MSK bu seçki komissiyaları üçün treninqlərə başlayıb

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) fərqli statuslu seçki iştirakçıları üçün müxtəlif istiqamətlər üzrə maarifləndirmə layihələri intensiv şəkildə davam edir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən verilən xəbərə görə, komissiyanın maarifləndirmə proqramı çərçivəsində ümumrespublika miqyaslı növbəti layihəyə - aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanılıb.

Öncə onu qeyd etmək lazımdır ki, MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı şəraitində 22 il bundan əvvəl - 2002-ci ildə əsası qoyulan treninq layihəsi ilbəil təkmilləşdirilib, xüsusilə 2008-ci ildən sonra yeni forma və məzmun əlavə olunmaqla daha da genişləndirilib. MSK-nın mühüm əhəmiyyət verdiyi və daim məxsusi diqqət yetirdiyi treninqlər, bir qayda olaraq, ölkəmizdə keçirilən bütün seçkilərdə təşkil edilməklə, dairə və məntəqə seçki komissiyaları üzvlərinin məlumatlılığının, bilik və bacarıqlarının, o cümlədən işgüzar və peşəkar vərdişlərinin yüksəldilməsində müstəsna rol oynayır.

Qarşıdan gələn Milli Məclisə seçkilərlə əlaqədar treninqlər MSK-nın maarifləndirmə proqramına əsasən iki mərhələli formatda keçiriləcək. Layihənin “Trenerlər üçün treninq” adlı birinci mərhələsinə avqustun 5-dən start verilib və müxtəlif əyani, metodiki, habelə yardımçı vəsaitlərdən istifadə olunmaqla, tam praktiki məşğələlər şəklində təşkil edilib. Beş gün fasiləsiz keçiriləcək bu treninqlərə ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyasının hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 250 yerli trener cəlb olunur. Treninqlər zamanı iştirakçılara seçki günü məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri müəyyənləşdirilərək rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün prosedurlar barədə aydın və əhatəli məlumat verilir.

Seçki günü prosedurları, səsvermə hərəkətləri və qarşıya çıxa biləcək müstəsna hallar izah edilərkən praktiki məşğələlərə geniş yer verilir, müxtəlif məqamlar əyani şəkildə səhnələşdirilərək təqdim olunur və yaranan suallar yerindəcə cavablandırılır.


Treninq layihəsinin avqustun 12-dən başlanacaq ikinci mərhələsi məntəqə seçki komissiyalarının bütün üzvlərini əhatə etməklə, seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına uyğun olaraq, 3-10 gün davam edəcək. Bu mərhələnin də maksimum effektiv, praktiki və informativ olması üçün treninqlərin MSK-nın Treninq qrupu tərəfindən hazırlanan cədvəl əsasında kiçik qruplarla - təqribən 40 nəfərədək aşağı seçki komissiyası üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulur.

Həm təlimlərdə istifadə etmələri, həm də seçki günü prosedurları ilə yaxından tanış olmaları məqsədilə treninqlərə cəlb edilən bütün iştirakçılar MSK-nın hazırladığı “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələrinə dair protokol nümunəsi, habelə digər əyani və metodiki vəsaitlərlə təmin olunacaqlar.

Treninq layihəsi, ümumilikdə 40 minə yaxın aşağı seçki komissiyası üzvünü əhatə edir.