Ermənistan Azərbaycanla aparılan danışıqların Kremlin nəzarətinə geri qaytarılmasında maraqlı deyil
Rusiya, Azərbaycan və Ermənistan liderləri Bakı və İrəvan arasında sülh danışıqlarını müzakirə etmək üçün üçtərəfli görüş keçirməyiblər. Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov belə bir görüşün əvvəldən planlaşdırılmadığını bildirib. Xatırladaq ki, Müstəqil Dövlətlər Birliyi (MDB) xarici işlər nazirləri Şurasının sammiti çərçivəsində Azərbaycan XİN başçısı Ceyhun Bayramovla erməni həmkarı Arorat Mirzoyan da görüşməyiblər. Ümumiyyətlə, son aylarda Ermənistan rəsmiləri Azərbaycan nümayəndələri ilə təmaslardan qaçırlar. Bir müddət əvvəl Ermənistan tərəfi Vaşinqtondakı görüş təklifinə də "hə" deməmişdi.
Politoloq Elçin Alıoğlu deyib ki, üçtərəfli görüşün baş tutmamasının səbəbi məlumdur. Onun sözlərinə görə, avqustun 19-da Bakıya səfəri zamanı Putin bəyan etmişdi ki, Rusiya sülh sazişi üzrə danışıqlara, eləcə də Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərinə dair danışıqlara kömək etməyə hazırdır:
"Daha sonra Rusiya prezidenti Ermənistanın baş naziri ilə telefon danışığı apararaq onu Bakıda keçirilən danışıqlar barədə məlumatlandırdı və gözlənildiyi kimi, Moskvada iştirakla prosesin davam etdirilməsini təklif etdi. Lakin bir neçə gündən sonra Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında Putinə Azərbaycan prezidenti ilə ikitərəfli formatda, hətta iki ölkə arasındakı sərhəddə görüşməyə hazır olduğunu bildirdiyini açıqladı. Başqa sözlə, Paşinyan Moskvada MDB qeyri-rəsmi sammiti çərçivəsində Putinlə Əliyevin iştirakı ilə üçtərəfli görüş təklifini rədd etdi. Qeyd etmək lazımdır ki, bu dəfə Ermənistan iki illik fasilədən sonra ilk dəfə MDB sammitində tam tərkibdə iştirak edirdi. Məlum olduğu kimi, İrəvan KTMT-də iştirakını dayandırıb. Son illərdə MDB-dəki fəaliyyətini azaldaraq görüşlərdə nazirlər müavinləri səviyyəsində iştirak edirdi. Lakin indi Paşinyan xarici işlər naziri Ararat Mirzoyanla birlikdə Moskvaya getdi. Müşahidəçilərin fikrincə, Ermənistanın baş naziri Rusiya ilə münasibətlərdə gərginliyi yumşaltmağa çalışır və hazırda Moskva ilə daha ehtiyatlı ritorika nümayiş etdirir".
Analitik əlavə edib ki, Ermənistan Azərbaycanla aparılan danışıqların Kremlin nəzarətinə geri qaytarılmasında maraqlı deyil: "Paşinyan danışıqları Qərb platformalarında davam etdirməyə can atdığını gizlətmir. Lakin son aylarda Brüssel və Vaşinqtonun rolu ya dayandırılıb, ya da minimuma endirilib. Beləliklə, danışıqlar prosesi çıxılmaz vəziyyətə gəlib. İrəvan israrla Moskva platformasından imtina edir, Bakı isə bu prosesdə Qərbin rolundan narazıdır. Bakı başa düşür ki, Ermənistan ya vaxt udmaq, ya da "tam olmayan sülh" əldə etmək üçün Qərbin iştirakı ilə danışıqları uzatmaqda maraqlıdır".