MSK seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminarlara başlayıb

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) fərqli istiqamətlər üzrə çoxsaylı layihələri əhatə edən maarifləndirmə proqramı çərçivəsində növbəti tədbirlərə - seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminarlara start verilib.

APA-nın xəbərinə görə, ümumrespublika miqyaslı layihə qarşıdan gələn seçkilərdə vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılması, bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.

Layihənin açılışı və ilk seminar iyulun 15-də Komissiyanın inzibati binasında MSK sədrinin müavini Rövzət Qasımovun giriş nitqi ilə başlayıb.

Tədbirdə MSK nəzdində ekspert qrupunun üzvləri, Katibliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, o cümlədən Bakı və ətraf rayonların 52 seçki dairəsi üzrə dairə seçki komissiyalarının müraciətlərin araşdırılmasına məsul olan 156 eksperti iştirak edib.

Seminarda MSK nəzdində ekspert qrupunda təmsil olunan Komissiya üzvlərinin seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına dair təqdimatları dinlənilib.

Tədbirin praktiki hissəsində seçki qanunvericiliyi, müraciət və şikayətlər, o cümlədən ekspert fəaliyyəti ilə bağlı fərqli kazuslar üzrə məşğələlər keçirilib, iştirakçılar sınaq testlərinin həllinə cəlb edilib. Sonda fikir mübadiləsi və müzakirələr aparılıb, həmçinin iştirakçıları maraqlandıran məqamlara aydınlıq gətirilib.

Regional seminarların növbəti mərhələsinin iyulun 17-də Gəncə, Naxçıvan, Şəki və Masallıda keçirilməklə, ümumilikdə ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyalarının bütün ekspert qrupu üzvlərini əhatə etməsi nəzərdə tutulur.