, Almaniya, İtaliya İkinci Dünya müharibəsindən sonra öz konstitusiyasına dəyişiklik edib, öz varislərindən imtina ediblər. Ermənistanın yaxın dostu olan Fransa da 1947-ci ildə bunu edib. Bütün bunlar onu göstərir ki, Ermənistan öz Konstitusiyasına dəyişiklik etməlidir. Çox gülüncdür ki, NATO-nun ikinci ən böyük ordusu olan Türkiyəyə qarşı Ermənistan öz ərazi iddiasını gerbində saxlayır”. Tural Gəncəliyev Avropa Parlamentində sağ radikalların yer qazanmasına da toxunub və bildirib ki, bu, azərbaycanafobiyanı, islamafobiyanı artıracaq.
Deputat yollarla bağlı elektron xəritələr və parklanmaya dair təkliflərlə çıxış edib
Deputat Naqif Həmzəyev deyib ki, yollardakı dəyişikliklər elektron xəritələr, naviqatorlara gec əlavə olunur. Onun sözlərinə görə, bu da turistlərin və sürücülərin yol hərəkət qaydalarını pozmalarına, qadağan olunmuş yollarda hərəkət etmələrinə səbəb olur: “Xüsusilə də paytaxtdan kənar rayon və şəhərlərdə bu hallara daha çox rast gəlinir. Adiyyəti qurumların bu məsələyə diqqəti artırmalarını xahiş edirəm. Digər tərəfdən, parklanma yerlərində fiziki qüsurlu şəxslər üçün xüsusi yerlər ayrılıb. Bu, təqdirəlayiq addımdır. Bununla yanaşı parklanma yerlərində elektrikli avtomobillər üçün də xüsusi yerlərin ayrılmasını təklif edirəm. Belə olacağı təqdirdə elektrikli avtomobillərə keçidin sürətlənməsinə az da olsa, təkan verəcəyimizi düşünürəm”. N.Həmzəyev qeyd edib ki, Gəncə şəhərində Daşkəsən istiqamətində hərəkət etmək üçün daha çox Təbriz küçəsi və 28 may prospektindən istifadə olunur: “Həmin yollarda su-kanalizasiya işləri uzun müddətdir aparıldığından bu yollarda hərəkət çox çətindir. Yalnız dördçəkər avtomobillər normal hərəkət edə bilir. Həmçinin şəhərin mərkəzində yerləşən Atatürk prospektində də oxşar vəziyyətdir. Yay aylarında gəncəlilər Xoşbulaq yaylağına mütəmadi səfərlər etdikləri üçün çox əziyyət çəkirlər. Xahiş edirəm ki, aidiyyəti qurumlara vəsait ayrılsın ki, bu yollar əsaslı qurulana qədər, mövcud çuxurlar yamansın, hərəkət normallaşsın”.
Deputat Gürcüstandan olan azərbaycanlı miqrantlara güzəşt olunmasını təklif edib
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, çoxlu sayda Gürcüstanda yaşayan həmvətənlərimiz müraciət edir. Deputat bildirib ki, onlar azərbaycanlı olsa da, Gürcüstan vətəndaşıdır: “Ailə Məcəlləsinə təklif edilən dəyişikliyi qəbul etsək, bu qadağalar onlara da şamil olunacaq. Belə çıxır ki, biz hansısa əcnəbiyə tətbiq etdiyimiz yanaşmanı azərbaycanlıya da tətbiq edək? Onlar azərbaycanlı olsa da, Gürcüstan vətəndaşıdır. Gələcəkdə bu halı necəsə nəzərə almaq lazımdır”. Qeyd edək ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.