ABŞ-nin gizli planı: Bakı Paşinyanın istədiyi sülh sazişinə imza atmayacaq

ABŞ-nin Cənubi Qafqazda mövqelərini gücləndirmək, xüsusilə Orta dəhlizi nəzarətə götürmək planı sirr deyil


  Məlum olduğu kimi, 60-a yaxın amerikalı konqresmen və senator ABŞ hökumətinin Azərbaycana sanksiya tətbiq etməsi üçün Dövlət Departamentinə müraciət edib. Müraciətdə Amerika Birləşmiş Ştatlarının rəhbərliyinə bu ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə qədər Azərbaycanı məsuliyyətə cəlb etməyə çağırış edilib. Həmçinin Azərbaycan ötən il Qarabağı "blokadada saxlamaq"da, "etnik təmizləmə"də ittiham edilir. Ermənilərin Qarabağa təhlükəsiz şəraitdə qayıtmaq hüququnun təmin edilməsinin vacibliyi vurğulanıb. Bununla yanaşı, Azərbaycanı Ermənistan ərazisini "işğal etməkdə" və "müharibə cinayətləri"ndə ittiham ediblər. Vaşinqton Bakını və region ölkələrini Ermənistanın “sülhü kəsişməsi” layihəsini dəstəkləməyə çağırıb. 

  Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, 60 amerikalı qanunvericinin imza atdığı müraciətin iki təşəbbüskarı - konqresmen Frank Pallone və senator Edvard Markidir. Onun sözlərinə görə, Frank Pallone Konqresdə “Erməni məsələləri üzrə qrupun” həmsədridir. Ötən il Qarabağda separatçılara qarşı anti-terror tədbirləri keçirilməsindən sonra “Azərbaycan təcavüzünə qarşı ermənilərə dəstək” aktını hazırlayıb: 

"Pollene 2017-ci ildə Qarabağa qanunsuz səfərinə görə Azərbaycanın “qaraya siyahı”sına salınıb. Edvard Marki sentyabrın 3-də Bostonda erməni icmasının üzvləri ilə görüş keçirib. Görüşdə “Qarabağa hücuma görə Azərbaycan rəsmilərinin məsuliyyətə cəlb edilməsini, “Qarabağ qaçqınlarına” humanitar dəstəyi” müzakirə edilib. O cümlədən, COP29 tədbiri ərəfəsində “etnik erməni siyasi məhbusların azad edilməsi üçün” (separatçılar) Bakıya təzyiqlərin edilməsi istiqamətində atılacaq addımlardan bəhs olunub. Müraciətin təşəbbüskarları və mətni hər şeyi ifadə edir. Erməni diasporu “ermənilərin Qarabağa təhlükəsiz şəraitdə qayıtmaq hüququ” dedikdə Azərbaycan ərazisində separatizm yuvasının yenidən bərpa edilməsini nəzərdə tutur. "Azərbaycan Ermənistan ərazisini işğal edib” dedikdə 44 günlük müharibədən sonra ordumuzun sərhəddə nəzarəti bərpa etdiyi strateji yüksəkliklərdən geri çəkilməsi üçün təzyiqin edilməsi planlaşdırılır. Ermənistanın “sülhün kəsişməsi” layihəsinin dəstəklənməsi Zəngəzur dəhlizi layihəsinin icrasına imkan verməməkdir. “Etnik erməni siyasi məhbuslar” Bakıda həbsdə olan separatçılardır: - Azərbaycanı Ruben Vardanyan, Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və digərlərini sərbəst buraxmağa məcbur etmək istəyirlər. Ermənilərin COP29 ərəfəsində separatçıların azad edilməsi məqsədilə Azərbaycana qarşı kampaniyaya başlayacaqlarının anonsunu daha öncədən vermişdilər. Burada əsas məqamalrdan biri Dövlət Departamentinin prosesin hansı hissəsində rol oynamasıdır. Çünki Prezident İlham Əliyev Cəbrayılda çıxışı zamanı bildirdi ki, “bu müraciət ABŞ Dövlət Departamentində yazılır və özləri özlərinə məktub ünvanlayırlar”. 

  Politoloqun fikrincə, Vaşinqtonun regional planları fonunda belə müaciətlərdə maraqlı olduğu görünür: 
"ABŞ-nin Cənubi Qafqazda mövqelərini gücləndirmək, xüsusilə Orta dəhlizi nəzarətə götürmək planı sirr deyil. Bu planda Bakıdan iki mümkün istəkləri var. Birincisi, Zəngəzur dəhlizindən imtina və Paşinyanın təqdim etdiyi “sülhün kəsişməsi” layihəsinin qəbul edilməsidir: bu, Ermənistanın nəqliyyat dəhlizlərində ciddi pay qazanmasını təmin edəcək və mövqelərini gücləndirəcək, Azərbaycanın mövqelərini zəiflədəcək amildir. İkincisi, COP29-a qədər Paşinyanın istədiyi kimi, sülh sazişi layihəsində razılaşdırılmamış maddələri kənara qoymaq və razılaşdırılan maddələr üzrə müqavilənin imzalanmasıdır. ABŞ bununla “sülhə” nail olmaq və bölgədəki planlarını həyata keçirməyə çalışır. İstisna deyil ki, Dövlət Departamenti “qanunvericilər bizdən Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edir” görüntüsü yaradaraq, bundan öz tələblərinin qəbulu üçün Bakıya təzyiq rıçağı kimi istifadə etməyə çalışır".