Natiq Cəfərli: Seçkiləri avqustun sonu, sentyabrın əvvəlinə təsadüf edəcək

Parlament seçkiləri növbədənkənar olacaq

Bu günlərdə Azərbaycanda cəmiyyət parlament seçkilərinin tarixi ilə bağlı gözləntilər içindədir. Seçkilərin hansı tarixdə olacağı ilə bağlı fərqli yanaşmalar var. Ötən ayın ortalarından  belə bir məlumat yayıldı ki, parlament seçkiləri  növbədənkənar olaraq yay aylarında keçiriləcək.  
Bu ərəfədə bir neçə millət vəkilləri və MSK sədri Məzahir Pənahov da   açıqlama verərək parlament seçkilərin vaxtının qabağa çəkiləcəyini bildirmişdi. Məhz, bu yayılan məlumatlar fonunda keçiriləcək  növbədənkənar  seçkilərlə bağlı  parlamentin vaxtından əvvəl buraxılaraq yeni seçkilərin təyin ediləcəyi gözlənilirdi.  
Elə bu arada dünən Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
YAP-dan verilən xəbərə görə, iclasın gündəliyi barədə məlumat verən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər tarixi qələbələr əldə edilmiş, ictimai-siyasi həyatın, dövlət idarəçiliyinin bütün sahələrində çoxşaxəli və məqsədyönlü islahatlar uğurla və ardıcıl şəkildə həyata keçirilmişdir: “Bunun nəticəsi olaraq ölkəmiz özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 2020-ci ildə Vətən müharibəsində qazanılmış şanlı Zəfər nəticəsində Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyulmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmiş, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyi təmin olunmuşdur. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri ilə qanunsuz silahlı birləşmələr zərərsizləşdirilmiş, kriminal xunta rejiminin fəaliyyətinə son qoyulmuş, dövlətimizin suverenliyi onun bütün ərazisində bərqərar edilmişdir. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri davam etdirilir, doğma yurd-yuvasından didərgin salınaraq illərlə məcburi köçkün həyatı yaşamağa məhkum olunmuş soydaşlarımız ləyaqətli şəkildə əzəli torpaqlarına qayıdırlar. Müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində 2024-cü ildə keçirilmiş Prezident seçkiləri milli birlik və həmrəyliyimizin növbəti təzahürü olmuşdur”.

Tahir Budaqov əlavə edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda - 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Konstitusiyasının 981 maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilməlidir: “Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyət dövrü ərzində dövlətin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək, dövlət idarəetməsinin təşkili və daha da təkmilləşdirilməsi fəaliyyətində yaxından iştirak etmək, yerlərdə seçicilərlə müntəzəm iş aparmaq, həmçinin parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə olunması sayəsində milli maraqları beynəlxalq məkanda təəssübkeşliklə təmsil etməklə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışdır. Hesab edirik ki, indiki şəraitdə də Milli Məclis dövlət maraqlarını üstün tutaraq Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir”.

Sonra YAP Sədrinin müavini Əli Əhmədov, YAP İdarə Heyətinin üzvləri Hikmət Məmmədov, Musa Quliyev, Elşad Mirbəşiroğlu, Kamal Cəfərov, Anar İsgəndərov, Tahir Mirkişili və Bahar Muradova parlament seçkilərinin önə çəkilməsinin məqsədəuyğunluğunu əsaslandıraraq məsələyə münasibət bildiriblər.

Yekunda Yeni Azərbaycan Partiyasını Azərbaycan Respublikasının Milli Məclisində təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.


Respublikaçı Alternativ Partiyasının (REAL) partiyasının icraçı katibi Natiq Cəfərli də “Sherg.az”a açıqlamasında deyib ki, parlament seçkiləri növbədənkənar olacaq və avqustun sonu, sentyabrın əvvəlinə təsadüf edəcək: 

“Düzdür, isti havalarda seçkiyə hazırlıq,  təbliğat- təşviqaq işləri   çətin olacaq. İstidən əlavə  insanların istirahət üçün rayonlara və xarici ölkələrə getməsi paytaxt əhalisinin sayının azalmasına gətirib çıxaracaq. Bu bir az problem yaratsa da, seçkilər baş tutacaq. Ümid edirəm ki, sadalanan problemlər insanların aktivliyinə təsir etməyəcək. Əgər bu seçkilərdə xalq olaraq aktiv iştirak etməsək, məmləkətin sosial-iqtisadi problemlərinin həlli mərkəzini Parlamentin içinə daşıya bilməsək, 2025-in sonu, ya da 2026-nın əvvəlinə manat ucuzlaşacaq (ən yaxşı halda 10%, ən pis ssenaridə 25% devalvasiya olacaq), yaxın 2 ildə kommunal və nəqliyyat sahəsində bahalaşma, qiymət artımı olacaq, cərimələrdə, vergi və icbari ödənişlərdə artım olacaq – məsələn, icbari tibbi sığorta haqları artırılacaq. Manatın devalvasiyası, kommunal xidmətlərin, vergi-ödənişlərin artması isə 2026-27-ci illərdə ölkəyə daha güclü inflyasiya dalğası gətirəcək, qiymətlərin yüksəlməsi sürətlənəcək. 
Makroiqtisadi vəziyyətin təhlili və modelləşdirilməsi bu mənzərəni yaradır. Lakin  seçki aktivliyi bu proseslərin daha yumşaq keçməsinə, paralel olaraq vətəndaşın sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına səbəb ola bilər”.