Rusiyanın narahatlığına heç bir əsas yoxdur - ŞƏRH

Türk dövlətlərinin inteqrasiyası heç bir dövlətə qarşı yönəlməyib

  Türk Dövlətləri Təşkilatının və Azərbaycanın Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində oktyabrın 8-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib. Tədbirdə TDT-nin Baş katibi, üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi, həmçinin müxtəlif ölkələrdən dəvət olunan elm adamları iştirak ediblər. Əvvəlcə Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Türk Dövlətləri Təşkilatının fəaliyyətini əks etdirən, həmçinin Şuşa şəhərinə həsr olunan videoçarxlar nümayiş olunub. Açılış nitqi ilə çıxış edən TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ötən həftə Türk Dövlətləri Təşkilatının yaradılması haqqında Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümünün qeyd olunduğunu vurğulayıb. Bildirilib ki, Təşkilata üzv dövlətlər arasında səhiyyə sahəsində ikitərəfli və faydalı əməkdaşlıq mövcuddur: “Bizim səylərimiz çoxtərəfli əməkdaşlığın dərinləşməsinə yönəlib”. Kubanıçbek Omuraliev çıxışında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə sektorunun gələcək inkişafı üçün tədbirin uğurlu və səmərəli olacağına əminliyini ifadə edib. Baş katib müzakirə ediləcək məsələlərin və qəbul olunacaq qərarların yeni aspektdə Təşkilatın gələcək işinə mühüm təkan verəcəyini vurğulanıb: “Səhiyyə sahəsində əməkdaşlığımızda mühüm nailiyyət kimi biz səhiyyə nazirlərinin “Türktransplant sisteminin yaradılmasına dair Niyyət Protokolu”nun imzalanması və “2025-ci il üçün səhiyyə sahəsində əməkdaşlıq üzrə TDT-nin İş qrupunun Fəaliyyət Planı”nın təsdiq edilməsi qərarını alqışlayırıq”. Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin IV iclasının Şuşada keçirilməsinin tarixi və qürurverici hadisə olduğunu vurğulayıb. “Türk dünyasının böyük oğlu və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyib: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur”. TDT-nin üzv ölkələrinin xalqları arasında möhkəm təməllər üzərində qurulan münasibətlərin vacibliyini qeyd edən Teymur Musayev səhiyyə sahəsində də əlaqələrin ən yüksək səviyyədə inkişafına zəmin yaratdığını bildirib: “Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə Prezident İlham Əliyev Təşkilata üzv ölkələrlə bütün sahələrdə əlaqələrin inkişafının Azərbaycanın xarici siyasətinin prioritetləri arasında olduğunu vurğulayıb”. Təşkilata üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, həmçinin Türktransplant sisteminin yaradılmasına dair Azərbaycanın təşəbbüsünü yüksək qiymətləndiriblər. Yekunda Birgə Bəyannamə qəbul olunub. Sənəddə TDT-nin Səhiyyə sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun 2024-cü il üçün Fəaliyyət Planının təsdiqi, habelə Vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi kimi məsələlər öz əksini tapıb. Bundan əlavə, Bəyannamədə Təşkilata üzv və müşahidəçi ölkələrinin milli qanunvericiliyinə uyğun olaraq, TDT çərçivəsində vahid rəqəmsal səhiyyə standartlarının hazırlanması ilə sərhədlərarası pasiyent məlumatlarının mübadiləsinin vacibliyi qeyd edilib. Həmçinin sənəddə “Türktransplant sisteminin təsis edilməsinə dair Niyyət Protokolu”nun, eyni zamanda TDT-nin üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirliklərinin elmi-tədqiqat institutları və mərkəzləri arasında Anlaşma Memorandumlarının imzalanılmasının əhəmiyyəti vurğulanıb.
  Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, türk dövlətlərinin ortaq əlifbasının qəbulu qərarından sonra inteqrasiya yolunda başqa addımlar planlaşdırılıb. Oktyabrın 9-10-da Qırğızıstanın paytaxtı Bişkəkdə türk dövlətlərinin süni intellekt üzrə ilk sammitinin keçirilməsi bu addımlardan biridir

"Sammitin təşəbbüskarı Qırğızıstan Prezidenti Sadır Japarovdur. Sammitdə türk dövlətlərinin bu sahədə aparıcı ekspertləri bir araya gələcək. Sammitdə süni intellekt sahəsində ən son nailiyyətlərin müzakirəsi, təcrübə mübadiləsi olacaq, bu sahədə ortaq strategiyanın konturları müəyyənləşəcək. Toplantının məqsədləri kimi türk dünyasında süni intellektin inkişaf strategiyalarının hazırlanması, innovasiya və texnoloji tərəqqinin təşviqi, elmi-texniki əməkdaşlığın gücləndirilməsi, startaplara investisiyaların cəlb edilməsi göstərilib. Türk dövlətlərinin inteqrasiyası yolunda daha bir addım atılıb. Ankarada sentyabr ayında keçirilən toplantıda Türk dünyasının vahid xəritəsinin yaradılması barədə qərar qəbul edilib. Toplantıda təşkilata üzv və müşahidəçi ölkələrin kartoqrafiya qurumlarının rəhbərləri və üzv ölkələrin hərbi attaşeləri iştirak ediblər".
  E.Şahinoğlu qeyd edib ki, türk dövlətləri bütün sahələrdə əməkdaşlığı genişləndirməyə çalışırlar: "Türk dövlətlərinin inteqrasiyası heç bir dövlətə qarşı yönəlməyib və bu haqda dəfələrlə müxtəlif açıqlamalar verilib. Buna baxmayaraq, Rusiya mətbuatında bu inteqrasiya əleyhinə yazılar yayımlanmaqdadır. Türk xalqlarının qədim vətəninin Altay olduğu bildirilərək türk dünyasının gələcəkdə Rusiya ərazisinə iddiası olacağına eyham vurulub. Məqalələrdə türk dünyasının inteqrasiyasının arxasında Türkiyə-Böyük Britaniya cütlüyü göstərilib. Guya bu cütlük Rusiyanın nə vaxtsa zəifləməsindən istifadə edərək bölgədə Turan ideyasını reallaşdıracaq. Rusiya mətbuatında türk dünyasının vahid xəritəsiylə bağlı toplantıda üzv ölkələrin hərbi attaşelərinin iştirakından yanlış nəticə çıxarılıb. Guya vahid xəritə vasitəsilə bölgənin yolları, infrastukturları, hərbi məntəqələri, körpüləri və hava limanlarının dəqiq koordinatları müəyyənləşdirilərək hərbi planlaşmaya dəstək mahiyyəti daşıyacaq. Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında artan hərbi əməkdaşlıq da Rusiya üçün təhlükə kimi qiymətləndirilib.
Rusiyanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hər biri ilə tərəfdaşlıq münasibətləri mövcuddur. Buna baxmayaraq, Rusiyadakı bəzi dairələr türk dövlətləri arasındakı inteqrasiyanı özü üçün təhlükə kimi qiymətlənidirməkdə davam edir. Rusiya türk dünyasından çəkinməkdənsə, Ukrayna müharibəsini necə bitirəcəyini, o cümlədən ABŞ və Fransa hərbçilərini Ermənistanda yerləşdirilməsinin qarşısını necə alacağı barədə düşünsün".