Baş konsul: FETÖ sadəcə Türkiyəyə deyil, digər ölkələrə də təhdid yaradır

Azərbaycan bu xain çevriliş cəhdinin ilk anlarından etibarən Türkiyə ilə böyük bir birlik və həmrəylik içində olub. Bu gün də Azərbaycanla sadəcə FETÖ terror təşkilatına qarşı deyil, digər terror təşkilatlarına qarşı da güclü bir işbirliyimiz var.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya bu gün keçirilən 15 iyul – Demokratiya və Milli Birlik Gününün 8-ci ildönümü ilə bağlı tədbirdə jurnalistlərə açıqlamasında deyib. O, xatırladıb ki, 15 iyul 2016-cı ildə FETÖ terror təşkilatı Türkiyə dövlətinə qarşı çevrilişə cəhd edib:
"Ancaq ölkə prezidentimiz Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə türk xalqı küçələrə çıxdı və qurumlarımızın da dəstəyi ilə bu xain çevriliş cəhdinin qarşısı alındı. Bu türk xalqının tarixi üçün dönüş nöqtəsi idi. Sonra Türkiyə höküməti FETÖ-çulara qarşı mübarizəyə başladı və mübarizəmiz hələ də davam edir. 700 mindən çox şübhəli haqqında işlər görülüb, 100 minə yaxın istintaq aparılıb, 125 mindən çox şəxs haqqında həbs qərarı verilib. FETÖ sadəcə Türkiyə üçün deyil, mövcud olduğu digər ölkələrdə də təhdid yaradır, çox təhlükəli terror və casusluq şəbəkəsidir. Təəssüf ki, hələ də bəzi ölkələrdə fəaliyyətlərini davam etdirirlər. Amma dövlətimiz dost və qardaş ölkələrin dəstəyi ilə bu mübarizəsini xaricdə də davam etdirir. Bir sıra ölkələrdə onların terror təşkilatı kimi qəbul edilməsinə nail olmuşuq. Qlobal mənada önəmli ölçüdə güc itirsələr də, biz mütləq mübarizəmizi davam etdirəcəyik".

Asip Kaya bir daha Azərbaycan xalqına təşəkkür edərək bildirib ki, Türkiyə və Azərbaycan həmişə çətin anlarda bir-birlərinin yanlarında olub.