Novella Cəfəroğlu: Seçki Məcəlləsinə dəyişiklik edilməlidir

YAP kimi digər siyasi partiyalar ödənişsiz efir vaxtından istifadə edə bilmir

“Namizədlər çox gözəl variant tapıb. Seçici ilə əyani şəkildə görüşən namizədlər yüksək səs toplaya biləcəklər”

  “Mənim Səsim” Seçki Monitorinq Koalisiyası növbədənkənar parlament seçkiləri ilə əlaqədar aralıq hesabatını təqdim edib. “Mənim səsim” Seçki Monitorinq Koalisiyası D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyəti, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin və Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin birgə təşəbbüsü ilə yaradılıb. Koalisiyanın işində tanınmış sosioloq Əhməd Qəşəmoğlu və siyasi ekspert Adəm İsmayıl Bakuvi da yaxından iştirak edir. Aralıq hesabat barədə məlumat verən  Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı qeyd edib ki,  Azərbaycan ərazisini əhatə edən 65 seçki dairəsində müşahidələr aparmaq üçün Koalisiya tərəfindən 533 müşahidəçi seçilib. Onlar üçün təlimatlandırıcı “Yaddaş”, üzərində koalisiyanın loqosu əks edilmiş döş nişanları hazırlanıb. Müşahidəçiliklə bağlı təlimləri keçmiş müşahidəçilər arasında qadınlar, gənclər və ziyalılar da var. Qeyd edilib ki, ölkə ərazisində seçki prosesini monitorinqini aparan müşahidəçilər bölgələrdə gedən prosesləri diqqətlə izləyir, məlumatlar toplayırlar. Koalisiyanın yaratdığı İşçi qrup öz növbəsində seçki prosesi ilə bağlı baş verən bütün prosesləri dərindən izləməkdə, müşahidələr aparmaqla, obyektiv və subyektiv cəhətləri ətraflı şəkildə təhlil etməkdədir. "Toplanan məlumatlara əsasən deyə bilərik ki, əhalinin bir hissəsi növbədənkənar parlament seçkilərinin keçirilməsini ölkədə yeni bir mərhələ kimi qiymətləndirir, həmçinin seçkilərə laqeyd münasibət bəsləyənlər də müşahidə edilir. Müşahidəçilərin verdiyi məlumatlara əsasən deyə bilərik ki, respublikanın heç bir yerində imzatoplama prosesində namizədliyini irəli sürən şəxslərə maneçilik törədilməyib. Koalisiya üzvləri ilə görüşlərdə namizədliyini irəli sürən şəxslər tərəfindən bildirilən məlumatlara görə, namizədliklərin qeydə alınmaması əsasən sənədləşmədəki qüsurlarla bağlı olub”. S.Bənənyarlı vurğulayıb ki, bu seçkidə namizədlər arasında qadınların sayı o qədər də yüksək deyil: “Seçkilərdə 25 siyasi partiyadan 459 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, onlardan 305-nin namizədliyi qeydə alınıb. Bundan başqa, Seçki Məcəlləsinə əsasən, 60-dan çox namizədi qeydə alınmış siyasi partiya və partiyaların bloklarına dövlət büdcəsindən maliyyələşən bir sıra media qurumlarında ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılır. Yəni 60-dan çox namizədi qeydə alınmış partiya və onların blokları pulsuz efir imkanından istifadə etməklə təşviqat kampaniyası apara bilər. Hazırda bu imkandan yalnız Yeni Azərbaycan Partiyası (YAP) istifadə edə bilər. Çünki yalnız YAP-ın qeydə alınmış 60-dan çox namizədi var. Digər partiyaların heç birinin qeydə alınmış bu qədər namizədi yoxdur. YAP bundan əvvəlki parlament seçkisində olduğu kimi hazırda da pulsuz efirdən istifadə etmək imkanından imtina edib. Ödənişli efir vaxtının kifayət qədər yüksək qiymətdə olması səbəbindən isə əksər namizədlər bu imkandan yararlana bilmir, lakin sosial şəbəkələrdən geniş istifadə olunur. Namizədlərlə tele-debatların olmaması seçicilərin namizədlərin seçki platformalarının obyektiv dəyərləndirməsinə, müqayisəsinə mənfi təsir edir. 

  Aralıq hesabatla bağlı “Sherg.az”a danışan D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qeyd etdi ki, təbliğat kampaniyasında namizədlərin bərabər imkanlara malik olması üçün Seçki Məcəlləsinə dəyişiklik edilməlidir:
- Sözsüz ki, Secki Məcəlləsində dəyişiklik edilməsinə ehtiyac yaranır. Çünki hazırkı məcəlləyə görə, yalnız qeydə alınmış namizədlərinin sayı 60-dan çox olan siyasi partiyalara ödənişsiz efir vaxtından istifadə hüququ verilir. Bu hüquqdan isə hazırkı şəraitdə yalnız Yeni Azərbaycan Partiyasının istifadə etmək imkanı var. YAP 125 dairədən namizədlər irəli sürüb. Digər partiyaların belə imkanı yoxdur, yetərli sayda namizəd irəli sürə bilmirlər, vəsaitləri olmadığı üçün də ödənişli efir vaxtından yararlana bilmirlər. Bu da onların hüquqlarını məhdudlaşdırır. Tele-debatlarda iştirak edə bilmir, proqramlarını, seçki platformalarını cəmiyyətə çatdıra bilmirlər. Məsələn, növbədənkənar prezident seçkilərində çox  gözəl, maraqlı debatlar keçirilirdi və hər bir namizəd zəruri olan məsələləri qaldırır, geniş icitmaiyyətə müraciət edə bilirdi. Növbədənkənar parlament seçkilərində də belə imkan yaradılmalıydı. Məlumdur ki, seçkilərə cox namizəd qatılıb, zaman məhduddur, vaxt çatdırmaq çətindir, amma qeydə alınmış 60 deyil, sadəcə 25 namizəd şərti olsaydı, əksər namizədlər bu imkandan yararlana bilərdi, efirdə çıxış edərdilər, tele-debatlar təşkil olunardı. 
  
N.Cəfəroğlu bildirdi ki, hazırda namizədlərin əksəryyəti sosial şəbəkələrdən geniş istifadə edir: 
- Onu da deyim ki, əksər partiyalar və namizədlər çox gözəl variant tapıb. Seçicilərlə canlı şəkildə görüşürlər, həyət-həyət, küçə-küçə gəzirlər, özlərini təqdim edirlər. Hesab edirəm ki, bu, efirdə çıxış etməkdən daha yaxşıdır, namizədlərə sərfəlidir. Onlar seçicilərlə əyani şəkildə görüşür, onların problemlərini öyrənir, istəklərini eşidirlər, bu, onlara seçiciyə söz vermək imkanı yaradir. Səs toplamaq üçün bu, daha effektiv üsuldur. Seçici ilə əyani şəkildə görüşən namizədlər yüksək səs toplaya biləcəklər. Çünki seçici öz namizədini tanıyır.  Namizədlər sosial şəbəkələrdə də aktivdir, özləri barədə,  keçirdikləri görüşlərlə bağlı məlumat yayırlar, sərbəst şəkildə reklam oluna bilirlər. Bu da onlara səs qazanmaqda kömək edə bilər.  Fikrimcə, hansı namizəd seçicilərin səsini sonadək qoruya biləcəksə, o da seçiləcək. 
  Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.