Bakıda Türkiyədəki 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı konfrans keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad Fakültəsinin binasında "15 İyul Şəhidlərini anma, Demokratiya və Milli Birlik Günü" mövzusunda konfrans keçirilib.
APA-nın məlumatına görə, tədbirdə əvvəlcə 15 iyul 2016-ci il tarixində baş verən hadisələri əks etdirən videoçarx göstərilib.

Daha sonra Türk Dünyası İqtisad Fakültəsinin dekanı, professor Mehmet Yüce çıxış edib. 15 iyul 2016-ci il tarixində baş verən hadisələrə toxunan M. Yüce həmin hadisələrin Türkiyədə demokratik yolla seçilən hökuməti devirmək məqsədi daşıdığını qeyd edib:

"Demokratik dəyərləri dəstəkləmək uğrunda canından keçən bu gənclik həmin cəsur əməlləri ilə indiki və gələcək nəsillərə örnək oldular. Bu hadisə tarixə Türk millətinin misilsiz qələbəsi olaraq düşdü. Biz bu konfransın təşkilinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinə və Türkiyənin Azərbaycandakı Səfirliyinə təşəkkür edirik".

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı isə 15 iyul 2016-cı il hadisələri zamanı çevriliş planını həyata keçirməyə çalışanların planlarına boyun əyməyərək onlarla mübarizə aparan hər kəsin qəhrəman olduğunu bəyan edib. O deyib ki, həmin gün dövlət çevrilişinin qarşısı məhz Türk xalqının misilsiz qəhrəmanlığı sahəsində alınıb.

FETÖ terror təşkilatının Türkiyədə fəaliyyət prinsiplərini təhlil edən diplomat bildirib ki, onların planlarını həyata keçirmək üçün əsas məqsədi uşaqların etimadını qazanmaqla, öz çirkin niyyətlərini məhz bu vasitə ilə həyata keçirməkdən ibarət olub:

"Bunun nəticəsində bizim gələcək nəslimizi formalaşdıran və müxtəlif bəhanələrlə bu təşkilatın tərkibinə daxil olan uşaqlar çirkin niyyətlərə alət olmuşdular. İyulun 15-də baş verən hadisələrin, daha doğrusu xain dövlət çevrilişi zamanı 250-dən çox vətən övladımız şəhid olub, 2700-ə qədəri ağır yaralanıb. Həmin gecə minlərlə gəncimiz xain düşmənlərin çevriliş planına, onların üzərlərinə gələn tanklara qarşı öz sinələrini sipər etmişdilər. FETÖ ilə mübarizəmiz indi də dünyanın dörd bir tərəfində davam edir. Heş şübhəsiz ki, bu mübarizə uzunmüddətlidir, lakin biz bundan sonra da həmin mübarizəni davam etdirəcəyik".

Səfir həmçinin təəssüflə qeyd edib ki, bir sıra dövlətlər bu təşkilatın mənsublarına sığınacaq verib:

"FETÖ hələ də təsir dairəsində olduğu ölkələrdə əldə etdiyi gəlirləri ölkəmizə və onun rəhbərliyinə qarşı mübarizədə istifadə edir. Onların əsas məqsədi "Düşmənimin düşməni mənim dostumdur" - prinsipini son ana qədər dəstəkləməkdən ibarətdir".

Tədbirdə bildirilib ki, FETÖ terror təşkilatının strukturu barədə geniş məlumat verilib.

Bildirilib ki, FETÖ ierarxik prinsiplə idarə olunur. Dörd ierarxiyadan ibarət təşkilatın əsas prinsipləri itaətsizlik, dövlətin qanunlarına tabe olmamaq, hakimiyyət strukturlarını heçə saymaq və FETÖ-nün prinsiplərinə riayət etməkdən ibarətdir.

Konfransda o da qeyd olunub ki, 2013-cü ildə də Türkiyə Cümhuriyyətinin iqtisadi strukturları vasitəsilə də dövlət çevrilişinə cəhd olsa da, güc strukturlarının çevik müdaxiləsi ilə bu planın da qarşısı qətiyyətlə alınıb.

Bildirilib ki, 15 iyul dövlət çevrilişinə cəhd üzrə ayrı-ayrılıqda istintaqı aparılan cinayət işləri üzrə 750 min nəfər barəsində hüquqi tədbirlər görülüb. Konfrans digər çıxışlarla davam etdirilib.

Qeyd edək ki, konfrans salonunun foyesində 15 iyul 2016-cı il hadisələrini əks etdirən sərgi nümayiş etdirilib.