Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Astanaya səfərə gəlib.
Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev və digər rəsmi şəxslər qarşıladılar.
Qeyd edək ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib.
İlham Əliyevin Astanada səfərini “Sherg.az”a dəyərləndirən “Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu söyləyib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına böyük əhəmiyyət verir:
“Düzdür, üzvlüklə bağlı məsələ hələ həll olunmayıb. Amma müşahidəçi qismində Prezident İlham Əliyev Qazaxıstandakı toplantıya qatılır. Bu tədbir Azərbaycanla Qazaxıstan arasındakı ikitərəfli əlaqələrin mövcud vəziyyətinin müzakirəsi üçün əhəmiyyətlidir. Eyni zamanda, başqa ikitərəfli görüşlər də təşkil olunacaq. Rusiya Prezidenti Vladimir Putinin də İlham Əliyevlə görüşü nəzərdə tutulur. Sözügedən tədbirdə iştirak Qazaxıstanla əməkdaşlığın inkişafı və Azərbaycanın gələcəkdə ŞƏT-ə üzlüyü baxımından çox önəmlidir. Azərbaycan nəqliyyat yollarının mərkəzində yerləşir. ŞƏT-in bir neçə üzvü Çindən başlayan Orta Dəhliz layihəsinin üzvləridir. Bu istiqamətdə də Qazaxıstanda müzakirələr aparıla bilər”.